​“Qanunlarla bağlı bəzi dəyişikliklər olmalıdır” - Nazir müavini+Yenilənib

qanunlarla-bagli-bezi-deyisiklikler-olmalidir
Oxunma sayı: 2854

“Dünyada tibbi tullantıların idarə olunması sahəsinə diqqət artıb”​. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Nadir Zeynalov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.

“Bizim ölkəmizdə tibbi tullantıların idarə olunması sahəsində həqiqətən problemlər mövcuddur. Bu problemlərin aradan qaldırılması üçün iki nazirlik - Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında birgə İşçi Qrupu yaradılıb. İndiyədək İşçi qrupunun 2 iclası keçirilib, 37 tibb müəssisəsində monitorinqlər aparılıb. Bundan əlavə, qanunlarla bağlı bəzi dəyişikliklər olmalıdır. Ümumi maariflənməyə ehtiyac var. İlk başda tibb müəssisələrində tullantıların çeşidlənməsində problemlər var.  Bununla bağlı tibb işçiləri təlimlərə cəlb olunacaq” ,- deyə nazir müavini vurğulayıb.

***

Nadir Zeynalovun sözlərinə görə, təhlükəli tullantıların təkrar istifadəsi üçün imkanlar məhduddur: “Yeni cihazların bəziləri tibbi tullantıları çınqıla bənzər formaya gətirir. Qalıqdan yol tikintisi, binaların inşası zamanı istifadə etmək mümkündür.

Tibbi tullantıların idarəolunması ilə bağlı hazırlanan yeni tələblər layihəsində mümkün olan təkrar istifadə məsələsi nəzərə alınıb. İşçi qrupunun keçirdiyi monitorinqlər cərimələrlə nəticələnmir. Bu sırf monitorinqdir, yoxlama deyil. Monitorinqlər ona görə lazımdır ki, biz məlumat toplaya bilək, analiz edək. 

Tibbi tullantıların hesabatlılığı çəki ilə gedir. Bizdəki qaydalara görə tullantıların tariflərinin ölçülməsi kubladır. Burda da çətinlik yaranır. Nəzərə alaq ki, tullantının daxilində karton olsa yüngül, bərk maddələr olsa ağır olacaq. Ona görə də bir kuba görə ödənilən 80 manat əslində neçə kq təşkil edir və xəstəxananın bu tullantılardan azad olmasına kömək etməsi sualdır. Bunun üzərində çalışırıq, İşçi qrupu da bu istiqamətdə təklif verəcək. apardığımız monitorinq və tətbiq edilən praktikada xəstəxanada tərəzilər qoyulur, tibbi tullantıların hesabatlılığı kiloqramla aparılmasına imkan verir”.

Zaur Mirzə