Qara kürünün dadına həsrət Azərbaycan - Araşdırma

qara-kurunun-dadina-hesret-azerbaycan-arasdirma-
Oxunma sayı: 12481



Kimə sual versəm ki, qara kürünün və ümumiyyətlə kürünün dadını bilirsən? Yəqin ki, çoxunun cavabı üzağardan olmayacaq. Ancaq toydan-toya süfrələrdə balıq kürüsünü görürük, o da necə gəlib, haradan alınıb biləni yoxdur. Özü də kürünü süfrədə elə qoyurlar ki, çörəkdən qabaq boşqaba yaxırlar. Səbəbi də odur ki, kürü delikatesdir, baha və tapılmayandır.
Xəzərin sahilində yaşadığımıza baxmayaraq kürü həmişə əlçatmaz qidamız olub. Azərbaycanda istehsal olunan kürü özümüzdən çox xaricilərin süfrəsinin bəzəyi, mədəsinin “qonağı” olub, bizimsə ağzımız açıq qalıb, bacarıqlı olanı tapıb yeyib, olmayanı isə bugünki kimi həsrət qalıb. İndi çoxu balıq kürüsündən çox badımcan kürüsünü sevir.

Qiymətdən düşməyən qara kürü...


Qara kürünün tarixi haqqında müxtəlif fikirlər söylənilir. Onlardan ən tutarlısı 1240-cı ilə aiddir. Qızıl Orda dövlətinin xanı Batı xanın zamanında bildiyimiz kürü “khavyar” adı ilə balıqlardan əldə olunardu, süfrəyə verilərdi. Elə indi də qara kürünün adı Avropa bazarında “caviar” adı ilə satılır. Qara kürü ötən əsrin əvvəllərində Fransa restoranlarında ən maraqlı və bahalı qida sayılırdı. Rus çarı İvan Qroznının stolunda, xüsusən bayramlarda qara kürü süfrədən kəm olmazdı. Çarli Çaplin kürüsevən biri kimi tanınırmış. Hətta onun qonararını bir neçə kiloluq kürü ilə ödəyirlərmiş. Dünyada ən böyük kürü alveri müğənni Corc Benson tərəfindən olunub. Məşhur müğənni 50 illik yubileyinə təşkil olunmuş ziyafətə aldığı 3 tonluq qara kürüyə 3 million dollar pul ödəyib.
Balıq kürüsü arasında ən qiymətlisi qara olanıdır ki, bu da nərə balığından alınır. Xüsusən, yaşlı nərə balığının(bölgə növünün) kürüsü daha xeyirli olduğundan baha qiymətə satılır. Bir nərə bir dəfə üçün 5-6 kq kürü verməyə qadirdir. Nərəkimilərin (kürünün) 85%-i Xəzərdədir. İndi bu balıqlar haqqında ürəkaçan, xoş sözlər demək olmaz. Son 15 ildə dənizdə bu balıq növünün 35,5 dəfə azaldığı bildirilir. Deməli, balığın azalması kürünün da istehsalına mənfi təsrini göstərir.

Qara kürü bu gün də dünya bazarında qiymətli sayılan məhsullardan biridir. Vaxtiylə Sovet İttifaqı dövründə qara kürünün istehsalçılarından biri də Xəzəryanı ölkə olan biz idik. Bu səbəbdən istehsalı gücləndirmək, nərə balığının süni artırılması məqsədiylə 1954-cü ildə Neftçalada ilk Balıqartırma zavodu tikildi. Bu günsə bu balıqartırma zavodlarının sayı 9-a( ETSN-nın rəsmi saytına istinadən) çatdırılıb. Daha iki balıqartırma təsərüffatı, bir də Dəvəçi Balıq məntəqəsi fəaliyyət göstərir. Balığın 90%-i zavodlardan alınır. Başqa sözlə, “akvakultura” və ya “broyler balığı” yetişdirmək sənayesi genişlənib. Rəsmi statistikaya əsasən, zavodlardan hər il Xəzərə 15-16 milyon nərə balığı buraxılır. Nərəkimilərin nəslinin kəsilməsi təhlükəsi yenə də qüvvədədir. 2004-cü ildə ABŞ-ın Canlı Təbiət və Balıqların Mühafizəsi Xidməti nərəkimiləri xüsusi siyahıya salıb, onların ovlanmasından çox mühafizəsi və artırılmasını tövsiyyə edib. Mütəxəsislərin fikrincə, qara kürü mənbəyi olan nərəkimilərin azalmasında vaxtiylə Kür, Araz çaylarında çəkilən bəndlərin də rolu olub. Çayların istiqamətinin dəyişdirilməsi balıqların kürüləməsinə pis təsirini göstərib. Hazırda nərə balığının ovlanmasına qadağa( moratorium) qoyulub. Bu qadağa 2010-cu ildə Xəzəryanı ölkələrin birgə toplantısında qərara alınıb, ənənəvi kvotalar ləğv edilib, 2011-ci ildə isə nərəkimilərin ovlanmasına yalnız elmi-tədqiqat məqsədiylə icazə verilir. Eləcə də balıqartırma zavodları da xüsusi nəzarət çərçivəsində nərəkimiləri ovlaya bilərlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su hövzəsində bioresusların artırılması və mühafizəsi departamentinin rəhbəri, eləcə də eyni adlı komissiyanın daimi üzvi Tariyel Məmmədlinin “Qafqazinfo”ya verdiyi məlumata görə, bu yaxında Xəzəryanı ölkə nümayəndələrinin yenidən keçirilən iclasında bu məsələ ciddiliyini qoruyub. Mütəxəsisin sözlərinə görə, nərəkimilərin ovlanmasına qoyulan qadağa artıq beş ölkə komisiyaları tərəfindən təsdiqlənib. “Növbəti dəfə Rusiyada keçiriləcək 34-cü islasda isə dövlət rəhbərlərinin iştirakı ilə yekun sənəd, saziş layihənin təsdiqlənəcəyi nəzərdə tutulur. Kiçik detalların da həlli ilə məsələ qanun şəkildə qüvvəyə minəcək. Kürü istehsalına gəldikdə isə artıq üç ildir ki, ölkədə kürü istehsalına qadağa qoyulub. Əgər kürü istehsalı və satışı varsa buna artıq biz yox xüsusi dövlət qurumları nəzarət etməlidirlər.”

Qeyd edək ki, 1993-1998-ci illərdə Azərbaycanda kürü ixracıkvotası 8 tondan çox olduğu halda, 2000-ci ildən sonra 1200 kq-ı keçməyib. 2006-cı ildə CİTES(BMT-nin nəsli kəsilməkdə olan flora və fauna növlərinin ticarəti üzrə Beynəlxalq Konvensiyası) yalnız İrana Xəzərdə nərə ovlaması üçün kvota vermişdi.

Qadağa hara, qanunsuz istehsal, satış hara?

Vaxtiylə qara kürünün ölkədən ixracı zamanında adi vətəndaş üçün də xüsusi qayda tətbiq olunurdu. 2001-ci ildə Nazirlər Kabinetinin qərarı qüvvəyə mindi. “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirilməsi Qaydaları”na əsasən fiziki şəxslər 125 qrama qədər balıq kürüsünü ölkədən kənara çıxara bilərdilər. Amma bu on il əvvəlki qərar hazırda gücünü qorumur, çünki ölkədə kürü istehsalı qadağan olunub.
İndi Azərbaycanda nərənin ovlanması, kürünün istehsalı və satışının qadağa olunması yalnız vərəq üzərindədir. Rəsmi nümüyəndələr bunu desələr də, yerli bazar, reallıq başqa dildən danışır. Bu gün restoranların menyusunda nərə balığı və qara kürü varsa deməli, nəzarətdə nasazlıq var.
Ən əvvəl hazırda qara kürünün bir kiloqramı1000-1500 manatdır ki, bunu da sadə vətəndaş heç alıb yeyə bilməz. Yəni belə insanlar üçün qanunsuz satışın, alışın fərqi də yoxdur. Bu rəqəm uydurma deyil, hətta xalis azduzlu bölgə nərəsinin kürüsünün lap baha olmasını da deyirlər. Əvvəlcə yerli bazara baxaq.
Bazarlarda balıq satışı ilə məşğul olan şəxslər gizlicə kürü satışını həyata keçirirlər. Bunun üçün sifariş vermək, az qala pasport qoymaq lazımdır ki, qara kürü əldə olunsun. Kilosu da deyilən rəqəm arasındadır. İri marketlərdə də qara və ya qırmızı kürünü görmək olar. Amma 100, 130, 150 qramlıq çəkilərdə qablaşdırılmış kürülər əsasən Rusiyanın istehsalıdır ki, onlar arasında süni, sintetik hesab edilən kürü də var. Bu artıq məhsula qoyulmuş qiymətdə də özünü göstərir. 100 qramlıq kürü 1 manat 80 qəpikdən başlayaraq üzüyuxarı qalxmağa başlayır. Həmin məhsulların sertifikatının olması məsələsi isə həmişəki kimi sual altında qalır. Bundan başqa internetdə balıq və kürü təklif edən şirkətlərlə əlaqə saxlayanda məlum olur ki, yenə məhsullar Rusiyaya məxsusdur. Qiymət 100-134 manat (100 qramı)arasında dəyişir.

Bu arada qeyd edim ki, ölkənin ən böyük balıq məhsulları istehsal edən şirkəti “Caspian Fish”in rəsmi internet saytında da kürü növlərini görmək olar. Şirkət ölkədə kürə istehsalı qadağan olunsa da, öz səhifəsində bölgə, ağ balıq, uzunburun balıqlarının kürüsünü təqdim edir, eləcə də orada kürünün emalını əyani göstərən videorolik də yerləşdirilib. Maraq üçün, alıcı qismində kürü qiymətini öyrənmək istədim. Şirkətin satış şöbəsindən dedilər ki, kürünün qiymətinin telefon vasitəsiylə deyilməsinə rəhbərlik icazə vermir. Yalnız Səməd Vurğun küçəsində yerləşən şirkətin öz mağazasına yaxınlaşaraq qiyməti öyrənmək olar. Eləcə də “Caspian fish” istehsal etdiyi kürü məhsullarını yerli iri marketlərdə də satdırır. Amma şirkətin öz mağazasında, adı çəkilən marketlərdə də şirkət kürüsünü tapmaq mümkün olmadı. Dedilər ki, hərdən gətirilir.
Kürü bazarındakı naməlum, əcaib vəziyyətə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da aydınlıq gətirdi. Mütəxəsis qara kürünün Avropa İttifaqının ən qiymətli məhsulu sırasında olduğunu bir daha qeyd etdi. Eyyub müəllim əlavə etdi: “Bir kilosu 1000-1200 manat olan qara kürünün istehsalı qadağandır. Amma yerli bazarda daha çox süni hazırlanmış kürü satılır. Bu kürünü daha çox şadlıq evləri alırlar. Təxminən kilosu 50 manatdır. Bir müddət əvvəl süni kürü istehsal edən “Bəhlul-B”müəsisəsindən şikayət vardı. Onlar istehsal etdiyi kürünü üzərində nərə şəkilli etiketlərlə satırdılar. Bizim səyimiz nəticəsində nərə şəklini yığışdırdılar. Çünki alıcı aldanırdı, süni hazırlanmış kürü içində nərədən əsər-əlamət yox idi. Süni kürü balıq yağı(bəzən filesi də), süni rəng, zülallardan hazırlanır. Ölkəyə gələn xarici qonaqlar da bəzən süni kürünü təbii ad ilə alırlar, elə bilirlər ki, bizdə ucuzdur. Xatırlayırsızsa, bir neçə il əvvəl yükdaşıyan təyyarə havada uçan zaman səriştəsizlik üzündən 7 ton kürü göydən yerə buraxıldı. Xəzəryanı ölkə olsaq da bütün dövrlərdə süfrəmiz qara kürüyə həsrət qalıb.” Ekspert nərə balığının qanunsuz ovlanmasının bu gün də davam etdiyini bildirir. “Xaçmaz-Bakı yolunda körpə nərə balıqlarını ovlayan balıqçılara rast gəlmək mümkündür, brokanyerlərə nəzarət yox səviyyəsindədir.”
Həqiqətən də, Su nəqliyyatı Polisi xidməti fəliyyət göstərsə də, balıq oğurluğu və qanunsuz ovla məşğul olanlar öz işindədir. Bunu asanlıqla əldə olunan nərə balığından bilmək olar. Halbuki, qanuna görə iki nərə balığı ovlayan şəxs artıq cinayət məsuliyyəti daşıyır. Bir nərətutan şəxs dövlətə 220 manat maddi ziyan vurur. Yəqin ki, qanunsuz ovun baş alıb getdiyini nəzərə alsaq, bu maddi ziyanın böyük rəqəm olacağını təxmin etmək olar. Ekoloq Elçin müəllimin fikrincə, nərəkimilərin nəslinin kəsilməsinin qarşısını almaq üçün dövlətlərin dəfələrlə görüşüb sənəd hazırlaması mənasızdır. “Əsas iş balıqların mühafizəsi və brokanyerliklə mübarizə olmalıdır. Balıqartırma zavodlarının işi isə xüsusi nəzarətlə həyat keçirilməli, lazımı orqanlar vaxtında reydlər keçirməlidir. Əğər bu gün kürü biznesi gizli aparılırsa, nərə satışı bəzən açıq gedirsə bu vəziyyətin nəzarətsizliyindən xəbər verir.”

Balıq bazarından əldə olunan bir məlumat da maraq doğurur. Deməli, restoranlara bəzən nərə kimi təqdim olunan balıqların çoxu əslində Vyetnamdan gətirilən-massika, Rusiyanın Xabarovsk, Arxangelsk vilayətlərindən alınan lasos adlı balıqlardır. Bu balıqlar görünüşünə və sivri burnuna görə nərə balığını xatırladır. Bir sözlə, balıq və kürü bazarı digər məhsullar kimi fırıldaq və yalanla işləyir. Lap nəzarət məsələsində olduğu kimi.

Yeməsək də, faydasını bilək

Kürünün tərkibində insan orqanizmi üçün gərəkli olan mikroelementlər, vitaminlər var. Qara kürü daha zəngin olduğundan, bahalıdır. Kürüdə E, A vitaminləriylə yanaşı fosfor, dəmir, kalsiyum da var ki, bu da insanın zehninin güclənməsinə, enerjili olmasına səbəb olur. Kürü görmə qabiliyyətinin də bərpa olmasına səbəb olur, zəifliyi aradan qaldırır. Həmçinin kürü ilə qidalanmaqla cinsi zəifliyi olan insanlar da müalicə olunurlar.
Deyəsən, mövcud olmayan, əlimiz çatmayanı tərif etməyin də mənası yoxdur. Amma pulu olan üçün imkansızı əldə etmək problem deyil.

Maraqlı bir məlumatı da qeyd edim. Ötən il Rusiyada dünya üzrə ilk sayılan qara kürü yemə yarışı keçirilib. Üç dəqiqədə yarım kiloqram qara kürünü “aşıran” Aleksandr Valov qalib gəlib. Belə baxanda, bizimkilər üç dəqiqə nədir, heç üç ildə yarım kilo kürünü tapıb, ya da alıb yeyə bilmir. Nə istehsalı qadağasız, nə də qadağalı olan vaxtlarında. Halbuki, mütəxəsislər hər insanın il ərzində 18-20 kq balıq əti, 150-200 qram balıq kürüsü yeməyini məsləhət görürlər. Əlbəttə ki, söhbət normal insandan gedir.



P.S.
Məqalədə Azərbaycanın qara kürüyə həsrət olması qeyd olunur. Sözsüz, bu sadə vətəndaşların Azərbaycanından gedir. Sadə olmayanların süfrəsi də özləri kimi mürəkkəb olur. Süfrəsində kürüsü də olur, adını bilmədiyimiz başqa təamlar da.

Raminə Eyvazqızı