“Məqsədimiz istehlakçıları keyfiyyətli məhsullarla təmin etməkdir” - Rəşad İbrahimov

meqsedimiz-istehlakcilari-keyfiyyetli-mehsullarla-temin-etmekdir
Oxunma sayı: 1241

“Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov AZƏRTAC-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bu il “Araz” supermarketlər şəbəkəsinin yaranmasından 13 il ötür. Bu illəri necə xarakterizə edə bilərsiniz?

- “Araz” supermarketlər şəbəkəsi olaraq daim yenilənir, dövrün tələblərinə uyğunlaşır və əhatə dairəmizi genişləndiririk. 13 ildə bizim üçün bir çox əlamətdar hadisə və uğurlarla yadda qalıb. Əsas prioritetimiz əlbəttə ki, müştərilərimizin məmnuniyyət və rəğbətini qazanmaq, onları keyfiyyətli qida və qeyri-qida məhsulları ilə təmin etmək, həmçinin yüksək səviyyəli xidmət göstərməkdir. Bu illər ərzində 400-dən çox mağazamız fəaliyyətə başladı. Lakin əlbəttə ki, bizim üçün ən önəmli və əlamətdar hadisə doğma Qarabağımızda fəaliyyətə başlamağımız oldu. Əvvəlcə Şuşada, sonra isə Laçın və Xankəndi şəhərlərində “Araz” filiallarının açılışını etdik ki, bu, bizim üçün tariximizdə ən gözəl, unudulmaz hadisəyə çevrildi.

- Bildirdiniz ki, zamanın tələblərinə uyğunlaşmaq əsas hədəflərinizdən biridir. Hazırda qlobal pərakəndə ticarət şəbəkələri rəqəmsallaşma istiqamətində çox ciddi yatırımlar edirlər. Bəs “Araz” bu istiqamətdə hansı işlər görür?

- Bəli, qeyd etdiyiniz kimi son illər müasir dünyada bizneslər qarşısında qoyulan əsas hədəflərdən biri də rəqəmsallaşmadır. Burada məqsəd şirkətin rəqabətə davamlılığını artırmaq, biznes proseslərinin effektivliyinə nail olmaqdır. Biz də ötən il bu istiqamətdə ciddi işlər həyata keçirdik, biznes proseslərinin həllərini ehtiva edən SAP S/4HANA sisteminə keçdik. Bu sistem qlobal bazarda geniş istifadə edilən, unikal platformalardan biridir və müəssisə resurslarının planlaşdırılması üzrə dünya lideridir. SAP yalnız rəqəmsallaşma deyil, həm də dayanıqlı inkişaf, şəffaflıq, əməkdaşlar və müştərilər üçün dəyər yaratmaq deməkdir. Onu da deyim ki, ötən il Azərbaycanda SAP-a uğurlu keçid edən azsaylı şirkətlərdən biri olaraq Beynəlxalq SAP tərəfindən mükafata layiq görülmüşük.

- Bir müştəri kimi deyim ki, diqqətimi çəkən əsas məqamlardan biri “Araz”ın hər zaman təzə meyvə-tərəvəzi ilə seçilməsidir. Yerli fermərlər də bildirir ki, sizinlə sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq hansı istiqamətdədir?

- Bu tamamilə doğru müşahidədir. Biz çalışırıq ki, müştərilərimizə hər zaman təzə və təravətli meyvə-tərəvəz təqdim edək. Bu məqsədlə “Tarladan rəfə” strategiyası çərçivəsində yerli fermerlərlə sıx əməkdaşlıq edirik. Əlbəttə burada digər məqsədimiz yerli fermerlərimizi dəstəkləmək, onların bazara çıxış imkanlarını asanlaşdırmaqdır. Biz yerindəcə sahələrdə məhsulu fermerlərdən alır və mağazalarımıza çatdırırıq. Veysəloğlu Şirkətlər Qrupu tərəfindən təkcə ötən il 113 tədarükçüdən 57 milyon manat dəyərində, 52 milyon kiloqramdan çox məhsul alınıb və böyük hissəsi “Araz” mağazalarında istehlakçılara təqdim olunub.

Təzə meyvə-tərəvəzlə yanaşı, “Araz” həmçinin təzə ət satışını da həyata keçirir. Biz fermerlərlə bu istiqamətdə də sıx əməkdaşlar edirik və ötən il çox ciddi yeniliklərə imza atmışıq. Heyvanlar qida təhlükəsizliyi tələblərinə uyğun, gigiyenik qaydalara əməl edilməklə, baytar nəzarəti altında kəsilir, yalnız laborator analizlərdən keçən ətlər soyuq zəncir qorunmaqla mağazalarımıza çatdırılır və satışa təqdim edilir. Müştərilərimizi təzə və keyfiyyətli ət və ət məhsulları ilə təmin etmək hazırda əsas prioritetlərimizdən biridir və bu istiqamətdə işləri tam sürətlə davam etdiririk.

- Təzə ət və meyvə-tərəvəzlə yanaşı, mağazalarda un və un məmulatları da təqdim olunur. “Araz” mağazalarında isti təndir çörəyi, un məmulatları bişirilir və yerindəcə müştəriyə verilir. Bununla bağlı daha hansı yenilikləriniz gözlənilir?

- Qeyd etdiyiniz kimi, “Araz” mağazalarında şirniyyat, çörək və digər un məmulatları bişirilir və isti-isti təqdim edilir. Bu məhsullar isə Qafqazın ən böyük istehsalat müəssisələrindən biri olan “Xonça” fabrikində hazırlanır. Fabrik “Araz”a məxsusdur və yüksək gigiyenik tələblər, texniki standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunub. İl ərzində 8,000 tona yaxın məhsul istehsal edilən fabrikdə 200-dən çox şirniyyat növü və un məmulatları hazırlanır. Un məmulatlarının hazırlanmasında ən əsas göstəricilərdən olan təmizlik və gigiyenanı təmin etmək məqsədilə “Xonça” məhsulları “Araz” və “Spar” marketlərində donmuş formada saxlanılır və satılır. Bu məhsullar hazırda müştərilərimiz tərəfindən böyük rəğbətlə qarşılanır.

- Rəşad müəllim, müştəriyönümlü layihələr reallaşdırmaqla yanaşı, “Araz” həm də böyük işəgötürəndir və çoxsaylı insan üçün iş yeridir. Rəhbərlik etdiyiniz qurum əhalinin məşğulluğu istiqamətində hansı işləri görür?

- Şirkətimiz 11 000-dən artıq şəxsin iş yeridir. Bununla biz həm də əhalinin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərə ciddi dəstək göstəririk. Xüsusilə gənclər üçün yeni iş imkanlarının yaradılmasına öz töhfəmizi verməyə çalışırıq. Ötən il “Araz” 5 minə yaxın gənci işlə təmin edib. Hazırda “Araz”da çalışanların 50 faizdən çoxunu gənclər təşkil edir. “Araz”ın Dövlət Məşğulluq Agentliyi ilə birgə həyata keçirdiyi layihələr çərçivəsində işsiz və işaxtaran şəxslər əvvəlcə təlimlərə cəlb edilir, daha sonra şirkətimizdə müxtəlif vakansiyalar üzrə işlə təmin olunurlar. Hazırda “Araz”da 300-ə yaxın gənc mütəxəssis heyətində təmsil olunur. Rəhbər vəzifələrdə çalışanların isə 20 faizi gənclərdən ibarətdir. Bu o deməkdir ki, “Araz” gənclərin peşəkar və fərdi inkişafına, eləcə də öyrəndikləri nəzəri biliklərin real iş şəraitində tətbiqinə imkan yaradaraq müasir əmək bazarının tələblərinə uyğun gənc kadrlar yetişdirir.

- İri sahibkarlıq subyektlərindən biri olaraq “Araz” supermarketlər şəbəkəsi mikro və kiçik sahibkarlar ilə necə əməkdaşlıq edir? Onların dəstəklənməsi və yerli istehsalın artımına hansı formada töhfə verir?

- “Araz” bu istiqamətdə şəxsi marka məhsullarının satışını həyata keçirir ki, bu da mikro və kiçik sahibkarların dəstəklənməsində mühüm töhfə deməkdir. Hazırda “Araz”da qida və qeyri-qida olmaqla 25 kateqoriya üzrə 27 özəl markaya məxsus məhsul satılır. Bununla da biz Azərbaycan alıcısını yerli və keyfiyyətli məhsullarla təmin edərək ölkədə istehsal olunan məhsulların alışını təşviq edirik. Həmçinin kiçik sahibkarlarla əməkdaşlıq etməklə ilk növbədə aşağı büdcəli olan və bu səbəbdən öz brendini inkişaf etdirə bilməyən və ya istehsal imkanları məhdud sahibkarlara dəstək oluruq. Onlara ilkin biliklərin öyrədilməsindən başlayaraq reklam, tanıdılma və satışın təmin olunmasına qədər bütün mərhələlərdə dəstək göstəririk. Bununla da yerli istehsalı və onun inkişafını dəstəkləyir, rəqabət mühitinin formalaşmasına şərait yaradaraq istehlakçıya uyğun qiymətə müxtəlif çeşiddə və növdə məhsullar təqdim edirik.

- “Araz”ın iqtisadiyyata qatdığı dəyərlərdən danışmışkən bir sıra Avropa brendi var ki, rəhbərlik etdiyiniz şirkət həmin brendləri alıcılar üçün əlçatan edib. Bu özü də yerli iqtisadiyyata dəyər qatmaq deməkdir.

- Bəli, bizim məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir. Buna görə də Almaniyanın “Rossmann” brendini ölkəmizə gətirmişik. Həmin brendin məhsullarını “Araz” supermarketlər şəbəkəsi, eləcə də müstəqil mağazalarda müştərilərə təqdim edirik. Bildiyiniz kimi biz 2015-ci ildən Avropanın aparıcı brendlərindən biri olan “Spar”la da əməkdaşlığa başlamışıq. Şirkətimiz bu şəbəkənin françayzinq hüququna malik olmaqla yerli sahibkarlar üçün yeni biznes imkanları yaradır. Belə ki, biznes fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlar “Spar”ı seçərsə, “Araz”ın təcrübəli mütəxəssisləri tərəfindən onlara biznes planın hazırlamasından mağaza açılışına qədər bütün mərhələlərdə dəstək göstərilir. Bununla da bir-birinə bağlı olmayan, müxtəlif sahibkarlara məxsus pərakəndə mağazalar birləşərək böyük təcrübə və alış gücündən yararlanmaqla məhsulları daha uyğun qiymət, sərfəli şərtlərlə təqdim edir. “Spar” kimi beynəlxalq şəbəkə brendinin Azərbaycanda fəaliyyəti ölkə iqtisadiyyatında dəyər yaradır.

Ümumiyyətlə qeyd etdiklərimiz bizim fəaliyyətimizin sadəcə bir hissəsidir. Güclü və əzmkar komandamız ilə qarşıya qoyduğumuz hədəflər böyükdür və bu hədəflərə çatmaq üçün də yorulmadan çalışmağa davam edirik.

- İşlərinizdə uğurlar!