2018-ci ildə vəzifədə Serj Sarkisyanı əvəzləyən Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bir sıra kadr islahatları həyata keçirməyə başlayıb. Paşinyanın xüsusilə müdafiə nazirlərini tez-tez vəzifədən azad etməsi bu islahatlar içərisində ən diqqət çəkən məqamlardan hesab oluna bilər. Belə ki, Paşinyanın hakimiyyətdə olduğu üç il ərzində artıq Ermənistanda dörd müdafiə naziri işdən çıxarılıb.
Müdafiə naziri postu vəzifəsini ən uzun müddətə icra edən ilk nazir isə David Tonoyan olub.

Belə ki, Tonoyan 2018-2020-ci illərdə vəzifədə olub. O, Vətən Müharibəsindəki uğursuzluqlarına görə 2020-ci ilin noyabrında Paşinyan tərəfindən vəzifəsindən azad edilib. Hazırda həbsdə olan Tonayan dövlət vəsaitlərini mənimsəməkdə və Müdafiə Nazirliyinə yararsız aviasiya raketləri almaqda ittiham edilir. Tonoyan özü də mətbuata açıqlamasında müharibə zamanı Baş nazir-Müdafiə Nazirliyi-Baş Qərargah üçlüyü arasında yaranan maneələri aradan götürə bilmədiyini etiraf edib.
Tonoyandan sonra vəzifəyə təyin edilən Vaqarşak Arutyunyan 2020-ci ilin noyabrından - 2021-ci ilin iyul ayına qədər sözügedən vəzifəni icra edib.

Arutyunyan müharibədə məğlubiyyətdən sonra nazir təyin edilib. Ekspertlərin fikrincə, Arutyunyan ilk növbədə, məğlubiyyətə şərik çıxaraq qiyamçı Baş Qərargah rəisi Onik Qasparyanın kreslosunu boşaltmaqda Paşinyana yardım edib və bununla da ölkədə hərbi çevrilişin qarşısını alıb.
Müharibədən sonra Azərbaycan Ermənistanla sərhədə nəzarəti daha da gücləndirib. V.Arutyunyan bir sıra mühüm məsələlərdə uğursuzluqlar göstərib. Ona görə də bu ilin iyulunda istefaya üstünlük verərək vəzifəsindən azad edilib.
Arutyunyandan sonra müdafiə naziri vəzifəsini Arşak Karapetyan 2021-ci ilin avqust ayından noyabrın 15-nə kimi icra edib.

Karapetyan aprel döyüşlərindən sonra Serj Sarkisyanın əmri ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən yol verilən nöqsanlara görə azad edilmişdi. Onun vəzifədən azad edilməsinin səbəbi Aprel döyüşlərində Karapetyanın rəhbərlik etdiyi kəşfiyyat idarəsi vəzifələrini yerinə yetirməkdə səhlənkarlığa yol verməsi olub.
Nəticədə, Ermənistan tərəfi 2016-cı ildə Aprel döyüşləri ilə bağlı kifayət qədər məlumat əldə edə bilməyib. Karapetyan həm də sabiq prezident Robert Koçaryana qarşı ifadə verən yeganə şəxs də hesab olunur. Məhz bu məsələyə görə Paşinyanın onu özünə məsləhətçi təyin etdiyi də qeyd olunur.
Bu gün isə Arşak Karapetyan Paşinyanın təklifi əsasında prezident Armen Sarkisyan tərəfindən vəzifəsindən azad edilir. Paşinyan da öz çıxışında bunun səbəbini dünəndən baş verən hadisələrlə əlaqələndirir.
Qeyd edək ki, son həftələr Karapetyan müdafiə naziri postunda yalnız təxribatçı addımlar atmaqla məşğul olub. O, noyabrın 9-da erməni silahlı qüvvələrinin Qaragöl yaxınlığındakı təxribatlar törətməsinə cavabdeh olan şəxs hesab edilir. Belə ki, bundan əvvəlki öz uğursuz sələflərindən nə iləsə fərqlənməyə çalışan Karapetyan silahlı qüvvələrin şəxsi heyətinə Qaragöl ətrafında, Azərbaycan - Ermənistan dövlət sərhədi yaxınlığında daha əlverişli mövqelər tutmaq barədə tapşırıq verib. O, iki yük avtomobilində atıcı silahlar və müvafiq sursatlarla təchiz edilmiş 60-dək erməni hərbçinin dövlət sərhədi istiqamətində hərəkət etməsinə dair sənədi şəxsən imzalayıb.
Bundan əlavə, Karapetyan bir neçə gün əvvəl Qarabağa qanunsuz səfər edib. Onun qanunsuz səfəri ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyi də Ermənistana sərt xəbərdarlıq edib. Xəbərdarlıqda Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribat kimi qiymətləndirilib.
Bundan əlavə, ötən həftəsonu erməni terrorçu Norayr Mirzoyan Şuşada Azərbaycan və rusiyalı hərbçilərin olduğu posta qumbara atıb. Noyabrın 13-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.
Beləliklə, son baş verən gərginliklər Karapetyanın öz postunu tərk etməsi ilə nəticələnib.
Qeyd edək ki, Ermənistanın hərbi rəhbərliyi 44 günlük 2-ci Qarabağ müharibəsindəki total məğlubiyyəti hələ də həzm edə bilmir. Onlar regionda yeni yaranmış reallıqlara uyğunlaşmaq istəmirlər. Həmçinin, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında töhfə vermək istəmirlər. Ona görə də bu kimi ucuz hərbi avantüralara cəhd edirlər.
Əlbəttə ki, Ermənistanın hərbi rəhbərliyinə bundan sonra da kimin başçılıq etməsindən asılı olmayaraq, əgər təxribatlar baş verərsə, Azərbaycan tərəfi adekvat olaraq sərt və təsirli cavab verəcək.
Bu gün isə Ermənistanın Baş nazirinin müavini vəzifəsinə Suren Papikyan təyin olunub.

O, Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişənə qədər İrəvan məktəblərindən birində tarix müəllimi işləyib. Suren Papikyan cari ilin iyunun 20-si keçirilən növbədənkənar parlament seçkilərindən sonra Ermənistanın Baş nazirinin müavini təyin olunub. Papikyan daha əvvəlki hökumətdə isə ərazi idarəetmə və infrastruktur naziri vəzifəsində çalışıb.
“Hraparak” qəzeti yazır ki, Nikol Paşinyan hökumətinin fəal fiqurlarından biri olan Papikyan keçmişdə mühakimə olunub, hətta həbs həyatı yaşadığını da gizlədib. Belə ki, Papikyan orduda xidmət etdiyi dövrdə öz komandirini bıçaqlayıb və bu səbəbdən də onun barəsində cinayət işi açılıb.
2006-cı il martın 27-də törətdiyi əmələ görə təqsirli bilinən Suren Papikyan 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Papikyan 2007-ci il fevralın 23-ü amnistiya ilə azadlığa buraxılıb.
Maraqlıdır ki, öz komandirini bıçaqlayan və buna görə həbs edilən Papikyanın müdafiə naziri postunu necə icra edəcəyi də indidən sual doğurur. Ancaq yuxarıda da qeyd olunduğu kimi, Ermənistanda hərbi rəhbərliyə kimin təyin olunmasından asılı olmayaraq, Azərbaycana qarşı hər hansı ciddi təxribatlara və səhvlərə yol verərsə, onun da taleyi digər sələflərindən fərqlənməyəcək.
Yeganə yol isə yeni gələnlərin öz sələflərinin buraxdığı səhvlərdən nəticə çıxarması, “keçilməz Ohanyan xətti”, “yeni müharibələr, yeni ərazilər” kimi utopik iddialarla çıxış etməkdən əl çəkməsidir.
Günel Türksoy