Üzeyir Hacıbəylinin dediyi kimi, tar Azərbaycan musiqi alətləri arasında ən mükəmməlidir, mizrabla çalınır. Xüsusilə bu, Əhsən mizrabıdırsa... Əhsən mizrabı bədii-estetik zövqün sözlə ifadə olunan semantik ekvivalentidir.
Əhsən ona təkcə 1937-ci ilin repressiyası qurbanlarından olan atası Əliabbas kişinin dayısı, Azərbaycanın böyük şairlərindən olan Mirzə Bülqadir Yusif tərəfindən verilən ad deyildi, bu, həm də dahi Üzeyir Hacıbəylinin onun ifası qarşısında dediyi söz idi.
Təqdimat belədir: Əhsən Dadaşov və ya Əhsən, Dadaşov!
1924-cü ildə Bakıda anadan olan və bu il 100 illiyi qeyd olunan tarzən, Əməkdar artist Əhsən Dadaşovun taleyini indiki Bakı Musiqi Kollecinin divarına vurulmuş bir elan dəyişib. Tar sinfinə qəbulla bağlı elanı görən Əhsən Dadaşov, sənədlərini ozamankı Azərbaycan Dövlət musiqi texnikumuna vermək qərarına gəlir. Əhsən Dadaşovun tara olan sevgisi bu prosesi valideynlərindən gizlətməsi ilə nəticələnir. Ata-anası onu həkim kimi görmək istəsə də, Əhsən Dadaşov tarda ifası ilə insanlara məlhəm olur.
14 yaşlı Əhsəndən qəbul imtahanı götürən tarzən Ənvər Mənsurov onun musiqi qavramasına heyran olur və gələcəkdə özünü doğruldan proqnozunu verir:
- Ustad sənətkar olacaqsan!
Əhsən Dadaşov qısa müddət ərzində texnikumun açıq konsertlərində çıxış edir, onun səhnəsi zamanla böyüyür, bu dəfə Bakının açıq konsertlərində səhnə alır. Bu konsertlərin birində tamaşaçı qismində əyləşmiş dahi Üzeyir Hacıbəyli onun “Şur” muğamını ifa etməsi qarşısında sadəcə, bu cümləni işlədir:
- Əhsən, sənə, Əhsən!
Əhsən Dadaşovun tələbələrindən olan Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi müəllimi ilə bağlı xatirələrini danışarkən deyir:
“Əhsən müəllim mənə bir dəfə tarda “Tərəkəmə” göstərdi. O ifanı eşidəndə mənə elə gəldi ki, simfonik orkest çalır. Bu şəxsiyyət tarın sirlərini o qədər yüksək səviyyədə bilirdi. Rəşid Behbudov məni mahnı teatrına işə qəbul edəndə, soruşdu ki, sən kimin tələbəsi olmusan? Cavab verdim ki, Əhsən Dadaşovun. O dəqiqə dedi ki, sənədlərini qəbul edin, bu bizdə işləyəcək. O zaman həmin teatra düşmək qeyri-mümkün idi. Polad Bülbüloğlu mənə danışırdı ki, Praqada Maranda kinostudiyasında hansısa musiqini işləyirdilər. Ona təcili başqa bir musiqi lazım idi. O yeganə adam kimi Praqadan Əhsən Dadaşova zəng etdi. Üç gün ərzində Əhsən Dadaşov bunları icra edib Praqaya göndərdi. Əhsən müəllim yaşadığı 52 il ömür ərzində Azərbaycan musiqi xəzinəsinə verdiyi töhfələrin dəyəri, qiyməti sayılmaz dərəcədədir”.
Əhsən Dadaşov Azərbaycan muğam ifaçılığında da zirvə yaradan sənətkarlardan idi. Əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimov dediyi kimi:
“Əhsən Dadaşov geniş fantaziyaya malik idi. Hər hansı muğamı ardıcıl bir neçə dəfə ifa etsəydi belə, əvvəlki ifanı təkrar etməzdi. İfaları heç vaxt çərçivəyə salmır, daima yeni musiqi çalarlarından istifadə edirdi. Rəhbərlik etdiyi Xalq Çalğı Alətləri ansamblının tərkibində uzun müddət klarnet ifaçısı olmuş Anzor Quliyev deyirdi ki, bir dəfə Şamaxıda toy məclisində idik. Toy məclisinə ancaq muğamsevərlər yığışmışdı. Adətən belə məclislərdə bir alətin ifasında muğama elə də qulaq asmırlar. Amma bir qrup dinləyici Əhsən Dadaşova yaxınlaşıb ondan “Çahargah” muğamını ifa etməyi xahiş etdi. Əhsən müəllim bu muğamı ifa etdikdən sonra, başqa bir qrup yaxınlaşıb ondan başqa bir muğamı xahiş etdilər. Ona qədər eşitmədiyimiz “Hümayun”u ifa etdi ki, özümüz də məətəl qaldıq. Bu da onun təkrarsız ifasının göstəricisidir”.
Bəstəkarların ən böyük xoşbəxtliyi onların yanında gözəl ifaçıların olmasıdır. Əhsən Dadaşov bu mənada bütün bəstəkarlarımızın dostu olub. Əhsən Dadaşovun barmaqları o əsərləri başqa bir zirvəyə çatdırıb.
Üzeyir Hacıbəyovdan başlayaraq, Azərbaycan musiqisini kənar ünsürlərdən qorumaq, təsdiq etmək məsələsi olub. Tarda bu məsuliyyəti üzərinə məhz Əhsən Dadaşov götürüb. Əhsən Dadaşovu bir tarzən olaraq səciyyələndirən o idi ki, həm ənənəvi, həm də yenilikçi ifa yolu onun yaradıcılığında bərqərar olmuşdu. Azərbaycan muğamının öz dili var. Əhsən Dadaşovun Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən biri öz dilimizi fəaliyyəti boyu qoruması idi. Əhsən Dadaşov Azərbaycan musiqində elə bir iz qoyub ki, onu təkrarlamaq çətindir.
İlk solist qadın kamança ifaçısı, Xalq artisti, professor Şəfiqə Eyvazovanın sözlərinə görə, Əhsən Dadaşovun istər tarda, istərsə də udda ifa edən şirin barmaqları var idi:
“Ansambl üzvlərinə Əhsən Dadaşovun münasibəti o qədər təbii, canlı idi ki, onun sənətkarlığı ilə ürəyi bir nöqtədə birləşirdi. Yadıma Qədir Rüstəmovun ilk dəfə bizim ansambla gəldiyi gün düşür. Əhsən müəllim ona qayğı göstərdi. Qədirin ifasını lentə yazdıranda hər dəqiqə dayanırdıq. Nə yaxşı ki, “Sona bülbüllər”i lentə aldıq və məşhurlaşdı. Qədir Rüstəmov Əhsən Dadaşovun tapıntısı idi”. .
Şəfiqə xanımın da dediyi kimi, Qədir Rüstəmov Əhsən Dadaşovun tapıntısı idi. O, “Sona bülbüllər”in lentə alınması üçün studiyaya gələndə heç kim bu arıq oğlanın xarüqələr yaradacağını təsəvvür belə edə bilməzdi. Bu, Əhsən Dadaşovun həm də bir mədəniyyət incisini cəmiyyətə qazandırmaq çabası idi. Çünki o zaman Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Ənvər Əlibəyli Əhsən Dadaşovun xahişi ilə Qədir Rüstəmovu iki dəfə dinləmiş, cavabında isə “Ritmi yoxdur, ifasında texniki qüsurlar var, mahnını keyfiyyətlə oxumur” demişdi. Əhsən Dadaşov isə Qədir Rüstəmovdakı sirli xəzinəni üzə çıxarmaqda israrlı idi.
Və bunun nəticəsidir ki, Qədir Rüstəmovun studiyada səsyazması saatlarla davam edir. Əhsən Dadaşov 17 variantda yazılan “Sona bülbüllər”i səhərədək 52 yerdən kəsib hazır vəziyyətə gətirir.
O zaman Qədir Rüstəmov A.Zeynallı adına Musiqi Texnikumunda oxuyan cavan bir oğlan idi.
Axşam radionun efirində isə bütün Azərbaycan bu möcüzəvi əsərlə tanış olur.
Diktor həmin gecə təqdim edir:
- Xalq mahnısı “Sona bülbüllər”. Oxuyur gənc müğənni Qədir Rüstəmov. Müşayiət edir Respublikanın Əməkdar artisti Əhsən Dadaşovun rəhbərliyi ilə Azərbaycan Radiosu və Televiziyasının Xalq Çalğı Alətləri Ansamblı...
Əhsən Dadaşov həm də tarı oxudurdu. O, bu musiqi aləti vasitəsilə eyni zamanda, atası Əliabbas Dadaşov kimi, represiya qurbanlarını olan soydaşlarımızın ruhunu da yaşadırdı. Tar həm də, Əhsən Dadaşov üçün bir mədəni qisas vasitəsi idi. Yaşadığı 52 il ömür ərzində Mikayıl Müşfiqin mədəni mirasına sahib çıxmışdı:
Oxu, tar!
Səni kim unudar?
Əhsən ki, var...
Emin Səfərov
Yazı Azərbaycan Mətbuat Şurasının, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur.