Saatlı rayonunda 66 yaşlı kişini qətlə yetirib meyitini su kanalına atan şəxslərin məhkəməsi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qətlinə görə qonşusu 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu 2005-ci il təvəllüdlü Elçin Abbasova hökm oxunub.
Bildirilib ki, hadisə tamah niyyəti ilə törədilib. Onlar qonşuluqda yaşayan Mirhəsənlə həm də uzaq qohum olublar. Ata və oğlu əvvəldən münasibətlərinin yaxşı olmadığı Mirhəsəni maşında öldürdükdən sonra meyitini kanalın yanına aparıblar və ayağına daş bağlayaraq suya atıblar. Onlar zərərçəkmişin paltarlarını çıxardıqdan sonra şalvarının cibindəki 1500 manat pulu və ümumi dəyəri 243 manat 70 qəpik olan aksiz markası ilə markalanmamış siqaretləri quldurluq yolu ilə ələ keçiriblər.
Cinayətin üstü açıldıqdan sonra meyit kanaldan çıxarılıb və hadisəni törədən şəxslər saxlanılaraq barələrində cinayət işi açılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Elşadla Elçini Cinayət Məcəlləsinin tamah niyyəti və quldurluqla adam öldürmə maddələri ilə təqsirli bilib.
Hökmə əsasən, Elşad Abbasova 18 il 6 ay, oğluna isə 15 il həbs cəzası verilib.
Aslan Vəliyev
Son xəbərlər
Son Xəbərlər