Qurban müəllim, tələsmirik, gecikirik...

qurban-muellim-telesmirik-gecikirik
Oxunma sayı: 6985

“Qarabağ” ötən gün Polşanın “Rakuv” klubuna 2:3 hesabı ilə uduzdu. Qurban Qurbanovun komandası ilk dəfə bu ölkədən olan klubla duellərdə uduza bilər. Ən böyük səbəbkar isə artıq ardıcıl neçə ildir ki, kritik səhvlərlə yadda qalan Şahruddin Məhəmmədəliyevdir.

Ötən il “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə həsrət qoyan Şah bu dəfə komandaya həm psixoloji olaraq ziyan vurdu, dərin analiz etsək, həm də öz qapısına 3 qol vurdu. Öz qapısına het-trik edən qapıçı...

Həmçinin oxuyun: “Вы торопитесь по поводу Шахруддина Магомедалиева” - Гурбан Гурбанов

Qurban Qurbanov isə oyundan sonra yenə Məhəmmədəliyevi müdafiə etdi. “Şahruddin barədə sual verməyə tələsirsiz” deyərək tənqidləri onun üzərindən yayındırmaq istədi. Əslində, Qurban Qurbanov haqlıdır, bu dəfə Şahruddini yox, məhz təcrübəli çalışdırıcının özünü tənqid etmək lazımdır. İllərdir ardıcıl əsas oyunlarda səhvlər edən çərçivə qoruyucusunun ölkənin bir nömrəli klubunda nə işi var deyə sual versək, yəqin ki, mütəxəssis özü də cavab verə bilməz. Qurban müəllim, tələsmirik, Şahın mat olduğunu qəbul etmək üçün gecikirik...

Məncə, Qurbanov Şahı “Qarabağ”ın qapısına qoyaraq deyil, klubun bazasının qapısından içəri buraxaraq səhv edib. Həmişə düşünürdüm ki, belə bir qolkiper Avropa meydanlarında tarix yazan bir komandaya necə keçə bilər? Bir zamanlar bosniya və herseqovinalı İbrahim Şehiçin kölgəsində meydança üzü görməyən Məhəmmədəliyev birdən-birə əsas heyət üzvünə çevrilir. Yəqin ki, bu sualı özünə verənlər çoxdur...

Qurban Qurbanov inadkar insandır və bəlkə də uğurlarında bu inadkarlığın da böyük rolu var. Amma Şahruddin məsələsindəki həssas davranışları daha böyük uğurlarının qabağını kəsir. Biz ilk dəfə deyil ki, onun bu cür inadı ilə rastlaşırıq. Vaxtikən formasından uzaq olsa da, kritik səhvlər etsə də, Rəşad Sadıqovu daimi əsas heyətdə oynadan məşqçi bu dəfə Şahruddin məsələsində israrçıdır.

Düzdür, Şahruddin döyüşçü ruhlu, əzmkar idmançıdır, amma peşəkarlığı, ustalığı yüksək səviyyədə deyil. Bunu görmək üçün Qurban Qurbanov olmağa ehtiyac yoxdur, sıradan bir azarkeş olmaq da bəs edər.

Qarşıda ağdamlıları daha çətin sınaq gözləyir. Evdə “Rakuv”la matç ağır olacaq. Psixoloji olaraq polşalılar hazırda “Qarabağ”dan daha yaxşı durumdadırlar. Böyük ehtimalla bu dəfə qapıda səhv etmək bacarığı üzrə heç də Şahruddindən geri qalmayan Luka Quqeşaşvili olacaq. Əslində, Məhəmmədəliyevin üzərindəki psixoloji təzyiq ona da yansıyacaq. Azarkeşlərin inamlı qapıçı görmək istəməsi gürcü çərçivə qoruyucusunu daha böyük səhvlərə sürükləyə bilər. Çünki o qədər təcrübəsi olmayan Lukanın bunun öhdəsindən gələcəyi inandırıcı deyil.

Şahruddin yenidən meydana çıxacaqsa, daha da çətin olacaq. Səhv etmək qorxusu “Qarabağ”ı uğurlarından edə bilər...

Elsevər Məmmədov

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.