Rektor “Robotex Azərbaycan”da ilk yeri tutan komandaların üzvləri ilə görüşdü - Fotolar

rektor-robotex-azerbaycanda-ilk-yeri-tutan-komandalarin-uzvleri-ile-gorusdu
Oxunma sayı: 1122

Bakı Mühəndislik Universitetində (BMU) “Robotex Azərbaycan Avrasiya Çempionatı” Festivalında birinci yeri tutan komandaların üzvləri ilə görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, qalib komandaları (“ROBOXIDE” və “A-MAZE”) uğurlu çıxışlarına görə təbrik edən BMU-nun rektoru Yaqub Piriyev “Robotex Türkiye” çərçivəsində ölkəmizdə ilk dəfə keçirilən festivalın Azərbaycan mərhələsinin əhəmiyyətinə diqqət çəkib. Rektor festivalın bu sahədə inkişaf etmək istəyən gənc mühəndislərə, tələbə və şagirdlərə geniş imkanlar, böyük fürsətlər verdiyini, həmçinin qlobal miqyaslı tədbirin elmə marağın artırılması, gənclərin mühəndislik ixtisasları üzrə təhsil almağa istiqamətləndirilməsinə xidmət etdiyini vurğulayıb. 

Texnologiyaların sürətli dəyişməsinə adekvat olaraq müasir çağırışlar əsasında yeni ixtisasların yaradılmasının aktuallaşdığını qeyd edən rektor cari tədris ilindən etibarən BMU-da bir çox yeni istiqamətlər, o cümlədən mexatronika və robototexnika ixtisası üzrə də kadr hazırlığının aparıldığını xatırladıb. 

Rektor tələbələrin nəzəri olaraq müvafiq peşə kompetensiyalarına yiyələnmələrinin vacibliyi ilə yanaşı, bu qəbildən olan müsabiqələrdə iştirakının onların təcrübi bacarıq və vərdişlərinin artırılmasında, mühəndislik sahəsində qabiliyyətlərinin təkmilləşdirilməsində faydalı olduğunu nəzərə çatdırıb. 

Yaqub Piriyev festivalın şərtlərinə əsasən, qalib komandaların Antalyada keçiriləcək “Robotex Türkiyə” Milli Cempionatında iştirak edəcəyini və Estoniyada təşkil olunacaq dünya çempionatında iştirak hüququ qazanacaqlarına inandığını deyib və komandalara uğurlar arzulayaraq müvafiq tövsiyələrini verib.
Sonra çıxış edənlər universitet rəhbərliyi tərəfindən yaradılan əlverişli şəraitin yeni müsabiqələrdə təmsil olunmaq üçün motivasiya mənbəyi olduğunu, tələbələri daha uğurlu layihələrin rellaşdırılmasına təşviq etdiyini vurğulayıblar.

Görüşün sonunda qaliblərə, komandaların mentorlarına, eyni zamanda hakim heyətinə fəxri fərmanlar təqdim edilib.