İstedadlı telejurnalist, yazıçı-publisist Zakir Sadatlı 12 il axtarışdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınmış simalarından olan Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı əsərinin əlyazmasını gizli arxivlərdən üzə çıxardıb və onu dilimizə uyğunlaşdıraraq çap etdirib. Məlumat üçün bildirək ki, XX əsr Azərbaycan tarixinin ensiklopediyası adlandırılan bu əsər çox ciddi və maraqlı faktlarla zəngindir. Əsərdə XX əsin əvvəllərində Cənubi Qafqazda, İranda və Türkiyədə baş verən proseslər əks olunub. Kitabda Əziz Alpoudun Məhəmmədəmin Rəsulzadənin, o cümlədən digər demokratik respublika qurucularının ünvanına şok ittihamları, onları satqınlıqda ittiham edən fikirləri yer alıb. Olduqca maraqlı və qalmaqallı məqamların yer aldığı kitabın elektron versiyası müəllif tərəfindən “Qafqazinfo”ya təqdim olunub. Biz kitabı bu gündən hissə-hissə çap etmək fikrindəyik. Kitabda yer alan fikirlərlə bağlı müzakirələrə qoşulmaq istəyənlər öz rəylərini göndərə bilərlər.
Beləliklə, ilk olaraq ön söz və birinci hissəni ixtiyarınıza veririk:
Taleyin Xəritəsi
(Ön söz əvəzi)
Xəritəyə ən səthi bir baxış da kifayət edər ki, Azərbaycanda «Alpoud» adlı çoxlu yer-yurd adlarını görəsən. Amma bu Məmləkətdə bircə «Alpoud» taleyi var. Artıq bu başqa xəritədir-taleyin xəritəsi… Orada 20-ci əsrin az qala bütün «səs-küy və hiddəti» əks olunub. Yeri gəlmişkən: Dünyanın xəritəsini müharibələr və inqilablar dəyişir, taleyin xəritəsini isə böyük iztirablar… Axırda…lap axırda obraz qalır-insanın, zamanın və hər ikisinin bir-birini tamamlayan birgəlik obrazı… Kor falçının əlində tarixin paslı kilidinə düşən bir qom açar…
1998-ci ildə şəxsi arxivimdəki sənədləri gözdən keçirərkən təsadüfən diqqətimi bir məktub çəkdi. O uzun müddət saralmış sənədlərin arasında itib batmışdı. Hələ anlamaq zorunda deyildim ki, ani şimşək parıltısı kimi arxasınca böyük mətləblərin uğultusunu çəkib gətirəcək. Bu məktuba qarşı o uzun müddətli «biganəliyim» indi də mənim üçün müəmmadır. Bəlkə də ona görə ki, müəmmalar cavab üçün deyil, yozum üçündür…
Və qulağımızdan heç vaxt getməyəcək qoca arxivdarın toza və yorğunluğa qərq olmuş səsi: «Hər şeyin öz vaxtı var!»
Məktub 1953-cü il mart ayının 24-də Parisdə yazılmışdı. Görkəmli içtimai-siyasi və dövlət xadimi Əkbər ağa Şeyxülislamzadə onu İstanbulda yaşayan məşhur «Gəncə üsyanı»nın başçılarından biri, polkovnik Cahangir bəy Kazımbəyliyə ünvanlamışdı. Daha doğrusu, Cahangir bəydən aldığı məktuba cavab idi.
Əkbər ağanın rus dilində yazdığı bu məktubda 1920-ci il Aprel işğalından sonra, dünya boyu səpələnmiş, mühacir taleyi yaşayan, amma Azərbaycanın Müstəqillik ideyasından geri çəkilməyən, Azadlıq yolunun mücahidlərindən bir neçəsinin adı hallanırdı. Onun analitik təhlilə cəlb etdiyi hadisələrin fonunda bir ad, cəmi bircə yerdə, bircə cümlədə xüsusi vurğulanırdı.
«…Əziz Alpoud!...»
Bu ad, bu işarə hələ nə aydın məlumluğu, nə də məchul qaranlığı nişan verirdi. Vaxtın yeddi möhürü arxasında «tamamilə məxfi» qrifi ilə gizli zərflərlə qoyulmuş bu ad, qədim kahinlərin dili ilə desək «somoti» (nə ölü, nə diri) vəziyyətində idi.
Bəlkə də, insanın axtarışlarının mahiyyətində tapmaq yox, bilmək dayanır. Elə ona görə də, bilmək üçün bilənlərdən çox soruşdum, amma bir cavab aldım: «Bilmirəm!...»
Mən hələ heç vaxt bu qədər uzun-uzadı axtarmamışdım,…
Mən hələ heç vaxt, heç nəyi bu qədər rahat tapmamışdım…
Əvvəlcə, zamanın labrintləri içində Onun birinci və həqiqi adını tapdım – Mir Əbdüləziz Seyid…
Sonra isə kitabının əlyazmasını – «Həyatımın hekayətləri…»
***
Azərbaycan mühacirətinin taleyi 20-ci yüz ilin ən böyük dramıdır. Böyük faciələrin səhnəsi… böyük dövlətlərin dekorasiyası… ehtiraslı monoloqlar (və ya dialoqlar)… romantik çırpıntılar… tənha pıçıltılar…
Ağlın miqyasından qat-qat yüksəkdə oynanılan bu dramın hər bir pərdə və şəkli şeytani qəhqəhələrin altında baş verib.
İtaliya yazıçısı Umberto Eko yazır ki, istedadla yazılmış mətnlər tarixin gedişatına təsir göstərə bilər. Bilmirəm, Əziz Alpoudun «Həyatımın hekayətləri» memuar-epopeyası milli taleyimizdə nəyisə dəyişə bilər ya yox, amma onu bilirəm ki, heç bir futroloji cavab tale adlı yollara tökülən daşları ətəyinə yığmır. Baxmayaraq ki, uçulmuş «Berlin divarı»nın daşları indi kolleksiyalarda saxlanır. Lakin Azərbaycan mühacirətinin hələ də uçulmayan divarı arxasında müəmmalar gizlənir. Və hərdən mənə elə gəlir ki, bizim milli ideyamızı, taleyimizi, ruhumuzu və bütövlükdə, Bütövlüyümüzü həndəsi bucaqlara bölən bu lənətlənmiş «divarı» uçurmaq əvəzinə, özümüzdən asılı olan və olmayan səbəblər ucbatından onun «bərpa və təmir» işləri ilə məşğuluq. Bütün bu sarsıntıların «mədain xərabələrində» tənha bir ruh kimi dolaşan bir səs - döyüşünü bitirə bilməyən sarsılmaz mücahid Əziz Alpoudun həyat eşqilə dolu nidası eşidilir: «İnşallah… Müstəqil Azərbaycan Cumhuriyyətinin üçrəngli bayrağı təkrar Millət Məclisinin binası üstündə dalğalanar. Onu Xəzərdən qopub gələn küləklər salamlayıb, oxşayar… Ölməyib, görərəmsə, necə də xoşbəxt olaram!..»
1961-ci ildə yazılıb bu sözlər – «Həyatımın hekayətləri»nə giriş kimi… Təsadüfə bax, mən də düpbədüz elə həmin ildə dünyaya göz açmışam – qırmızı bayraqların qırmızı meydanlarda boy sırası ilə düzləndiyi, qıpqırmızı yalanların ayaq tutub yerimək öyrəndiyi bir məmləkətdə.
Qırmızı məhşərin qasırğası sovuşana yaxın Xəzərdən qopub gələn qiblə küləkləri Onun mübarək arzusunun nə qədər gerçək olduğunu göstərdi. O yellər yavaş-yavaş çox şeyi səhifə-səhifə qoparıb, zamanın ucsuz-bucaqsız səhraları boyu səpələdi.
1988-ci ildə Əziz Alpoud dünyasını dəyişdi. «Azadlıq» sözünü-son nəfəsinə kimi arzusunda olub, eşitmək istədiyi nidanı ilahi bir müjdə kimi qəbul edərək ölümün əlini sıxdı. Böyük həyatın cəngavər pəncəsi ilə…
Bu gün «Həyatımın hekayətləri»ni vərəqləyəndə intuitiv bir səs adamın duyğularını döyəcləyir ki, Əziz Alpoud bu əsəri yazarkən bilirdi ki, nə vaxtsa bu kitab keçmiş adlı tapmacanın növbəti cavablarından birinə çevriləcək. Ona görə də gözlərinin qarşısında dağılıb-tikilən dünyanın taleyinin fonunda öz tərcümeyi-halını yazdı. Amma bu «Ömürnamə», «işə düzəlmək» üçün yazılan tərcümeyi-hal deyildi. Allahın və ömrün qapısında yazılmış tərcümeyi-haldı.
O, qatı antikommunist idi. Ona görə yox ki, qırmızı terrorun dişli çarxları arasında taleyi doğranıb, xıncım-xıncım olmuşdu. Yox! Ona görə ki, Allahdan və milli köklərdən ayrılan hər hansı bir «siyasi təriqətin» insan nəslinə xoşbəxtlik gətirəcəyinə inanmırdı. Və bu müstəvidə onunla mübahisə etməyə dəyməz. Baxmayaraq ki, Əziz Alpoudun siyasi mülahizələri, bir sıra hərəkat iştirakçıları və xüsusən liderləri haqqında təzadlı fikirləri və bəzən də «qəzəbli qamçısı» cəmiyyətimizin fərqli təbəqələrində mübahisələr doğura bilər. Bütün hallarda o fikirlərlə barışıb-barışmamaq olub-keçənlərin simasında heç nəyi dəyişməyəcək. Bircə onu bilmək lazımdı ki, tarixin rahat yorğan-döşəyində uyumaq istəməyən nəhənglərin eyni məqsədə doğru gedən yolda «çək-çeviri» bəzən qaçılmaz olur.
Deyirlər ki, qədim Yaponiyada böyük sənətkarlar sənətinin üslub və ifadəsində ən yüksək zirvəyə çatandan sonra adlarını dəyişib, tamamilə başqa bir istiqamətdə yeni xətt və yeni cığır açırdılar. Bu, hər dəfə təkrarlanırdı. Müxtəlif adlarla tanınan bir neçə «məktəbin», əslində yaradıcısı elə həmin şəxsin özü olurdu.
Şərti yanaşma ilə demək mümkündür ki, uzaq Şərqin bu mədəni hadisəsi, yaxın Şərqin yetirməsi olan mücahidin taleyi ilə sanki qoşalaşıb, həmqafiyəyə çevrilib.
Əziz Alpoud həkim olmaq istəyirdi. Arzusuna çatdı, amma bu mərhələni də adlayaraq hüquqşünas oldu. Baxmayaraq ki, təbiblik sevdası və səriştəsi onu heç vaxt tərk etmədi.
O, çox uğurlu hüqüqşünas idi. Bəlkə elə buna görə tale ona 22 yaşında, Fin körfəzinin sahillərində qısamüddətli nazir vəzifəsi də qismət elədi. O, bu mərhələni də adlayıb, peşəkar inqilabçıya çevrildi.
Nə qədər ki, kəndir onun boğazındaydı, inqilabçı idi; o vaxt ki, kəndir onun boğazından sivişdi, Əziz Alpoud filosofa çevrildi.
O, Dəriçilik elmi üzrə alim adı qazandı, amma ömrünün sonuna yaxın Türkiyədə rəssam kimi şöhrət tapdı.
Yaddaşımın divarında qədim Muğ kahinlərindən birinin fikri yazılıb: «Sənin adın vacib deyil, əsas odur ki, səni necə çağırırlar!...»
O, dünyaya Mir Əbdüləziz Seyid adı ilə gəldi.
O, bu dünyanı Əziz Alpoud kimi tərk etdi.
Dünya onun məkanını, peşəsini, adını… tez-tez dəyişdi. Amma zaman onu həmişə bir adla çağırdı: Mücahid!
İnsan həyatın içində ən azı bir dəfə ölməlidir ki, dirilsin. Amma Əziz Alpoudun üzərindən, özü demişkən çox ölüm dalğası aşıb keçib. Amma O, bu «ölümlərin» içindən sıyrılıb çıxıb ki, Zamana şəhadət versin. Bunu ilahi hökm kimi də anlamaq olar, insani missiya kimi də… Çünki vaxtın ən sonunğu metaforası Məhşərdir – Qiyamətin isə ən axırınğı metaforası Şahidlik!
XX əsr Əziz Alpoudların Məhşəridir!
«Həyatımın hekayətləri» isə onlardan birinin şəhadəti.
Yəqin ki, vaxtın xəzəlini tapdaya-tapdaya tariximizə başqa-başqa ünvanlardan başqa adlar, başqa şəhadətlər də gələcək. Çünki mühacir taleyimizin payızı hələ bitməyib.
Bu kitabda çoxlu «çox» sözü və üç nöqtələr görəcəksiniz. Buna nə kənar müdaxilə, nə də bitməyən fikir qırıqlığı kimi baxmayın. Yəqin ki, bu, bitməyən mühacirət payızının nişanəsi, ömrün fəsillərindəki aylara işarədir – harada ki nə fikir, nə mübarizə, nə də ayrılığı bitirmək olur. Onun taleyi qırıq-qırıq xətlərin və «üç nöqtə»lərin üzərində gərdiş eləyir.
Əgər qədim filosof dünyanı məhvərindən oynatmaq üçün «bir istinad nöqtəsi» istəyirdisə, mücahid nöqteyi-nəzərincə, üç istinad nöqtəsi lazımdı ki, dünyanı məhvərinə qaytarasan. O üç istinad nöqtəsi, onun sona qədər deyə bilmədiyi fikirlərin «yol işarələri»dir. Qoy tarixçilərimiz, alimlərimiz, siyasətçilərimiz bu işarələrin köməyi ilə o böyük yolu tapsınlar. Bəlkə ondan sonra biz anlaya bildik ki, niyə bizim milli landşaftımız bu qədər dağınıq, fraqmental və müəmmalıdır.
Bəzən xaotik, bəzən isə məntiqi nizamla düzülmüş bu kitabda hər bir oxucu üçün nəsə doğma bir şey var. Sevgidən tutmuş, ölümə qədər… Əsarətdən tutmuş, azadlığa qədər… Vətəndən tutmuş, qürbətə qədər… Kiçik intriqalardan tutmuş, böyük əqidələrə qədər… Zərif duyğulardan tutmuş, taa dəmir iradəyə qədər… Və beləcə, ardı-arası kəsilməyən üç nöqtələr…
Müəllif «Həyatımın hekayətləri»ni əlli il bundan öncə yazmağa başlayıb. Üstündən yarım əsr ötüb. Amma o hadisələrin, o mənzərələrin çöhrəsində qocalıq əlaməti yoxdu. Bu kitabda zaman yorğun bir «ah» ilə xatirələrə dalmayıb. O dipdiridi, həyat eşqi və mübarizə ilə dopdoludu.
Xəyalım vaxtı azacıq gələcəyə sarı dartıb aparır. Nədənsə «Həyatımın hekayətləri»ni nə əli çəlikli, nə gözü eynəkli, nə də qədd-qaməti bükülmüş görürəm. Bəlkə də, ona görə ki, böyük insanlıq savaşı heç vaxt tükənmir, Azadlıq şamını şərin qasırğası söndürsə də, onu axtaran gözlər heç bir vəchlə yumulmur.
Bu kitaba Əziz Alpoud tərəfindən sonuncu «üç nöqtə» qoyulub, bəlkə elə bu gün başqa bir məmləkətdə, ünvanını bilmədiyimiz bir evdə masanın arxasında əyləşmiş başqa bir Əziz Alpoud «Həyatımın hekayətləri»nin davamını yazır. Amma ürəyimə damıb ki, o kitabı daha heç vaxt 1961-ci ildə dünyaya gələn Zakir Sadatlı yox, 2011-ci ildə doğulmuş başqa bir Sadatlı Zakir tapacaq…
Kaş, o mübarək kitabı mən də görə biləydim…
Zakir Sadatlı
Bakı, 2011-ci il.
Ə z i z A l p o u d
H Ə Y A T I M I N H E K A Y Ə T L Ə R İ
“ Çox ölüm dalğası üstümdən aşıb keçdi mənim . . .
Bir gün , əlbət , bu atəşdən də qorur Xəlqedənim . ”
G İ R İ Ş
Kiçik yaşlarımdan bəri xatirə dəftəri tutmağa adət etmişdim. Dərdlərimi, sevinclərimi müntəzəm olaraq hər gün oraya yazardım... İllər keçdi, o qalaq-qalaq xatirə dəftərlərim nooldu, kimlərin əlində qaldı- bilmədim...
1920-ci ildə “Vita Mea” (Həyatım) adlı bir yazıya başlamışdım, fəqət bitirmədən yandırmaq məcburiyyətində qaldım. Çünki Azərbaycana girən XI Qırmızı Rus ordusunun ajanları tərəfindən izləndiyimi başa düşdüm... Üstündən uzun illər keçdi...
İndi yenisinə başlayıram. İnşallah bunu sona çatdıra bilərəm. Başa çatması ilə bərabər, illərdən bəri bir millət olaraq çəkdiyimiz zillət də sona çatmış olar. Və Müstəqil Azərbaycan Cümhuriyyətinin üç rəngli bayrağı təkrar Millət Məclisinin binası üstündə dalğalanar. Onu Xəzərdən qopub gələn küləklər salamlayıb, oxşayar... Ölməyib görərəmsə, necə də xoşbəxt olaram !..
Ankara, 1961
Ə M İ ( Ö m ə r F a i q )
Neçə yaşımda olduğumu indi dəqiq xatırlamıram; bəlkə dörd, bəlkə də beş... Amma ildə bir neçə dəfə bizə gələn “əmi”mi yaxşı xatırlayıram.Atam yaşda, atam kimi uca boylu... Amma atam qarayanız , o isə kürəndi. Gözlərinin rəngi, bəlkə yaşıl, bəlkə də mavi idi... Amma üzünün seyrək çopurları yadımda yaxşı qalıb...
Bizə gələn başqa əmilərdən çəkinirdim. Fəqət onun səsini eşidər-eşitməz, içəri qaçıb onu salamlayırdım.Hələ məni tutub, havaya qaldırmasından ləzzət alırdım; sanki yelləncəkdə ən uca nöqtəyə qalxmış kimi olurdum, həyəcandan nəfəsim tıxanırdı. Aşağı enəndə hər ikimiz qəhqəhə çəkib gülürdük...
Atamın:” Haydı , di dur get, əmini narahat etmə!” deməsinə rəğmən, əmi məni qaldırıb dizi üstə oturdar, at çapdırdardı...
Sonra əmi qoynundan çıxartdığı bəzi yazıları atama verər, atam da onları cibinə yerləşdirərdi.Çox vaxt əmi anamın təkidinə baxmayaraq, yemək yemədən çıxıb gedərdi.”Yolçu yolda gərək!”- deyərdi.Əmi lap az danışardı, danışdıqlarından da mən çox bir şey anlamazdım. Evimizdə danışdıqlarımız türkcəyə bənzəməzdi; bir az fərqli kimi görünürdü mənə.Yalnız bir dəfə , atama yenə də yazılı kağızlar verərkən:”İnandığın adamlara ver!”-dediyini yaxşı anladım...
“Niyə bu adam gündüzlər gəlmir? Atama gətirdiyi yazılı kağızlar nədir? Nə üçün bunlar yalnız “inanılmış” insanlara verilməlidir?...”
Bütün bunları yalnız böyüyəndən sonra anladım...
Bəzən atam əmi gedəndən sonra məni dizi üstündə oturdub, cibindən çıxardığı açıqcaları mənə göstərərdi:Uzun bir körpü... dəniz kimi bir su... uzun dar gəmilər... Başlarında qırmızı fəs, xüsusi geyimli əsgərlər; dirəkdə Ay-ulduzlu bayraq...
Mən bu qeyri-adi mənzərələri maraqla seyr edərkən, qulağıma atamın mehriban səsi gəlirdi:” Bax, bura İstanbuldu, bu körpüdü, bu hərb gəmisidir.Üstündəki zabitlər , əsgərlər də hamısı türkdürlər! Qardaşlarımızdır! Budur, gördüyün bu şəhərdə, bir sarayda Türkiyənin sultanı oturur...”
-Ata, oralar uzaqdımı? Niyə biz oralara getmirik? Oradakı qardaşlarımız da bizə qonaq gələcəklərmi? Biz oraya nə ilə gedə bilərik?
Dərin düşüncələrə dalmış atam sanki suallarımı heç eşitmirdi...
Bir axşam yenə əmi gəldi, atamın boynuna sarıldı, öpdü, bəzi şeylər söylədi, heç nə anlamadım. Sonra yan cibindən gözəl bir qutu çıxartdı, öpdü və atama uzatdı.Yazıq atamın əlləri titrəyirdi. Qutunu açdı, içindən ulduz kimi parlayan bir şey çıxartdı, öpdü və gözünün üstünə qoydu.
Atam ağlayırdı... Mən çaşmışdım.”Atam nə üçün ağlayır?” O zaman sevinc dolu göz yaşlarından xəbərim yox idi. İçəri girən anam , atamın əlindəki ulduzu görüncə həm gülür, həm də ağlayırdı. Sonra anam gözəl lentlə bağlanmış ulduzu atamın boynuna bağladı və təbrik etdi.O axşam nə olduğunu yaxşıca anlaya bilməmişdim. Fəqət, daha sonralar anam gizlicə qardaşlarıma, bacıma və mənə bu ulduzun Türkiyə sultanı tərəfindən atama medal olaraq göndərildiyini anladınca , hamımız çox sevindik və bundan başqa bizə bərk-bərk tapşırdı:
- Nəbadə ruslar bunu bilə, hamımızı sürgün edərlər.
”Sürgün”ün nə olduğunu biz hələ uşaqkən anlamışdıq...
* * *
Yapon müharibəsi başlamışdı. Rusalar küçələrdə , hər addımdan bir qarşılarına çıxan camaata bağıra-bağıra deyirdilər:” Yaponcuqları sel kimi basıb süpürərik! Şapkalarımızla bağlayıb boğarıq. Bir ovuc əsgərimiz Yaponiyanı təmizləyər!”
Küçələrdə, mağazaların vitrinlərində kino afişaları kimi köhnə afişalar asılmış və divarlara yapışdırılmışdı.Onlardan birində div cüssəli bir rus kəndlisini ovuclarında, onlarla xırda boylu yapon əsgəri yerləşdirilmiş və rəsmin altında da belə yazılmışdı:”Səni, ey gidi Yaponcuq , rus kəndlisi bir dəfə sıxarsa, suyunu çıxarar...” Başqa bir afişada yenə də div cüssəli bir rus kazakı Qafqazlı qiyafəsi geyinmiş və döş ciblərindən güllə yerinə balaca bir yapon əsgərini keçirmiş kimi görünürdü...
Atamı bir afişanın önünə dartdım.Bu rəsmdə bir rus əsgəri ( o da div cüssəli idi) Yapon ordusuna kəmənd atmış və bir həmlədə xeyli Yapon əsgərini ovlayıb, dalınca sürüyürdü...
-Ata! Bu rus əsgərləri nə yamandır, necə də kəmənd at bilirlər...
Bir neçə dəfə təkrarladım.
Atam hiddətlə məni oradan uzaqlaşdırdı:
-Onlar bizi güllələyər!Güllələyər!-dedi.
Bir il sonra rusların “güllələdiklərinə” mən də şahid oldum...
O arada əmi yenə gəldi.Çox təlaşlıydı o axşam. Heç içəriyə də keçmədi.Qapının ağzında atamla anlamadığımız bəzi şeylər danışdılar.Sonra hər ikisi mənim əlimdən tutdular və biz getdik. Daha çox qaranlıq, kimsəsiz küçələrdən keçdik və nəhayət, qəbiristanlığa çatdıq.Onlar bir məzar daşının üstündə oturdular, mən də oralarda tullanıb düşürdüm.O axşam atamla əmimin nə danışdıqlarını analaya bilmədim, lakin əmimi bir daha görmədim...
Rus çarının taxtı laxlayır
Yaponiya müharibəni udmuşdu. Bu Rusiya imperatorluğu üçün müdhiş bir zərbə idi. Hər tərəfdə narazılıq baş qaldırmışdı.Sosialistlər hərəkətə keçmiş, məmələkətin hər tərəfində ixtilaflar və o cümlədən milli qurtuluş hərəkatı canlanmışdı- bir sözlə, Rus çarının taxtı laxlamışdı... Bunun yaxşı bir şey olduğunu mən də sezərək sevinirdim.
Beləliklə, həkim olan böyük qardaşım Əli və türk dostalarımın :” Çar yıxılarsa, biz Türklər də bundan faydalanacağıq!”- demələri, mənim də gözümü siyasətə açırdı, yavaş –yavaş istiqaməti bilməyə başalmışdım. Hələ Türkiyə sultanı tərəfindən atama göndərilmiş olan medal , İstanbulun açıqcaları, türkiyəli dəzinçilər; atamın onlara “qardaşlarımız “ deməsi, mənim uşaq beynimdə ümidlər doğururdu.Lakin bu ümidlərin nədən ibarət olduğunu hərtərəfli qavramamışdım. Ancaq bu dünyada bizi sevən qardaşımızın , bir kimsənin var olduğunu anlamışdım.Bu, bir yetimin gözləmədiyi halda özünü qoruyacaq bir dayı tapmasına bənzəyirdi. İçimdə bir qürur hissi duyurdum.
Bir gün atam yenə də məni dizinin üstündə oturdub danışdırarkən, oxuyub kim olacağımı soruşdu.
-Doktor olacağam! Sonra Türkiyəyə gedəcəyəm və yaralı əsgərləri müalicə edəcəyəm!-dedim.
Atam məni bağrına basıb öpdü.İstədiyi olmuşdu.Türkçülük fikrini mənə alışdırmışdı O!.. Canım atam!..
Ailəmiz və atamın ölümü
Hüquqşünas olan atam, orta səviyyəli bir dövlət məmuru idi. Rus dilindən başqa, fars və ərəb dillərini də yaxşı bildiyindən, andlı Ədliyyə tərcüməçisi vəzifəsini də icra edirdi.Çar Rusiyası zamanı bəzi dövlət məmurları , müəllimlər və məktəblilər xüsusi forma geyinmək məcbutiyyətində idilər.Atam da qızılı düymələri və qızılı naxışla işlənmiş yaxalığı olan uzun, qara pencək geyirdi. Rəsmi günlərdə isə qılınc da taxırdı.
Çox güclü və çevik bir insan olan atam , əsas vəzifəsindən başqa, müəllimlik edər, Türkcə nəşr edilən qəzet və dərgilər üçün şeirlər ,məqalələr və uşaqlar üçün oxu kitabları yazardı. Onlardan birini xatırlayıram,o dövrün dəbinə uyğun belə bir başlıq da qoyulmuşdu -“ Hazain Əl –etfal”(gərk ki “Uşaq xəzinəsi”). Bir çox tərcümələri , zəngin kitabxanası vardı. Ayrıca, səhnə işlərinə də marağı çox idi. Evimizin uzun və geniş balkonunda dostaları ilə birgə bir səhnə qurmuşdular.Türkcə kiçik pyeslər, vodevillər oynayırdılar. Qadın roluna da tanışları Alma xanım adında bir erməni qadını dəvət edirdilər. Bu tamaşalardan əldə olunan pullar “Cəmiyyəti Xeyriyyə” adında bir təşkilata verilirdi. Sonra öyrəndiyimə görə bu təşkilat Azərbaycan Milli Hərəkatının ilk cücərtiləriymiş. Bütün bunlar azmış kimi atam bir boyaqçı fabriki də qurmuşdu...
Atamı Şirvanlı Mir Seyfəddin ağa deyə tanıyırdılar.Əslən Qazaxdan olan anama isə Şəhirbanu adını Tiflisin Türk məhəlləsində-bazarda ticarət edən, anamın böyük qardaşı Yusif dayım vermişdi.
Atam uşaqları çox sevirdi.Və anamdan on iki uşaq istəmişdi;atam masanın bir başında , anma isə o biri tərəfində oturmalıymış. Hər iki yanda da uşaqları altı-altı cərgələnməliymiş.Anamın dediyinə görə , o, bu sayı on birə çatdıra bilib, amma uşaqların ömürləri qısa olub.Onlardan ancaq biz dördümüz qalmışdıq-böyük qardaşım Əli, bacım Sürəyya, ortancıl qardaşım Keyqubad və mən. Məndən sonra doğulan kiçik qardaşım Hüseyn körpə yaşlarında öldü. Bu uşaq görünüşcə beş-altı yaşlı uşaqları xatırladırdı- zəkalıydı və bir neçə dildə danışmağı bacarırdı. Atamın dostu olan professor Rosenbaum bizə qonaq gələndə qardaşımı görüb, heyrət etmiş və :”Bu uşaq yaşarsa, çox böyük bir düha olar!” demişdi... Fəqət onu da əlavə etmişdi:”...Yaşaması şübhəlidir!”
Qısa bir vaxtdan sonra qardaşım Hüseyni torpağa verdik.
Ailəmizdə olan şəcərəyə görə soy-kökümüz Cəfər Sadıqdan gəlirdi.Rəvayətə görə Cəfər Sadıqın ailəsi Şirvan xanlığının Şamaxı(Şamdan gələn əxilər) şəhərində yerləşdirilmişdilər.Ona görə də adımızın önünə”Mir” və ya “Seyyid” verilib.
Bütün qadınlar kimi ,anam da qardaşımın ölümündə “gözdəyməni” baiskar bilirdi.Yəni, bir gün bizə bir qadın qonaq gəlibmiş və yanaqları qızarmış uşağı görərkən”Maşallah!” demədən: ”Aman , nə gözəl uşaqdır!” deyibmiş... Professorun sözləri təbii ki, nəzərə alınmadı...
Bizim ev, ata və ya ana tərəfindən bir çox qohum-əqrabalarımızın uşaqlarının məktəbə girməsi üçün bir adlama körpüsü rolunu oynayırdı. Bu uşaqlar bizə gəlir, qardaşlarım, liseydə oxuyan bacım onlarla məşğul olur və bu uşaqları imtahana hazırlayırdılar.Sonra atam tanışları vasitəsilə müxtəlif yerli və əcnəbi məktəblərə yerləşdirirdi. Eyni şəkildə, Şamaxı zəlzələsində yeganə sağ qalan əmim oğlu Seyid Məhəmməd də bizə gəlmiş və o da məktəbə yerləşdirilmişdi.
Anam Qazax türklərindəndi... Çox ağıllı və cəsur bir qadındı.Yaxşı at minər, silahdan istifadə etməyi bacarırdı .Özünün təhsili olmadığı halda , oxumağa böyük əhəmiyyət verir; qohum-əqraba uşaqlarını-qız, oğlan; evimizə gətirir, böyüdür, oxudur, evləndirirdi...
Bir gün anam , yaşlı olduğu üçün bizim Qasım dayı dediyimiz bibisi oğlunun qızını evimizə gətirmək üçün kəndə getmişdi.Adı Şərəf olan bu qız çox gözəl idi... Hələ on üç yaşı olmasına baxmayaraq, elçiləri çox idi... Halbuki anam onu böyüdüb yaxşı bir ailəyə vermək istəyirdi.O axşam iki atlı elçi gəlmiş, evin qabağında dayanaraq kişilərdən kimin evdə olduğunu soruşublar. Evdə kişilərdən kimsə yox imiş. Anam işin nə yerdə olduğunu dərhal anlayaraq , Şərəfi barxananın arxasında gizlədərək, uşaqlardan birini çölə göndərir ki, baxıb görsün gələnlər kimlərdir. Ancaq kişilərdən heç birinin evdə olmadığını anlayan “elçi” uşaqla bərabər evə soxulub, qızı axtarmağa başlayır.Lakin anamın kişinin üzərinə atılmağıyla, xirtdəyindən yapışıb yerə yıxmağı bir olur.Bir əlilə də yerə sərilmiş döşəyin kənarındakı lampanı onun başına çırpır.Yanmağa başlayan kişi özünü güc-bəla ilə çölə ata bilir.
Atamın Ədliyyədə məmur olduğunu öyrənən “çağırılmamış qonaqlar” ertəsi gün bir dəstə ağsaqqal göndərib, bağışlanmaları üçün yalvarmışlar.Bu hadisədən sonra anamın şücaəti bütün Qazax kəndlərinə yayılmışdı.
* * *
Elə bu dövrdə böyük Rus imperatorluğunun bir çox yerlərində fəhlə tətilləri, ixtilaflar, sabotajçılıqlarla bağlı xəbərlər də gəlirdi. Bir qism qəzetlərdə artıq hökumətə qarşı açıq-aşkar yazılar yazmağa başlamışdılar.Senzura ucbatından bəzən məqalələr yayımlanmır, bəzi günlər qəzetlərin iç səhifələri ağ çıxırdı. Atam bunların səbələrini izah etməyə çalışır, Türk olmayanlara danışmamağı bizə tövsiyə edirdi.
1905-ci ilin bu qarışıq günlərində məni Tiflisin Birinci Klassik Liseyinə verdilər.Oraya qeyri-rus şagirdləri də qəbul edirdilər.Rus dilini yaxşı öyrənmədən liseydə təhsil almaq mümkün deyildi. Bu sayaq internat tipli məktəbdə həm oxumaq , həm də qalmaq mümkün idi. Mənimlə bərabər, məndən böyük qardaşım Keyqubad da eyni liseydə yatılı olaraq oxuyurdu. Mənim oraya girdiyim vaxt qardaşım ikinci sinifdəydi.Klassik liseylərdə bir alt hazırlıq,bir üst hazırlıq olmaqla yanaşı, əlavə səkkizillik təhsil də var idi.Yəni bütün təhsil cəmi onillik idi. Səkkizillik təhsil isə hərətərəfli imtahanla sona çatırdı.Alt hazırlıq sinfinə girmək istəyən uşaqlar da imtahanla qəbul olunurdular: Riyaziyyatı və oxuyub-yazmağı mütləq bacarmalıydın.
Uğurla keçən riyaziyyat imtahanından sonra mənə qəzet verib oxutdurdular. Son hadisələrlə əlaqədar anam qəzetlərdəki xəbərlərlə maraqlandığından mənə oxutdururdu.Bu səbəbdən də qəzeti sürətlə oxumağa öyrəşmişdim. Müəllimlər çox razı qalmışdılar.Yer olmadığı halda məktəb müdiriyyəti mənə yatılı oxumağa icazə verdi.O vaxt lisey idarəsi yatılı oxuyanlardan çox pul alırdı. Bununla belə liseyə girmək çox çətin idi.Çünki bu lisey Qafqazın ən yaxşı məktəbi sayılırdı.
Rusiyanın inqilab havası artıq Qafqaza da gəlib çatmışdı.Liseyə girməyimdən cəmi-cümlətani bir neçə ay keçmiş olardı. Bir gecə yataqxanamızda yatdığımız vaxt küçədən gələn atışma səslərinə oyandıq.Biz balacalar çox qorxurduq.Gecə yataqxanada növbətçi qalan müəllimin yanına qaçıb, atışmanın səbəbini soruşduq.Bizə düz-əməlli bir cavab verməyib, sadəcə, sakitləşdirməyə çalışdı...
Səhəri gün şəhərdən gələn yoldaşlarımız gecə şəhərdə qarışıqlığın olduğunu, rus əsgərlərinin erməni məhəlləsi olan “Hallabar”a basqın etdiklərini və çoxlu silah-sursat olan cəbbaxana aşkar etdiklərini danışdılar.Deməli, ermənilər silahlanırdı. Amma niyə? İnqilabmı edəcəkdilər, yoxsa başqa bir məqsədlərimi vardı? Buna bizim uşaq ağlımız cavab tapa bilmədi.Bir neçə gün sonra gözlənilmədən lisey idarəsi iki həftəlik tətil elan elədi.Biz də qardaşım Keyqubadla evimizə getdik.Bir tərəfdən sevinir,digər tərfdən də dərslərin qaldığına kədərlənirdik.Amma əsl kədər , sən demə, bizi hələ qarşıda gözləyirmiş...
Bu fəlakət ailəmizə qəfildən gəldi.Bir axşama atam arın-arxayın yatağına girmiş və anamadan ona bir siqaret verməyini xahiş etmişdir.Siqaretin tüstüsünddən bir qullab vurmuş və ölərək yatağında qalmışdır.
Bu zəhrimara qalan siqaret 43 yaşında gənc və sağlam atamı aparıb getdi.Bu gün də siqaretə nifrət edirəm.Gələn həkim onun ölümünü təsdiq elədi.Ediləcək heç nə yox idi.Mən o vaxt orada heç kimin olmadığı bir anda onun çarpayısının altına girib, atamın tozlu ayaqqabılarını öpdüm.Onunla vidalaşmağım bu qədər oldu.
Gecə qohum-əqrabalar gəldi və məni dayımın qızı Mina bacıgilə göndərdilər.O, yüzbaşı Həsən Talışxanlı ilə evliydi.Mən yaşda oğulları İlyas, bir-iki yaş kiçik Fuad və Asya dalı balaca qızları var idi.
O günlərdə hər şey xalqı coşdururdu; havada maqnit vardı sanki.Rusiya imperatorluğunun hər yerində inqilabi hərəkatlar qeyd edilir, buna qarşı asayiş qüvvələri aciz idilər.
Budur ertəsi gen səhər, öndə orkestrin müşayiətilə qohumlar, tanışlar, dövlət məmurları atamı son mənzilə yola salarkən, narın-narın payız yağışı yağırdı.Bu arada coşqulu bir xalq kütləsi-tələbələr,işçilər, qadınlar, kişilər əllərində qırmızı bayraqlarla inqilabi ovqatla dəfn mərasiminə qatıldılar.Tez-tez gah sükut edildi, gah da atəşli nitqlər söyləndi və sonda orkestrə marselyoz çalmaq əmr olundu.Marselyozun sədaları altında hamı bir ağızdan rus dilində nəğmələr söyləyirdi.Polislər cəsarət edib yaxınlaşmadılar.Beləliklə, dəfn mərasimi bir neçə saata sona yetdi, zavallı atam “rahatlandı”.
Atasız qalmaq məni çox sarsıtmışdı.Bu azmış kimi , anamdan da ayrılıb Qubad qardaşımla təkrar məktəbin dörd divarları arasına girdik.Artıq oxumağın vacibliyini anlamışdıq.Var qüvvəmizlə özümüzü dərslərə həsr etdik...
Artıq payız yelləri, yağan yağışlar Tiflisin havasını əməlli-başlı soyutmuşdu.Baxçadakı ağacların sarı və qırmızı yarpaqları havada uçuşurdu.Pəncərənin önündə durmuş, təpənin altında keçən qatarları seyr edir, onlarla Bakıya evimizə salam göndərirdim.O an arxadan bir səs məni çağırdı.Döndükdə, rusca “dyadyuşka”-yəni əmi deyilən xüsusi geyimli bir xidmətçi gördüm.Çar Rusiyası dövründə forma çoz vacib idi. Xidmətçilərdən başlayaraq, ən yüksək rütbəli məmura qədər hamı forma geyinməli idi. Xüsusilə, məktəblilər uniformasız küçəyə çıxa bilməzdilər.Kəmərlərin toqqasında və papaqların nişanlarında oxuduqları məktəbin işarəsi olurdu.Qızlar liseyində isə ancaq papaq nişanı və rəsmi paltar geymək məcburi idi.
Xidmətçi gülümsəyərək, mənə yaxınlaşdı:”Balaca! Müavin səni gözləyir.Tez ol!”-dedi.
Müdir müavini erməni idi, atamı tanıyır, məni də çox istəyirdi.Otağına getmək üçün çox uzun yol qət etməli, dəhlizin o başında yerləşən lisey kilsəsinə çatmaq , qarşısındakı qapıdan keçib, laxlayan pilləkanla aşağı enmək lazım idi.O vaxtlar liseydə elektrik yox idi.Dəhlizlərdə, böyük iş otaqlarında, salonlarda, yataqxanalarda, siniflərdə qazla işləyən lampalar asılmışdı.Onların yağlı boyadan hazırlanmış, içi ağ boya ilə rənglənmiş abajurlarından qorxardım.Birdən üstümə düşsələr?Axşamlar onların yamnasını maraqla seyr edirdim.Əlində qoşa ayaqlı bir nərdivan, saqqallı xidmətçi bunların iri şüşələrini silər və yanında gəzdirdiyi lopa ilə bir-bir yandırardı.
Müdir müavininin otağına enən pilləkanda lampa yox idi.Bir gün liseydə tələbə yığıncağında mənə Krılovun “Tutuquşu və xoruz” şeirini söylətmişdilər.Boyum çox balaca olduğuna görə müəllimimiz məni kürsünün üstünə çıxartmışdı.Şeiri o qədər gözəl demişdim ki, müavin kürsüyə doğru gəlib məni qucağına alıb öpmüşdü.O gündən bəri müəllimlərim mənə “tutuquşu” ləqəbi vermişdilər.
Müavin bəyin həyat yoldaşı və məndən yaşca böyük uşaqları məni görüncə əhatəyə aldılar və iri bir kresloda oturtdular.Mənim bu vəziyyətimi görən müdir müavini Aleksandr Davidoviç Saparov güldü:
-Neyləyirsiniz, sonra “tutuquşu”nu tapa bilmərik,-dedi.
Nəhayət, Aleksandr Davidoviç məsələni açdı:
-Oğlum, sabah atanın qırxıdır.Dayınız mənə məktub yazıb, sənə və qardaşına icazə verməyimi xahiş edir.Hər ikinizə icazə verdim, növbətçi müəllimə icazə aktını hazırlamaq üçün xəbər göndərdim.Onu axşamdan alın və sabah tezdən gedin.
Ertəsi gün qardaşımla Tiflisin türklər yaşayan Şeytanbazar məhəlləsində yerləşən Vorontsov prospektinə getdik.Xalça taciri olan Hacı Yusif dayımızın gözəl xalılarla döşənmiş böyük qonaq otağında yas mərasimi üçün hazırlıq gedirdi.Mətbəxdən başqa həyətdə də iri qazanlarda , kasıblar üçün plov bişirilirdi.Anamın dediklərinə görə , eyni qazanlarda 1877-78-ci il Rusiya ilə müharibə zamanı əsir düşən Türkiyəli qardaşlarımız üçün də yeməklər bişirilimişdi.O zaman balaca uşaq olan anam, onların söhbətlərini, hüzn dolu mahnılarını dinləmiş və bəzilərini yadında saxlamışdı. Ara-sıra onları uşaqlara söylər, gözləri yaşla dolardı...
Allah amandı,
Dağlar dumandı,
Gedən gəlmədi-
Halım yamandı...
Bizdə yas yerində çay içilir,”Quran” oxunurdu.Nazik lavaşlar arasında sarı halva(dürmək) qoyulurdu.Yemək yeyiləndən sonra, yenə də çay içilir və camaat dağılışırdı. Dayımın dost-tanışları çox olduğundan yaxın türk kəndlərindən də yasa gələnlər vardı.
Əslində Azərbaycan Tiflisin Şeytanbazarı məhəlləsindən başlayırdı.Belə ki, hər tərəfi türk kəndləridir.Gələn qohumlar arasında Qacar sülaləsindən olan, xətrini çox istədiyim Xancahan Mirzə də vardı. Həmişə milli geyimdə gəzən, uca boylu, iri gövdəli, pəhlivan cüssəli bir adam idi.Mənə “Zikr və Qulhuvallah”ı o öyrətmişdi.İndi hər gün yatmazdan əvvəl onun ruhuna salavat çevirirəm.Heç olmasa , ölülərimiz üçün bu duaları oxuya bildiyimə görə...
Rus uşağı – Ermənilər
Zöhr (günorta) namazı yenicə qılınmışdı ki, əvvəlcə yuxarı məhəllədə, sonra da Hallavarda silah səsləri eşidilməyə başladı.Hamı yerindən qalxdı:”Görəsən nə olub?”
Bir az sonra bizim həyət –baca yuxarı məhəllədən qaçıb gələn qadın vı uşaqlarla dolmağa başladı.Bir arvad yanan evindən yalnız bülbül qəfəsini götürə bilmişdi.Ermənilər qəflətən Türklərə hücum etmişdilər.Yarım saat keçməmişdi ki,bizim məhəllə ermənilər toplaşan iki qarşı təpədən gülləbaran edildi. Heç kim bunun səbəbini anlamadı: Bu düşmənçilik haradan? Daim Türklər və ermənilər çox yaxın iki dost kimi dolanırdılar. Hərəkətləri, ənənələri bir, eyni havaları söylər,eyni musiqi onları coşdurardı. Azərbaycanın bir çox yerlərinə tək-tük erməni kəndləri səpələnmişdi.Onlara pislik etmək heç kimin ağlından belə keçmirdi.Bir çox ermənilər qonşu Türk kəndlərindəki tanışlarının uşaqlarına kirvə olurdular.Onlar artıq evin ən yaxın dostu sayılardı.Toy və bayramlarda bir-birini ziyrət edər, dərd-sərlərini bölüşərdilər.İndi nə olmuşdu?Bu düşmənçilik haradandı?Səbəbi nə idi? Heç kim o zaman bu suallara cavab verə bilməmişdi.Ancaq ortada bir həqiqət var idi: Təpədən-dırnağa silahlanmış ermənilər türklərə vəhşicəsinə hücum etmişdilər.
Artıq atamın dərdi yaddan çıxmış, başqa dərd başlamışdı.Bu bəladan qorunma və xilas olma yolları axtarılmalı idi. Elə bu vaxt dayım, dərhal adamlarını ov ləvazimatı və güllə satılan dükanlara qaçırtdı.Köhnə tüfənglər, tapançalar,xəncərlər,qəmələr-xülasə,silah nişanında hər nə varsa, toplandı.Qonşulara uşaqları göndərdilər-barıt, saçma,patron,piston nə varsa, yığıb gətirsinlər. Kənddən qonaq gəlmiş birisini yaxındakı kəndlərə qaçırtdılar ki, bizimkilər köməyə gəlsinlər.
Qısa bir vaxt ərzində dayımın evi bir qalaya dönmüşdü. Evin hər iki tərəfə açılan pəncərələri mazqallara çevrilmişdi: içinə qum və torpaq doldurulmuş çuvallar, pəncərələrin altına yerləşdirilmişdi, kişilər də növbə ilə sipərlərə söykənib atəş açırdılar.
Ermənilər dayanmadan güllə yağdırırdılar; anlaşılan bu idi ki, cəbbəxanaları boldur.Bizdə isə tam əksinə- boş yerə atəş açmamağa çalışırdılar.Yalnız durbinlə görünən hədəfə güllə atılırdı. Bir çox türk evləri yanırdı.Kəndlərə xəbər aparan adam geri döndü.Rus əsgərləri körpülərin üstünü tutmuş, kimsəni gedib-gəlməyə qoymurdular... Qərar verildi ki, gecə bir daha cəhd edilsin. Mütləq keçmək gərəkdir, əks təqdirdə silah-sursat yetməyəcəkdi...
Axşam olmuşdu.Ermənilər ara vermədən məhəlləyə güllə yağdırıdılar.Qardaşım Qubadla mən silah ata bilmədiyimiz üçün, qadınlarla birlikdə qəliblərə qurğuşun əridib tökürdük, fişəng hazırlayırdıq.Mən bu işlə məşğul ikən qəfil bir güllə evin taxta divarını dəlib keçdi, başımın üstündən vıyıltı ilə divara saplandı.Qorxudan alt dodağım çatlamışdı. Lakin vəzifəmi böyük bir qeyrətlə yerinə yetirirdim.Çünki işin ciddiliyini başa düşürdüm.
Hər tərəfdən bəd xəbərlər gəlirdi, bizimkilərin itkisi çox idi, eyvanımız, qaçıb canlarını qurtaran arvad-uşaqlarla dolurdu. Bura yüksək divarlar arasında olduğuna görə düşmənin güllələri bizi tutmurdu.
ardı var