Rəsulzadəyə qarşı şok ittihamların yer aldığı kitab - III hissə

resulzadeye-qarsi-sok-ittihamlarin-yer-aldigi-kitab-iii-hisse-
Oxunma sayı: 1123

Məlumat üçün bildirək ki, XX əsr Azərbaycan tarixinin ensiklopediyası adlandırılan bu əsər çox ciddi və maraqlı faktlarla zəngindir. Əsərdə XX əsin əvvəllərində Cənubi Qafqazda, İranda və Türkiyədə baş verən proseslər əks olunub. Kitabda Əziz Alpoudun Məhəmmədəmin Rəsulzadənin, o cümlədən digər demokratik respublika qurucularının ünvanına şok ittihamları, onları satqınlıqda ittiham edən fikirləri yer alıb. Olduqca maraqlı və qalmaqallı məqamların yer aldığı kitabın elektron versiyası müəllif tərəfindən “Qafqazinfo”ya təqdim olunub. Biz kitabı bu gündən hissə-hissə çap etmək fikrindəyik. Kitabda yer alan fikirlərlə bağlı müzakirələrə qoşulmaq istəyənlər öz rəylərini göndərə bilərlər.

Beləliklə, kitabın üçüncü hissəni ixtiyarınıza veririk:


Qoçurda


Yenə may ayı gəlmişdi.Altıncı sinifdən yeddinci sinfə keçmək üçün yenə də imtahanlar vardı. İmtahanlara hazırlaşırdım, artıq Siroya ayırmağa vaxtım qalmamışdı. İmtahanlar da yekunlaşanda yeddinci sinfə keçdiyim məlum oldu.Çox sevinirdim ki, liseyi qurtarmağıma iki il qalır. Sonra Tibb fakültəsində oxuyub həkim olacaq və Türkiyəyə gedib orduda həkimlik edəcəyəm...

Mən Bakıya yola çıxmaq istəyirdim ki, teleqram gəldi:”Bizi gözlə, bu yay Qoçura gedəcəyik. Anan.”

Qoçur yaylağı Tiflisdən on səkkiz kilometr aralı dağlıq bir ərazidə, ətrafı meşələrlə əhatələnmiş, kiçik ,amma gözəl mənzərəli və saf havalı istirahət yeridir. Biz adətən, uzaq qohumlarımız olan Qacar şahzadələrinin imarətlərindən birini kirayələyirdik. Sara xalanın oğlu Üveys, Fərə xalanın oğlu Mikayıl bizim həmyaşıdlarımız olduğundan, onlarla yaxşı vaxt keçirirdik. Üveys Mülki Kral məktəbində, Mikayıl isə Hərbi Kral məktəbində təhsil alırdı.Oraya yalnız əsilzadə uşaqlarə qəbul edilirdi.Baxmayaraq ki, əmi və xalaqızları olan Minijə də Tiflisdə Əsilzadə İnstitunda oxuyurdu. Onun atası Kazım Mirzə general idi.Anası isə Gövhərbəyim idi. Bu uşaqların şahzadə olan ataları üç qardaş, bəy qızları olan üç bacı ilə evlənmişdilər.Qoçurda bu qadınların böyük mülkləri və hər birinin də ayrıca bir neçə imarəti vardı. Sara xalanın əri vəfat etdiyi üçün imarətin birini yayda kirayəyə verirdi. Bax, bu yay biz o imarəti kirayələmişdik.

Qoçurda vaxtımız çox şən keçirdi; həftədə bir dəfə piyada Tiflisə gələr, geri qayıdarkən də, funikulyorla Davud dağına çıxar, Davudun məzarının dəmir qapısına niyyət daşı sürtərdik. Bu daşın qapıya yapışıb qalması, niyyətimizin hasil olacağı demək idi.Burada daşı yapışdırmaq üçün bir xeyli əlləşər, yuxarıdan Tiflisin mənzərəsini seyr edə-edə sərinləşdirici bir şey içər, sonra da piyada yolumuza davam edərdik.Yolda Gürcü monastrına baş çəkər, bir az söhbət edib, hal-əhvallarını soruşar,onlar da bundan çox şad olardılar.

Yenə bir gün Davudun dağından keçdiyimiz vaxt hava xeyli qaralmışdı.Tiflisdə kinoya getdiyimizə görə çox gecikmişdik. Bağçada oturmağa belə vaxtımız yox idi.Uzaqdan qara buludlar sürətlə yaxınlaşır, arabir çaxan şimşək göy üzünü aydınladır, arxasınca da göy guruldayırdı. Nəhayət, yağış da yağmağa başladı.Yusif, atası Mikayıl, kiçik qardaşı Tofiq ,Üveys və mən yaxşıca islansaq da , həmişə getdiyimiz cığırı axtarmaqla məşğul idik. Arabir şimşək çaxır və biz də monastrı görən kimi istiqaməti müəyyənləşdirirdik. Nəhayət, monastrı tapa bildik. İçəri girdik, rahiblər bizə çay dəmlədilər. Monastrın nəzir qutusuna bir az pul atıb, onlarla sağollaşdıq. Rahiblərin biri bizi əlindəki gəmiçi fənəri ilə Qoçur yoluna qədər müşaiyət etdi. Artıq asan idi. Bundan sonra yol axtarmağa vaxt itirmədən gedə bilərdik.Yağış yağmırdı. Buludlar sürətlə başqa istiqamətə uzaqlaşırdılar.Göydəki ay da yolu az-çox aydınlaşdırırdı. Nəhayət , gecə yarısından sonra Qoçur çata bildik. Evdə hamı bizdən ötrü narahat olmuş, yollarda bizi gözləyirdilər.Gələr-gəlməz pal-paltarımızı dəyişib, çoxlu isti çay içə-içə başımıza gələnləri ətraflı danışdıq. Artıq hamının kefi yerinə gəlmişdi.

Qoçurun cənubunda piyada üç-dörd saatlıq məsafədə yerləşən, uzaqdan gömgöy görünən yüksək bir qaya vardı. Ora Koroğlu qayası deyərdilər. Rəvayətə görə, Koroğlu bir müddət buralarda qalar, sonra yenə də Bolu tərəflərə keçərmiş.Bir gün biz də hamımız ora getdik. Bu dəfə dayımın nəvəsi - Mina bacının oğlu İlyas da bizimlə idi. Atası Həsən Talışinski idi. Rus ordusunda zabit olduğuna görə onlar Tiflisdə qalmaq məcburiyyətində idilər. İlyas isə bəzən bizə qonaq gəlirdi. Bəzən biz də onlarda qalırdıq. Uşaq vaxtı İlyas məndən bir sinif yuxarıda idi. Əvvəlcə eyni sinifdə idik-birinci hazırlıq sinfində. Ancaq sonra atası ona müəllim tutdu və imtahanla bir sinif yuxarı adladı. Beləcə də məndən bir il qabaqda oldu. Ancaq beşinci sinifdə qaldı və yenə də eyni sinifdə görüşdük. Altıncı sinifdə bir daha sinifdə qaldı .Bu dəfə mən bir sinif yuxarıda oldum. İlyasın bir az qürurlanmaqdan xoşu gəlirdi-bu xasiyyət ona atasından keçmişdi.Bir gün biz qohum-qardaş bir yerə yığışıb söhbət edirdik. Söhbət əsnasında İlyas bizə kirayənişinləri Gürcü şahzadəsinin belçikalı gənc və gözəl arvadından danışdı: qadın ona aşiqmiş... Ondan başqa heç kimi gözü görmürmüş... “Yalan danışma!”-dedik. ”Bu belçikalılar, fransızlar məsələsini bilirik “- dedik... Ancaq o , qətiyyətlə qadının ona aşiq olduğunu deyirdi. Dostlar dözmədilər. Gizlincə İlyassız bunun əksini sübut etmək üçün, öz aralarında məni seçdilər. Xüsusən də, bu məsələdə Yusif çox israrlı idi. İlyas Tiflisə gedəndə mən də onlara qonaq getdim. Qadını gördüm. İlyas məni ona təqdim etdi. Bir ara İlyas çölə çıxanda, tez-tələsik fransızca ondan çox xoşum gəldiyini və gecə qonağı olacağımı dedim.”Non-non” - dedikcə, mən də qəsdən, ”One, one!” - dedim... Qadın etiraz etmədi. Əri Moskvadaymış. Yataq otağında kiçik qaynı yerdə yatır, yuxusu da lap ağır imiş... Bunları da-“Non, non!” deyən qadından öyrəndim...

Gecə İlyas, Fuad və Asyanın bərk yatdıqlarını bilib, açıq pəncərədən qonşu balkona keçərək, düz gözəl belçikalının açıq qoyduğu qapıdan yavaşca içəri girdim.Aydınlıq gecədə onu dərhal tapdım...
Səhər tezdən Qoçura yola düşdüm. Axşam dostlarım şərəfimə bir çay süfrəsi açmışdılar. Tapşırığı lazımınca yerinə yetirib, öz fikrimizi isbat edə bilmişdim... İlyas isə yanılmışdı...

Bir gün Yusiflə mən velosipedlə Mənglis istirahət bölgəsinə getməyə qərar verdik. Evdən həm icazə , həm də bir az pul və s. alıb səhər tezdən yola düşdük. Mənglis Qoçurdan şərqdə təqribən, qırx beş-əlli kilometr aralıda idi. Bura Borçalı kəndlərinin yaylaq yeri idi.Səhər tezdən velosipedlə gəzinti, üstəlik də yaxın dostunun yanında olmağı çox xoş olur.Yol boyunca bir-birimizə xatirələrimizi danışır, zarafatlaşa-zarafatlaşa gedirdik.Arabir bulaq başında dayanıb dinəclir, çantamızdakı yol azığımızdan çıxarıb yeyir, gözəl, soyuq bulaqlardan içib,yenə də yolumuza davam edirdik. Düz yol getdikcə azalır, daha çox meşənin içindən keçirdik.Yol boyunca nadir hallarda kiminləsə rastlaşırdıq.Daha çox at arabaları və bəzən də eşşəklərinə meyvə-tərəvəz yükləyib, yaylağa aparan kəndlilərlə qarşılaşırdıq.Yolun çox hissəsi yoxuş olduğuna görə, hərəkət etməyimiz də çətinləşirdi.Bəzi yerlərdə enib , velosipedin yanı ilə gedirdik.

Mənglisə düz günorta vaxtı çatdıq.Qəsəbəyə girməmiş çəmənlikdə bir az istirahət edib, sonra bulaq başında yuyunub, üst-başımızı təmizlədik və velosipedə minib, böyük küçə boyunca bir dəfə sürdük. Buranın gəzib-görməli heç bir yeri yoxdu.Qoçur daha doğma idi.Burada daha çox rus əsgər və zabitlərinə rast gəlirdin.Qış üçün istirahət evləri və zabit kazinoları vardı.Həm də ruslar əsəblərimizə toxunurdu.Qoçura gələnlərin çoxu türk, az bir qismi ermənilər olurdu. Ruslar az idi.Ancaq yatılı oxuyan Əsilzadə Qızlar İnstitunun tələbələri yayda Qoçura gəlirdilər.

Xeyli acmışdıq; ilk rastlaşdığımız , xeyli təmiz görünən yeməkxanaya girdik və atlarımızı da qapıda saxladıq.Gürcü ofisiant yeməklərin siyahısını gətirdi. Biz yemək sifariş etdik.Getdi, amma bir azdan geri qayıdıb:”Qurtarıb!”-dedi. Siyahıya bir də bxaıb başqa bir şey istədik. Ofisiant:”Baş üstə!”-deyib, getdi. Az sonra yenə yanımıza gəlib, eyni səs tonuuyla:”Qurtarıb!”-dedi. ”Yaxşı, yeməyə nəyiniz var?”-deyə soruşduq.Ofisiant tələsik yanımızdan uzaqlaşıb, bir azdan geri qayıtdı və:”Heç nə qalmayıb”-dedi.”İstəyirsiniz, sizə şiş kabab çəkək...” Bundan daha yaxşı nə olacaqdı? ”Tez hazırla!”-dedik.

Az sonra quzu kababı, yanında da tərəvəz salatı gətirdilər.Mənglisdə gəzməyə çox yer tapa bilmədiyimizə görə otelə tez getdik. Səhər sübh tezdən geri qayıtmağı fikirləşdiyimizdən, axşam da tez yatmağı planlaşdırmışdıq.Şorbadan ibarət yüngül axşam yeməyindən sonra yerimizə girməyə hazırlaşırdıq.Mənglisə forma geymədən gəlmişdik. Adi şalvar və yaxalıqlı qollu köynək geymişdik. Böyük bacım təkidlə:”Qalstuksuz getməyin, ayıb olar.Sonra yeməkxanalara buraxmazlar.”-demişdi. Hər ikimizə də qalstuk bağladı. Bax, elə buna görə işlərimiz dolaşdı: Heç birimiz qalstuk bağlamağı bilmirdik... Buna görə ya köynəklərimizlə yatağa girməli, ya da ki, başqa çarə tapmalı idik.Səhər oyananda tanımadığımız insanlardan qalstukumuzu bağlamalarını xahiş edə bilməzdik axı... Ağlımıza bir çarə gəldi.Qalstukun boyun hissəsini bir az boşaldıb, köynəyin düyməsini açdıq və beləcə köynəyi çıxarda bildik. Ancaq qalstuk boynumuzda yerimizə girdik... Səhər də eyni şəkildə köynəyi geyindikdən sonra qalstuku əvvəlki yerinə qaytardıq. Baxmayaraq ki , gecə qalstukları əzməmək üçün arxası üstə yatmağa qərar vermişdim, amma tezdən oyananda hər ikisi xeyli əzilmişdi...

Sübh tedən velosipedlə gəzinti çox xoş olur. Xüsusən də, yol düzgün və böyük bir qismi də enişdən ibarət olarsa.Günorta yeməyinə Qoçura çatmışdıq. Amma necə? Üstümüzdə quru heç nə qalmamışdı.Qoçur yaxınlığındakı meşədən keçdiyimiz vaxt uzaqdan bir gurultu eşitdik. Əvvəlcə başa düşmədik, ancaq gurultu getdikcə yaxınlaşırdı. Meşəlik ərazidən yenicə çıxmışdıq ki, göyün üzünü qara-qara buludlar bürüdü. Şimşək çaxır, göy guruldayır, buz kimi yağış damlaları güllə kimi üstümüzə yağırdı. Daldalanacaq bir yer yox idi.Onsuz, şimşək çaxarkən ağac altında gizlənmənin təhlükəli olduğunu bilirdik. İldırımın velosipedləri vura biləcəyi qorxusu ilə onları da şossenin kənarına qoyduq.Özümüz də heç olmasa bu yağışda kürəyimiz quru qalsın deyə bir təpəyə söykənsək də, istədiyimiz olmadı. Bu dəfə dayanmadan yağan sürətli yağışın suları təpədən aşağı axmağa başladı... Kürəyimiz təkcə islansa idi yaxşıdı, üstəlik palçığa da bulaşdı...

Buludlar gəldiyi kimi sürətlə uzaqlaşır, yerinə günəş görünürdü. Artıq paltar qurutmağa vaxtımız yox idi.Tez bir vaxtda Qoçura çatdıq. Hamı bizim vəziyyətimizə gülürdü. Qalstuklarımız pis, köhnə bez parçası kimi boynumuzdan aşağı sallanırdı. Hamıdan çox anam təlaş keçirmişdi.Çimmək üçün su, paltar və isti çay hazır idi.


Asya


Yusiflə Qoçura çatdığımız vaxt , bir imarətin önündə bir neçə liseyli qız otururdu. Heç tanımadığımız halda;(yəni üzdən bir-birimizi tanıyırdıq, amma yaxın tanışlığımız yox idi) bizim büsbütün islandığımızı görəndə yazıqları gəldi:”Ah yazıqlar!Sətəlcəm olacaqsınız”-deyə qışqırdılar.Bu minvalla aralarında sonradan adının Asya (ermənicə Astğık) olduğunu öyrəndiyim qız üzülmüşdü. Axşama yaxın imarətlərin önündəki küçədə gəzərkən, Asya qarşımıza çıxdı və çoxdanın tanışları kimi gülümsəyəərk soruşdu:”Üşütmədiniz ki?.. Çox islanmışdınız...” Beləliklə, Asya ilə tanış olduq. Liseyin son sinifindəydi. Atasının karamel fabriki vardı-Tiflisin Şeytanbazarı məhəlləsinə yaxın bir yerdə. Əslində, ora –yəni fabrikin yerləşdiyi yer, Siyon kilsəsi məhəlləsiydi və ermənilər məskunlaşmışdı. Axşamlar onunla küçədə gəzərkən, həmişə karamel çıxarardı cibindən- üstünə “Asya” yazılmış karamel... Deməli, atası qızını çox sevirdi.

Dərslər başlayanda yenidən Tiflisə döndüm. Asya ara-sıra məni qəbul günlərində liseydə yoxlardı. Bir dəfə də gələndə mənə şəkər və çiçək gətirmişdi.Üzürxahlıqla şəkəri qəbul edib, amma bir daha belə etməməsi üçün ricada bulundum.Çox duyğulu , başa düşən və gözəl xarakterli bir qızdı.Yaxşı dost olduq. Ara-sıra, bazar günləri gündüz birlikdə teatra və şənbə günləri kinoya gedərdik. Nədənsə, erməni qızları daha çox türk gəncləri ilə dostluq edər, erməni caamatının , daha doğrusu, “Daşnak” partiyasının dediklərinə fikir verməz, hətta , türklərlə evlənərdilər. Bu isə türk və erməni millətlərinin bir çox baxımdan yaxınlığına işarə idi.

Bir gün xəstələndim.Gimnastika tədbirində soyuqlamışdım. Asya da oraya dəvətli idi. Bazar günü məni görməyəndə, liseyimizə gəlmiş və xəstə olduğumu öyrənincə çox üzülmüş, çəhrayı bir zərf içində, çəhrayı rəngli kağızda məktub yazıb, xadimə vasitəsilə liseyin xəstəxanasına göndərmişdi.Yataqda zərfi açarkən içindən quru gül ləçəkləri töküldü. Asya xəstələndiyimi bilən kimi, çox narahat olduğunu və ağladığını yazırdı. Allahdan şəfalar diləyirdi... Xəstəxanadan çıxan kimi ona xəbər göndərməyimi xahiş edirdi... Müdiriyyət xəstələndiyimi teleqramla anama da bildirmişdi.Yazıq anam qorxaraq, dərhal gəlmişdi.Sən demə, həkim səhv diaqnoz qoyubmuş:”Sətəlcəm”dir, deyə sonradan belə bir şeyin olmadığı aydınlaşdı. Anam gələndə istiliyim düşmüşdü. Marmeladı (rahat hulqum) çox sevdiyimi bilən anam, Bakıdan bir qutu marmelad da gətirmişdi.Ayrıca qohumlarımız da şəkərbura, şəkərçörəyi , paxlava göndərmişdilər.Ayrılmazdan əvvəl anam mənə bir az cib xərcliyi verdi. Pulu mənə verəndə dik gözlərimin içinə baxdı və dedi:”Oğul, çalış-çabala, adam ol! İnsan oxumaqla adam olur. Bax,bizim türklərdən bir çoxu liseyi bitirməyib çıxdılar. Halbuki, oxusan həm özünə, həm də millətinə xeyir verərsən. Qızları hər zaman tapmaq olar.Onun da vaxtı gələr. İndi oxumaq lazımdır...”
Anamın haqlı olaraq bu sözləri deyərkən, mən Asyadan gələn və yastığımın altında gizlətdiyim çəhrayı məktubu düşünürdüm.
İlahi, anamın gözünəmi dəymişdi o məktub, yoxsa bizim yaşlı tibb bacısı ona bu barədə nəsə demişdi?..
Necə olursa-olsun , anamı haqlı bilirdim. Mən oxumalıydım, qızlarla əylənməyə vaxtım yox idi. Yoxsa, başqa cür bir Türk cocuğu rus liseyini bitirə bilməzdi. Bir çox Türk dostlarımın uzun bığları vardı. Rus müəllimlər onlara yarı zarafat, yarı ciddi “Papaşa”-“Ata” deyirdilər... yaşları da 23-25 arasındaydı. Amma bütün səylərinə rəğmən, çox azı liseyi bitirə bildi...

Anamdan ayrılandan sonra, Asyanın məktubunu yastığın altından çıxardım:”Anam haqlıdır!”-deyə, cırdım, artıq Asya ilə görüşləri kəsdim.Özünə dərslərimin çox ağır olduğunu , görüşməyə heç vaxtım olmadığını bildirəndə, Asya hədsiz kədərləndi:
- Yəni bir daha heç vaxt görüşməyəcəyik?..
Mən ona:
- Liseyi bitirəndən sonra... -deyə cavab verdim...


Qızıl


Payızın yağışlı, dumanlı günləri idi.Çalışırdım ki, dərslərimi buraxmayım. Beləliklə, Latın dilindən böyük uğurlar qazanmışdım.Viktor İvanoviç Şamov həm latınca müəllimimiz, həm də sinif rəhbərimizdi.Məni tez-tez ayağa qaldırır, gələcək dərsləri tərcümə etdirir, oxunuşu çətin olan latınca şeirlər söylətdirirdi.Sevinirdim.Bu il sonuncu sinfə keçəcəkdim; sonra da universitetə. Həkim olacağam... Türkiyəyə gedəcəyəm... Orduda xidmət edəcəyəm.Uşaqlıqdan bəri arzuladıqlarım gerçək olacaqdır!.. Axşam saat iyirmi radələri idi. Dolğun, iri yağış damcılarını çalışma otaqlarının böyük pəncərələrinə çırpırdı. Dərslərimi bitirmişdim. Kiçik tələbələr hamısı birdən qalxıb getdilər.Onlar bu saatlarda yataqlarına girməliydilər. Ancaq altı, yeddi və səkkizinci siniflər saat iyirmi ikiyə qədər otura bilərdilər.

Uşaqlar salondan çıxarkən, məni də yuxu basdı; başımda bir əcaib ağrı vardı, başımın dərisi çatlayırdı.Öz-özümə, görəsən nə var, deyə düşündüm.Çıxıb yuyunma otağının əlizyuyanında başımı soyuq su ilə islatdım.Amma yenə də dərisinin gərginliyi azalmadı.Öz-özümə:”Yatsam yaxşıdır”-deyib, dəhlizin baş ucundakı yataq otağımıza getdim.Özümü yaxşı hiss etmirdim. Hər halda çox çalışmış və yorulmuşdum. İstirahət edim deyə ,yataqxanaya girdim. Birinci və ikinci korpusu keçdim, uşaqlar soyunub yatağa girmişdilər. Mənim də “starşıy uçenik” (böyük tələbə) olduğum halda bu qədər erkən yatmağa getməyimdən çaşdılar.Kim bilir, onlar mənim yerimdə olmağı nə qədər arzulayırdılar.Daha iki saat artıq oturar, çənə vurar, nağıl kitabları oxuyardılar.Üçüncü otağa girdiyim zaman xəfifcə başım fırlandı.Yataqxana boş idi. Yalnız gecə gözətçisi əlində qurma saat, ortaya sərilmiş yumşaq yolluq üzərində səssizcə yeriyirdi.Yağış boş otağın pəncərələrini döyəcləyirdi. Mən cəld soyunub yatağıma girdim.Başımı sanki bir şeylə sıxırdılar.Gözlərimi yumdum, çalışdım ki, yuxulayım... Bir ara oyandım. Elə bil məni boğurdular.Yorğanı üstümdən atıb,ayağa qalxdım.Ətrafı görmürdüm, sanki başım üstümdə deyildi.Vəziyyətimi balacaların birinci yataq otağında yatan növbətçi müəllimə bildirmək məqsədiylə, xəyalən istiqaməti təyin etdim və yeridim... Yolu görmürdüm... Ondan sonrasını xatırlamadım. Bu vaxt dostlarım məni görmüşdülər.Sonuncu sinifdən iki dostum arxamca gəlmişdilər.Ağzıüstə yıxılan anda məni tutmuşdular.Məni bir yatağa uzadıb, növbətçi müəllimi qaldırmışdılar.Ayılanda liseyimizin xəstəxanasında olduğumu anladım.Təcili çağırılan həkimimiz və ixtiyar yaşlı tibb bacısı başımın üstündəydi.Həkim saçlarımı oxşayıb:”Bir şey yoxdur, kiçik uşaqların xəstəliyindən tutmusunuz, təhlükəsizdir.Sizin “Qızılca” dediyiniz xəstəlikdir”-dedi.Sonra tibb bacısına dönərək:”Təcili yardım xəstaxanasına xəbər verin, bir maşın göndərsinlər.Lisey uşaq xəstəxanasında qala bilməz, xəstəliyi bütün uşaqlara yoluxar”-deyə, əlavə etdi.

“Eyvah!İndi dərslərim nə olacaq?”-deyə düşündüm.Az sonra xəstəxana maşını gələrək məni tibb bacısı ilə birgə götürüb apardı. Məni xüsusi bir otaqda yerləşdirdilər.Qonşu otaqlardakı kiçik çarpayılarda körpə xəstə uşaqlar yatırdı.Sabaha qədər rahat yatdım.Sübh tezdən həkim gəldi, istiliyimin düşdüyünü, gecəki krizin bir daha olmayacağını söylədi...

Gerçəkdən də, xəstəlik yalnız bir gecənin içində keçib getdi. Amma xəstəxanada ən azı üç həftə qalmağım tələb olunurdu. Mənə baş çəkməyə gələn tələbə yoldaşlarımdan öyrəndim ki, iki ay dərslərə buraxılmayacağam.Bunun liseyin nizamnaməsi yasaq edirdi.Dostalarım ən böyük faciəvi olanı məndən gizlədiblərmiş.Nizamnaməyə görə, iki ay dərsə girməyən tələbə o il sinifdə qalırmış...

Ertəsi gün səhər anam xəstəxanaya gəldi.Təbii ki, yanıma buraxmadılar, yalnız pəncərənin arxasından danışa bildik.Yazıq anam pərişan haldaydı.Bizim liseyin müdiri o gecə evə teleqram vurmuş:”Oğlunuz ağır xəstədir, dərhal gəlin!”.. Bunu alan hansı ana evdə qalar... Dərhal birinci qatara minmiş və birbaşa liseyə gəlmişdi.
Elə oradaca hansı xəstaxanada yatdığımı ona söyləmiş, tibb bacısı xəstəliyimin qurtardığını anama bildirsə də, teleqramı alan anam heç cürə inamamış və onu aldatdıqlarını düşünmüşdü. Ancaq pəncərənin o üzündə məni gülərüz görən zavallı anam sevincindən göz yaşlarını saxlaya bilmədi.
Anam bir həftəyə qədər Tiflisdə qaldı.Qohum-əqraba, tanış-biliş tez-tez mənə dəyməyə gəlirdilər. Bir gün Asya da gəldi.Mənə çiçəklər gətirdi. Pəncərə qarşısında göz yaşlarını saxlaya bilmədi.

Liseydən kitablarımı istədim.Gətirdilər.Dostlarım mənə məktubla keçdiyimiz dərsləri bildirir, mən də xəstəxanada onlardan geri qalmamağa çalışır, arabir də balaca xəstələrə baş çəkirdim. Xəstəxanada mənim yaşımda heç kim yox idi. Hamısı balaca körpələr idi.Tibb bacıları baxıb elə hey gülərdilər:”Necə oldu ki , bu qədər gecikdiniz?” Qızılca xəstəliyinə, ümumiyyətlə, balaca uşaqların tutulduğunu deyirdilər. Ancaq bir gün mən zarafat mövzusu olmaqdan qurtuldum-qızılca xəstəliyinə tutlmuş bir rus generalı gətirdilər... Artıq mən unudulmuşdum!..

Bir gün səhər növbətçisi tibb bacısı mənim otağıma girdi və bir xahiş etdi:Bir erməni qadınının iki-üç yaşında olan uşağının vəziyyəti çox ağır imiş. Digər uşaqların onun bu halını görməsini istəmədiyindən onu məni otağıma gətirmək istəyirdi:”Məmnuniyyətlə!”-dedim. Balacanın kiçik beşiyini mənim otağıma gətirdilər.Yazıq uşaq canı ilə əlləşirdi. Erməni qadın uşağın yanında oturub, dil qəfəsə qoymadan türkcə məndən soruşurdu:
- Necə, uşaqda bir şey varmı? Aman balam!-deyə dizlərinə döyürdü.
Mən qadını yaxınlaşan fəlakətə hazırlamaq istəyirdim:
- Neçə uşağınız var ?-deyə soruşdum.
O sevinclə:
- Beş-dedi.
- Allah saxlasın!-dedim.

Qadın çox şad oldu. Sanki mənim belə deməyimlə balası da qurtulmuşdu. Bir ara uşağın qeyri-təbii xırıldadığını eşitdim və dərhal tibb bacısını çağırdım.O gəlib, iynə vurub getdi.Uşaq sanki yaxşılaşmış kimi oldu və rahat nəfəs aldı. Bütün gecəni yatmamış yazıq ana stulda xəfif mürgüləyirdi.Qadın gözlərini açdığı vaxt uşaq bir an silkindi və qamqart oldu.Gözləri sanki anasını axtarırmış kimi açıldı.Qadın balasının ölümünə inanmaq istəmirdi:
- Necə, uşağa nəsə oldu? Yoxsa öldümü balam?..
- Narahat olmayın,dayanın mən tibb bacısını çağırım, lazım olarsa , həkimə də xəbər verər, -deyə, - ona təskinlik verməyə çalışırdım.
Çölə çıxıb tibb bacısını çağırdım.O, yalandan qurdalandı.Uşağın nəbzinə baxıb, sonra da həkimi çağırmağa getdi.Qadın artıq başa düşmüşdü:”Balam!..”-deyə, hönkür-hönkür ağlayırdı.Ona əlimdən gəldiyi qədər təskinlik verməyə çalışırdım:
- Allah sizə beş uşaq vermişdi. İndi birini sevib geri aldı. Ağlamayın... Allah saxlasın hələ dörd uşağınız var...
- Ah, oğlum!.. Bu beş barmağın hər birinin öz yeri var, eləcə də, balaların...
Qadın haqlı idi, nə deyə bilərdim ki? Həkim gəldi, ölümü müəyyənləşdirdi.Uşağı apardılar. Qadın da getdi. Ayrılarkən:
- Allah səndən razı olsun , oğlum! Sən olmasaydın, mən burada tək-tənha dəli olardım.
Hə, özünü bu qədər rusun arasında tənha hiss edirdi, bir Türk ona yaxın və dost idi. Bunu cahil qadın hiss edir,erməni milləti bilir, ancaq bir ovuc avantürist erməni millətini rusların fitnəsinə uyaraq, Türk dostları ilə düşmən etmək istəyirdilər. Belə düşünə-düşünə 1905-ci il fəlakətini xatırlayıb, təəssüflənirdim. Halbuki, qarşıda daha faciəli bir qarşıdurmanın olacağını təsəvvür belə etmirdim.

Xəstəliyimin üçüncü həftəsi anam Bakıdan gəldi və məni evə apardı. Axşam qatara minib, ertəsi gün səhər Bakıya çatdıq. Biləcəriyə yetişən zaman mən başımı kupenin pəncərəsindən çıxarıb, Bakıətrafı “meşələri” seyr etdim; bunlar neft buruqları idi. Məmləkətimizin zənginliyi idi bunlar! Bir gün biz də müstəqil bir Dövlət qura biləriksə, bunların da böyük köməyi olar, deyə düşünürdüm. Anam məni:”Üşüyərsən”-deyə geri çəkdi və pəncərəni bağladı. İlıq bir payız havası idi. Anam məni hələ də uşaq hesab edirdi. Halbuki, bir il sonra universitet tələbəsi olacaqdım. ”Olacağam!” - deyə, düşünürdün. Ancaq lisey nizamnaməsindən xəbərim yox idi. Daha doğrusu, inanmaq istəmirdim. Bunun ,ancaq, iki ayı başa vurub, liseyə qayıtdığım vaxt həqiqət olduğuna inandım...



Şamov


Liseyə qayıdan kimi, dərhal dərslərə başladım. Xəstəlikdən sağaldıqdan sonra , ilk dəfə bazar ertəsi dərsə girirdim. Təsadüfən də ilk dərsimiz Latın dili idi.Viktor İvanoviç Şamov məni yanına çağırıb:”Artıq tam sağaldın. İndi var qüvvənlə dərslərinə çalış, yoldaşlarına çata bilərsən. Mən üç həftə səni qaldırmayacam.Coğrafiya və tarix müəllimlərindən də xahiş etdim, razı oldular. Var qüvvənlə Rus ədəbiyyatına və riyaziyyata çalış.Əslində, müəllimlər yığıncağı səni bu il sinifdə saxlamaq istəyirdi... Nizamnaməyə görə... Ancaq sənin çalışqan olduğunu və yoldaşlarına çata biləcəyini söylədim, qərarı dəyişdirə bildim”. Sevincimdən gözlərim yaşla doldu, udqundum-udqundum, müəllimə təşəkkür belə edə bilmədim.Hər halda vəziyyətimdən başa düşdü. Müəllim mənim bayıra çıxmağıma icazə verdi.Bayırda üzümə su vurub bir az toxdadım. Gülər üzlə içəri keçib, yerimdə oturdum.Sonra əlimi qaldırıb söz istədim.Müəllim dedi ki, söylə görüm nə arzun var? Ayağa durdum və müəllimlər iclasında məni müdafiə edib, bir ilimi itirməməm üçün mənə şans verdiyinə görə təşəkkür etdim:

- İnşallah, başınızı aşağı etməyəcəyəm!..Məktəbdən çıxanda bir riyaziyyat müəllimi tapmalı idim. Digər fənlərə özüm də hazırlaşa bilərdim. Elə xəstə olanda da evdə boş oturmamışdım. Mənə Kuest müəllimi tövsiyə etdilər.Onun ünvanını da Getzov ailəsi bilirmiş. Eyni küçədə yaşayırlardı.Axşam saat beşdə çıxış kağızını alıb, İzmayılov küçəsi, otuz səkkiz ünvanını axtarmağa getdim.Qısa vaxtda tapdım.Qapının zəngini çalandan sonra tanışım, liseyin sonuncu sinfində oxuyan, Terza ilə qarşılaşdım. Məsələni dedim, məni içəri dəvət etdi. Anası, atası və bacısı ilə tanış oldum. Təvazökar bir yəhudi ailəsi idi.Tereza da Kuest müəllimdən dərs alırmış. Bir azdan sonra evdən çıxdıq. İki-üç ev aşağıda , istirahət mərtəbəsində müəllimi tapdıq. Onun burnu qıpqırmızı idi.Hər halda:”axşamçılardan” idi.Lakin riyaziyyatçı kimi birinci idi.Dərsi o qədər gözəl başa salırdı ki, başa düşməmək üçün gərək kütbeyin olaydın.Tələbə ilə çox məşğul olurdu.Tereza ilə dərslərdə görüşüb-danışırdıq. Sonra məni evlərinə dəvət etməyə başladı. Beləcə də dostluğumuz möhkəmlənirdi. Konservatoriyada xüsusi pionino dərsi keçdiyi üçün mənim üçün çox şeylər çalırdı. Məqsədi məni klassik musiqiyə öyrəşdirmək idi. Halbuki, mən çox zəif qavrayırdım.Bir dəfə məni zorla konsertə aparmaq üçün təkid etdi.Getdik. Konsertdə:
-Baxın, indi payızdır... yarpaqlar tökülür...
Təəssüf ki, nə payızı , nə yarpaqların töküldüyüni hiss etmədim.
Bəzən operaya gedərdik. Lakin onun incəliyini anlaya bilmirdim.
Dərslərimdə uğur qazanırdım.Qısa bir vaxt ərzində bütün fənlərdən imtahan edildim. Müəllimlər çox razı qaldılar.Hələ riyaziyyatdan daha əvvəllər “kafi”dən artıq almayan mən, bu dəfə “yaxşı” və “əla” almağa başladım.Çünki Kuest müəllimin sayəsində riyaziyyatın əsasını yaxşı qavramışdım. Həm də latın dili müəllimim də məndən lap razı idi.Yalnız “əla” qiymətlər alırdım. Beləcə də, ona bu şəkildə təşəkkürümü çatdırırdım.


Liseyin sonuncu sinfi


Vaxt çox sürətlə ötürdü. İlk baharın necə gəldiyini yalnız “pasxa” münasibətilə icazəli , evə gedərkən anladım. Evdə də elə rahat deyildim.Hey dərslər barədə düşünür, səkkizinci sinfə keçmək üçün can atırdım.

May ayında dərslərdən çox imtahanlarla məşğulduq. Müəllimlər həm dərsləri təkrarladır, həm də imtahana düşəcək suallara yaxın mövzular üzərində bizləri çalışdırırdılar.Ancaq biz heç də buna inanmırdıq: müəllim imtahanda hansı mövzuların düşəcəyini hardan bilə bilərdi? Hər halda, bizi həvəsləndirmək üçün edilirdi bunlar.Çünki imtahanda soruşulacaq suallar da ola bilər deyə, hardasa önəmli mövzuların hamısını gözdən keçirirdik.
Nəhayət, imtahanlar uğurla nəticələndi.Bu qədər arzusunda olduğum səkkizinci , yəni sonuncu sinfə keçmişdim.Sonuncu sinif tələbələri adətə uyğun olaraq, bənövşəyi şapka yerinə, ağ şapka geyirdilər. Dostlarla dərhal belə bir şapka sifariş verdik və başımda ağ şapka evə gəldiyim zaman bizimkilər çox sevindilər, qucaladılar ,öpdülər...



* * *

Serbiyalı bir gənc Avstriya-Macarıstan vəliəhdini vurmuşdu (Sarayevo hadisəsi).Bütün dövlətlər bir-birinə qarışdı. Təbii, bu yalnız bəhanə idi. Səbəb daha dərinlikdəydi, yəqin ki...

Bax Birinci Dünya Müharibəsi beləcə başladı. Rusiya da hərbə girdi.
Yusif liseyi bitirmək haqqında diplomunu almışdı.Ona dərhal kostyum sifariş verildi. Bunu ən yaxşı tikən, Bakıda məskunlaşmış Polşalı dərzi Barinski idi. Hamımız Yusifi təbrik etdik. Rus liseyini bitirmək, doğurdan da, böyük bir uğurdu, xüsusən də, rus olmayan millətlər üçün. Hamı:”Sağ əli sənin başına”-dedi, mənə. İnşallah!

Müharibə get-gedə qızışırdı. Biz Türkiyənin bu hərbə qarışmasını daxilən heç istəmirdik; bir az istirahət etsin, başqaları döyüşsünlər deyə, düşünürdük.Almanlar Rusları xeyli sıxışdırmışdılar.Başlanğıcda ruslar bir qədər irəli atıldılar,ancaq sonra get-gedə zəiflədilər.Yayda hər axşam son xəbəri gözləyər, sonra yatardıq. Ruslardan qurtulmaq istəyimizdən, almanların onları üstələməsini arzulayırdıq.Yalnız türklərdən Rus Hərb Məktəbini bitirmiş xeyli zabit vardı. Bir çoxu da tanış və qohumlarımızdı.Təbii , onların başına bəla gəlməsini istəməzdik.

Qoçurda (yaylaq) bir xeyli gəzdik. Bu ara universitet tələbəsi bir rusun liseyin sonuncu sinif tələbəsi olan bir erməni qızının dalınca düşdüyünü gördük.Qız ona üz vermir, danışmaq belə istəmirdi.Rusu əsəbiləşdirmək üçün, bizim köhnə fəndlərimizdən birinə qərar verdik- “Qızla tanış olacağıq”. Doğurdan da, qızla qısa bir vaxtda tanış olub, hətta, dostlaşdıq. Marqo Gözəlyan, rusla tanış olmaq istəmədiyini bizə bildirdi və onun aşiq olduğunu, tez-tez məktublar göndərdiyini dedi. Marqo ilə yaxın dost olduq.Çox tərbiyəli və çox da gözəl, sarışın bir qızdı.Tam bir Türk tipiydi. Özünün dediyinə görə, erməni oğlanlarından da heç xoşu gəlmirdi.Gerçəkdən də, payızda Tiflisə gəldiyimiz vaxt məni evlərinə dəvət etdi. Ailəsi ilə tanış olduq.Çox mehriban qarşıladılar.Bəzən, Marqo onu Tiflisin kənarındakı “Tısbağa gölü”nə aparmağımı xahiş edirdi.Səhər sübh tezdən gedib, günortadan sonra qayıdırdıq.Bildirdiyinə görə,onu valideyinləri mənə etibar edir, amma öz erməni oğlanlarına etibarları yox imiş. Ancaq bir neçə ay sonra artıq Marqonu bir daha görməməklə ayrılmağımız lazım gələcəkdi.
Marqoya məndən iki sinif aşağı, amma bir yaş məndən böyük, Ağtəpə kəndindən olan yaxın dostum Müseyib Hasanoğlu da vurulmuşdu. Bəzən Marqo ilə küçədə rastlaşar və hər üçümüz bir yerdə gedərdik.

Bir gün təsadüfən şənbə günü Müseyiblə birgə teatra getmişdik.Orada Marqo və onun iki rəfiqəsi ilə rastlaşıb, tanış olduq.Teatrdan birlikdə çıxdıq və Marqonu evə ötürəsi olduq. Bu qızlar da Marqogil yaşayan tərəfdə olduqları üçün, beşimiz də birgə getdik.”Vera körpüsü”nə tərəf gedəndə , yolda qızlardan biri mənim şapkamı götürüb başına qoydu. Mən də onun geniş dairəvi və kokardalı qız lisey şapkasını başıma keçirdim. Bu ara gülərək, paltomuzu da dəyişdik. Dostlarımız:”Ah necə də qıza oxşayırsınız, oğlan olduğunuz bilinmir”-dedilər. Amma mənim şapka və paltomu geyən rus qızı da oğlan uşağına bənzəyirdi.Biz formalarımızı dəyişdirərkən, payız yağışı da şıdırğı yağmağa başladı. Hava xeyli qaranlıqlaşmışdı.Vera körpüsünün eniş yolu zəif işıqlandırılmışdı.Qarşımızda palçıqlı bir yer vardı.Oranı adlayıb keçməli idik. Bu vaxt kostyum geymiş və başına silindir şapka qoymuş bir rus gənci qarşımza çıxdı. Mənim formamı geyən qız, quru yoldan keçmək istərkən oğlan onu var gücü ilə itələdi, belə ki, qız səndələdi və ona: ”Eşşək”-dedi.O, qıza bir şillə atanda, mən özümü irəli verdim və üzünə bir yumruq ilişdirdim.”Qızdan” yumraq yeyən kimi səndələyən adama bu dəfə Müseyib çəkic kimi ağır bir zərbə endirdi.Onun silindir şapkası palçığa düşdü ; bu dəfə hər ikimiz onu üstünə düşdük və az sonra vurub palçığın içinə yıxdıq.O bağırmağa başladı:”Ay aman!Kömək edin! Məni öldürürlər!..”

Polislər gələnə qədər mən qızın şapkasını, paltosunu geyindirdim və özümünküləri də özüm geyindim. Elə bu arada polislər yetişdilər.Onu palçıqdan qaldırdılar.Ağzını qoxladılar: ”Çoz içmisən!”-dedilər.
Biz məmnun idik. Şillə “yeyən” qızın üzünü dərhal göstərdik və polislərə: ”Şikayətçiyik!”-dedik
- Baxın, lisey qızına da şillə atarlarmı? Bu nə əxlaqsız adamdır?-deyə qışqırdıq.
Adam and içirdi:
- Vallah mən qıza əl qaldırmadım, bir liseyli oğlana şillə vurdum.
Ancaq içkili insana kim inanardı... Məsələ də o idi ki, qızın üzündə şillə izi vardı. Bizdə isə şübhəli bir şey yox idi.Nəhayət, razılaşdıq:
- Biz davadan vaz keçərik, bir şərtlə ki, adam özü üzr istəyə, lakin bir daha belə qaba olmayacağına və qızlara qarşı hörmətcil olacağına söz versin!..-dedik.
O da söz verdi.Amma elə bir ucdan da mızıldanırdı:”Vallah, mən qıza əl qaldırmadım...”
Eh, inanan kim idi?.. Polislər bizi haqlı bildilər.Biz də çıxıb getdik, qızları evlərinə ötürənəcən güldük. Zavallı qızcığaz:”Vay,qaba hərif necə də şillə atdı mənə!”-deyir və gözlərindən yaş axa-axa bizimlə birlikdə gülürdü...



Müseyibin dərdi


Bu son əyləncəli günü bir yerdə keçirdik.Bir neçə ay sonra tale bizi bir-birimizdən ayıracaqdı.İlıq bir payız günü Müseyib mənə bir günlüyə kəndlərinə getməyi təklif etdi:”Həm ceyran ovuna çıxarıq, həm də sən mənim atamla danışarsan, onu dilə tutmağa , inandırmağa çalışarsan.”-dedi.Məsələni öyrənmək istədim,danışdı:”Mən oxumaq istəyirəm, mühəndis olacağam, ancaq atam məni əmim qızı ilə evləndirmək istəyir.Əmimlə bir şeydən dolayı atamın düşməçiliyi var.İndi bunun qarşısını almaq üçün əmimin qızı ilə məni evləndirmək istəyir. Mənsə, razı olmuram. Neyləyək? Məsələ, həqiqətən də, çox ciddi idi. Zəngin ailələr uşaqlarını yüksək məktəbləərə göndərmək istəmirdilər:”Gedib bir rus qızı ilə evlənər, nəslimiz tükənər”-deyə,düşünürdülər.Belə baxanda,heç də haqsız deyildilər.Çünki, bir Rus qızı ilə evlənmək üçün mütləq xristian olmaq lazım idi.Üstəlik, liseydə müəllimlik etmək üçün də xristianlığı qəbul etməli idin.Necə ki, bizim liseydə də Qazaxlı bir müəllim var idi.Mixail İvanoviç Şəritov.O da xristian olmuşdu.Mən ona çox əsbiləşirdim.Bir gün həyətdə ona yaxınlaşdım və :”Siz türksünüz, amma necə olur ki,İvanoviç olursunuz?Hər halda atanızın adı İvan deyildir!”-deyəndə,hirsləndi və mənə qışqıraraq:”Sənin nə işin var, sən öz işlərinlə məşğul ol!” Bu söhbətdən sonra türklüyünə xəyanət edən bu müəllimin həndəvərinə belə dolanmadım.Rastlaşanda da, üzüm çevirib salam vermədən keçərdim.

Bir şənbə günü liseydən icazə alaraq, Müseyiblə onların kəndlərinə getdik.Ağtəkkə stansiyası Tiflisdən sonra ikinci idi. Neft tutluğu, sonra da Ağtəkkə gəlirdi. Stansiyada bizi atlılar gözləyirdi.Qısa bir vaxtda kəndə çatdıq.Axşam Müseyibin atası ilə görüşdük.Onu razı salmağa çalışdım:”Nişan taxılar, sonra gedib, təhsilini bitirər, qayııdıb yenə də eyni qızla evlənər.

Atası razı olmadı:”Oğlum Rusiyətə gedər,pis rus qadını ilə evlənər”-deyə, narahat olurdu.

Elə o axşam nişan taxıldı.Toğlular kəsildi, plovlar bişdi... Müseyib çox kədərli olsa da, bununla belə ertəsi gün səhər söz verdiyi ceyran ovuna çıxdıq.Sübhün erkən saatlarında, kürəyimizdə Rus mauzerləri, gözəl atlara minib,”Ceyran düzü”nə sürdük.O boyda düzdə saralmış otlardan savayı başqa bir şey görünmürdü.Günəş hələ yenicə doğduğundan, hava xeyli sərindi, deyə, paltolarımızı düymələdik. Atlarımızı yanaşı sürərək, dərdləşirdik. Müseyib taxılan nişana çox əsəbiləşsə də qərarında qətiydi:”Uzadacağam, qətiyyən evlənmərəm.”-deyirdi. Bu vaxt üfiqdə günəş şüalarının təsirilə ağ nöqtələr parlayıb itirdi. Müseyib canlandı:”Budur, ceyranlar!”-dedi və atını sürdü. Bir az sonra ceyran sürüsü göründü. Sevinclə atlarımızı düz onların üstünə sürdük. Ancaq ceyrana çatmaqmı olar?..
Bir ara ceyran sürüsü solumuzda qaldı.”Atları düz sürək!”-dedi, Müseyib.Ceyranların adətidir, mütləq qaçar, ovçunu keçər və tam qarşısından burularlar.
Doğrudan da , elə oldu. Biz atları düz çapdıq, ceyranlar da bizimlə bərabər qaçdılar və bizi xeyli keçəndən sonra qarşımızdan yana buruldular.Tam bu anda atəş açmaq lazım idi.Ancaq mən atəş açmaq əvəzinə, onların gözəl qaçışını seyr edir, atın üstündə qışqırırdım. Müseyib onların arxasınca bir neçə güllə atdı. Mən də “Atdı” desinlər deyə, bir güllə atdım.Ceyran sürüsü çoxdan gözdən itimişdi...

Müseyib vura bilsəydi, Marqoya aparacaqmış... Gülüşdük.
Axşam qatarı ilə Tiflisə - geri, qayıtdıq...

Əvvəli burada

Ardı var