Müasir Rusiya dövlətinin keçmiş SSRİ-yə daxil olan ölkələrə yuxarıdan aşağı baxması, özünü onların ağsaqqalı obrazında hiss etməsi artıq sağalmaz bir xəstəlik kimi yaşamaqdadır. SSRİ kimi bir qurama rejimin dağılmasından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq nostalji hisslərlə yaşayan Rusiyada hələ də fikirləşirlər ki, həmin o qurama rejimə vaxtı ilə zorla birləşdirilən dövlətlər indi öz müstəqil siyasətini bir kənara qoyub gözlərini “böyük qardaş”larının ağzına dikməli, onun çaldığı havaya oynamalıdır. Ancaq onların yəqin xəbəri yoxdur ki, indi həmin ölkələrdə sovet maşınında yol getmək istəyən yoxdur. Beyni köhnə mexanizmlərlə işləyən quruluşlar qloballaşan dünyada baş verən prosesləri, ölkələrin müstəqilliyini, onların öz maraqlarına uyğun sərbəst siyasət həyata keçirməsini qəbul etmək istəmirlər. Məsələni konkretləşdirsək, son illər Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət Rusiyanı bərk qıcıqlandırıb. Xüsusi ilə bunun rəsmi Bakının enerji siyasətində özünü göstərməsi, Avropadan təklif edilən layihələrə qoşulma, neft və qazın daha çox Avropaya satışına meyllənmə Moskvanı bərk qəzəbləndirib.
Belə bir şəraitdə Azərbaycana qarşı açıq etirazları həyata keçirməyi bacarmayan Rusiya ölkəyə qarşı dolayı yolla, üçüncü əl vasitəsi ilə zərbələr endirmək istəyir. Rinqdə olmaya-olmaya döyüşmək üçün cəhdlər edir. Ancaq anlamır ki, azarkeşlər rinqin yaxınlığına buraxılmır, döyüşü ancaq uzaqdan izləmək və ehtiraslarını ifadə etmək olar. Rusiya da indi hədsiz ehtiraslanmış vəziyyətdə bu döyüşü izləyir və özünə o qədər aludə olub ki, rinqə yad əşiylar belə atmaqdan çəkinmir. Söhbət Avropa ilə enerji təhlükəsizliyi sahəsində mühüm əməkdaşlıqlar edən, böyük layihələr həyata keçirən Azərbaycana qarşı Rusiyada olan aqressiv münasibətdən gedir. Bu münasibət xüsusi ilə TANAP-dan sonra açıq şəkildə özünü göstərməkdədir. Məlum situasiya ilə bağlı redaksiyamıza çox mühüm informasiyalar daxil olub. Həmin informasiyalara əsasən, Rusiya konkret olaraq Azərbaycana qarşı təzyiqlərə başlayıb. Bunun bir hissəsi Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda ölkənin gözdən salınması, ayrı-ayrı üzv dövlətlərin təmsilçilərinin çıxış və açıqlamaları ilə ölkənin imicinin zədələnməsindən ibarətdir.
Bu istiqamətdə tədbirlərin bir hissəsinin AŞPA-da həyata keçirilməsi haqda da məlumatlar var. Belə ki, qurumun Azərbaycana üzrə məruzəçisi Kristofer Ştrasserin hesabatının qəbulunda rusların əlinin olduğu ehtimal edilir. Təsadüfü deyil ki, həmin məruzədə hətta metronu partladanların siyasi məhbus siyahısına salınması və bu siyahının ölkənin müxalif yönümlü hüquq müdafiəçiləri tərəfindən belə etirazla qarşılanması ortada olan anormal yanaşmanı göstərən fakt ola bilər. Rusiyanın “Qazprom”un maliyyə dəstəyi ilə Ştrasser başda olmaqla bir çox şəxsləri, o cümlədən son vaxtlar Azərbaycana dair kəskin hesabatlar hazırlayan təşkilatları, onların Qafqazdan olan təmsilçilərini ələ alması, rəsmi Bakıya qarşı “imic zədələmə” kampaniyası aparması haqda məlumatlar hətta bu ölkənin özündə belə dolaşır. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanda da bu məsələyə reaksiya verilib. Bu günlərdə Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə “Yeni Müsavat” qəzetinə müsahibəsində maraqlı məqamlara toxunmuşdu.
Mollazadə “Son vaxtlar Ştrasserin qeyri-adi və Avropa siyasətinə bəlkə də məxsus olmayan hərəkətlərində “Qazprom”un qaz qoxusu sezilir. Bəlkə o da bir çox dostları kimi “Qazprom”a işə düzəlmək istəyir. Son vaxtlar Azərbaycana hər zaman Ermənistanın arxasında duran dövlətlər tərəfindən demokratiya və insan haqları adı ilə edilən təzyiqlərin arxasında Azərbaycanın Türkiyə ilə TANAP sazişi durur. Yadınızdadırsa, buna oxşar hərəkətlər Bakı-Ceyhan sazişi, Baki-Tiflis-Ərzurum layihəsi həyata keçirilən zaman da edilirdi. Bu layihələrdən narahat olan ölkələr bütün təzyiqlərlə yanaşı, Qərblə münasibətləri pozmaq üçün bu amildən də istifadə edirdilər” .
Bu sitatdan da görünür ki, məsələ kifayət qədər ciddidir və Rusiya həqiqətən də son hadisələrdən ciddi təsirlənib. Azərbaycanın TANAP sazişinə “hə” deməsi isə Rusiyanın ölkənin enerji resurslarından birdəfəlik əlini çəkməyi deməkdir. Bu o deməkdir ki, yaxın illərdə Azərbaycan öz enerji əməkdaşlığını tam olaraq Avropa ilə həyata keçirəcək, Rusiya ilə Azərbaycan arasında olan mövcud bağlar tezliklə yoxa çıxacaq.
Burada bir məqamı da vurğulamaq yerinə düşər ki, Azərbaycanın Qəbələ RLS-lə bağlı Rusiyaya güzəştə getməməsi, stansiyanın kirayə haqqını 7 milyondan 300 milyona qaldırmaqla bağlı tələbi güzəştsizliyin bariz nümunəsidir. Məlumdur ki, indiyə kimi Azərbaycan Rusiyaya Qəbələ RLS-in timsalında böyük güzəştlərə gedib və rəsmi Bakı artıq bu siyasətini davam etdirmək istəmir. Rusiya isə uzun illərdən bəri “xamlama siyasəti” həyata keçirdiyi üçün indi real qiymətləndirmə qarşısında qalanda başlayıb vurnuxmağa. Hətta iki gün əvvəl Azərbaycana səfər edən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin də iki ölkə arasında elçilik etmək istəyinin nəticəsiz qaldığı haqda xəbərlər var.
Görünən budur ki, yaxın gələcəkdə Rusiya Azərbaycana qarşı növbəti təzyiq imkanlarından istifadə edə bilər. Lakin buna cəhd adı vermək daha düzgün olardı. Çünki bu köhnə üsul-idarə ilə heç nəyi idarə etmək, nail olmaq mümkün deyil.