Saakaşvili İlham Əliyevə təşəkkür etdi

saakasvili-ilham-eliyeve-tesekkur-etdi
Oxunma sayı: 11586

“2008-ci il hadisələrində Azərbaycanın rolu kifayət qədər qiymətləndirilmir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin feysbuk hesabında edilən paylaşımda deyilir.

“Qardaş qonşu dövlət bizi yanacaq infrastrukturu və ölkəmizi xilas etmək üçün mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi. Hərbi sahədə dəstəyindən isə yəqin ki, Azərbaycan özü danışmalıdır, amma bu çox vacib idi”, - deyə Saakaşvili bildirib.

O, dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.

Qeyd edək ki, 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi nəticəsində Abxaziya və Cənubi Osetiya işğal olunub.

Xatırladaq ki, M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.