Sabahdan Milli Kitab Sərgisi başlayır

sabahdan-milli-kitab-sergisi-baslayir
Oxunma sayı: 2428

Mayın 27-si saat 14-də İçərişəhərdə V Milli Kitab Sərgisinin təntənəli açılış mərasimi keçiriləcək. 

"Qafqazinfo" xəbər verir ki, naşir Şahbaz Xuduoğlunun moderatorluğu ilə baş tutacaq tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, millət vəkili, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Qənirə Paşayeva, Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edəcəklər.

Eyni zamanda, açılışda Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri iştirak edəcəklər.

Rəsmi açılış mərasiminin ardınca görüş və imza günləri başlayacaq. 

Sərginin proqramına əsasən saat 15-də Xalq yazıçısı Anar, saat 16-da Xalq yazıçısı Çingiz Abdullayev öz kitablarını imzalayacaqlar. 

V Milli Kitab Sərgisi 27 may – 4 iyun tarixlərində hər gün saat 09.00-dan 20.00-dək fəaliyyət göstərəcək. 

Sərgidə oxucuları 70 faizədək endirimli 70 000-dən çox kitab gözləyir.