Raqif Abbasovun mənimsəmə ittihamı - Yeni ekspertiza olacaq

raqif-abbasovun-menimseme-ittihami
Oxunma sayı: 1384

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə yenidən ekspertiza keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün belə qərar qəbul edib.

Raqif Abbasovun vəkili Ruzi Səmədov mənimsənilmiş kimi göstərilən məbləğin yenidən hesablanması ilə bağlı vəsatət qaldırıb.

Müdafiəçi vəsatətini belə əsaslandırıb ki, ittihamda yeyinti kimi qeyd olunan pullar da elə idman yarışları ilə bağlı xərclənib. Belə ki, bəzi yarışlar təqvimdən kənar keçirildiyi üçün xərclənən vəsait nəzərə alınmayıb. Bundan əlavə, gözdən qaçan müxtəlif tədbirlər üçün ayrılan vəsait də hesablanmayıb.

Ruzi Səmədov bunları nəzərə alaraq, məhkəmə ekspertizasının keçirilməsini xahiş edib.

Hakimlər müzakirədən sonra vəsatəti əsaslı hesab ediblər. İş materialları ekspertiza keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib.

Ekspert rəyi hazır olana qədər proses təxirə salınıb.

Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onlar sərbəst mühakimə edilirlər. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manat məbləğində mülki iddia qaldırıb.

Sail Ağasəlim