Sabunçunun yeni icra başçısının təmizləyəcəyi - “Cudo Peçka”lar + Fotosessiya

sabuncunun-yeni-icra-bascisinin-temizleyeceyi-cudo-peckalar-fotosessiya
Oxunma sayı: 883




Prezident İlham Əliyev bir neçə gün əvvəl imzaladığı sərəncamla Adil Vəliyevi Sabunçunun icra başçısı vəzifəsinə təyin edib. “Qafqazinfo” yeni təyin olunan icra başçı haqqında bir neçə maraqlı məlumat əldə edib. Məlumata görə, Adil Vəliyev məlum vəzifəyə təyin olunandan dərhal sonra rayonda öz fəaliyyətinin icrasına başlayıb. Başçı rayonun bütün rəhbər vəzifəli şəxslərini yanına toplayaraq Sabunçuda mövcud olan bütün əyri-əskiklərin aradan qaldırılmasını tələb edib, bəzi işlərin görülməsi üçün konkret vaxt qoyub. İcra başçısı deyib ki, onun qarşısında ölkə rəhbərliyi tərəfindən daha çox Bakı ətrafı kəndləri əhatə edən Sabunçuda baş verən özbaşınalıqların qarşısının alınması, ərazinin abadlaşdırılmasına dair ciddi tapşırıqlar qoyulub. Və bütün bu məsələlər qısa müddət ərzində aradan qaldırılmalı, lazımı instansiyalara məruzə edilməlidir.

Maraqlıdır ki, Bakının ən çirkin rayonlarından biri olan Sabunçuya başçı təyin edilən Adil Vəliyev işinin öhdəsindən gələ biləcəkmi? Bu rayonun ərazisinə yaxşı bələd olduğumuz üçün qeyd edə bilərik ki, Sabunçuda xeyli sayda neft quyuları, bu quyuların çirkləndirdiyi ərazilər, zibilliklər, dəniz sahilində çirkli və baxımsız torpaqlar, yeni qəsəbə və kəndlərdə necə gəldi tikilən evlər, asfalt örtüksüz bərbad küçələr, xeyli sayda qazsız, susuz, işıqsız, rabitəsiz, məktəbsiz, bağçasız, marşrutsuz yeni yaşayış massivləri, on ildən çoxdur ki, əhali məskunlaşan, lakin bu günə kimi konkret ünvanlarla adlandırılmayan böyük kəndlər, küçələr, məhəllələr mövcuddur. Prezidentin Bakı kəndlərinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması ilə bağlı imzaladığı dövlət proqramına uyğun olaraq yuxarıda qeyd olunan problemlərdən yalnız bir neçəsi indiyə kimi həll edilib ki, bu da ərazilərin kabelləşdirilməsi, telefonlaşdırılması, hələlik başa çatdırılmayan və bəzi məhdudiyyətlərlə həyata keçirilən qazlaşdırılma işləri ilə bağlıdır. Qalan problemlər gözləməkdə və gün-gündən artmaqda davam edir.

Belə olan şəraitdə bir daha qeyd edirik ki, Sabunçunun icra başçısı onun qarşısında qoyulan tələblərin öhdəsindən gələ biləcəkmi? Burada Adil Vəliyevlə bağlı bir neçə maraqlı informasiyanı da oxucuların diqqətinə çatdırmaq istərdik. Yuxarıda qeyd etdiyimiz kimi ölkənin tanınmış iş adamlarından biri olan Adil Vəliyev Bakıda fəaliyyət göstərən restoranlar şəbəkəsinin, o cümlədən məşhur “Sarı Gəlin” şadlıq evinin sahibidir. O, həmçinin “Porcshe”nin Azərbaycandakı rəsmi distributorudur. İcra başçısı postu isə onun ilk yüksək dövlət vəzifəsidir.

Biz yeni və həvəsli başçıya uğurlar arzulamaqla yanaşı, Sabunçunun Zabrat qəsəbəsində hal-hazırda ürəkbulandıran bir mənzərənin fotosessiyasını təqdim etmək istəyirik. Bilmək istəyirik görək Adil Vəliyevin Sabunçunda mövcud olan və yuxarıda sadalanan onlarla problemdən ən asan həll olunanını, bu fotosessiyada əks olunan zibillikləri təmizlətdirtməyi bacaracaqmı? Qeyd üçün bildirək ki, bu zibilliklər 1-ci Zabratda, Kərpic Zavod adlı ərazinin qarşısındakı yeni massivlərdə yerləşdir. Zibilliklər uzun illərdir təmizlənmədiyindən az qala bütün ərazini üfunət iyi basıb, zibil qalaqları küçələri belə bağlayır. Axı bu zibillikləri təmizləyib yerinə zibil qabları qoymaq nə qədər çətin işdir ki, bu qədər insan yaşayan ərazilər xəstəlik mənbəyinə çevirilir? Xalq artıq məsələyə yaradıcı yanaşaraq bu zibilliklərə ironik ad da verib, - “Çudo Peçka”. İndi dediyimiz ərazidə belə “Çudo Peçka”ların sayı Bakının mərkəzində şirniyyat evləri kimi fəaliyyət göstərən “Çudo Peçka”ların sayından heç də az deyil...

Yeni başçının təyin olunan kimi camaatı başına yığıb dediyi sözlərə inansaq, belə çıxır ki, Zabratdakı bu zibillik “Cudo Peçka”lar təmizlənəcək, yerinə də şəhərdəki “Çudo Peçka”lardan tikiləcək... Kor nə istəyər? Başqa yerdə əyri göz istəyə bilər, ancaq Zabratda yüz faiz Zibilə düşməmək istəyəcək... Gözləyək görək nə olur.

Biz bu yazıdan sonra məsələni diqqətdə saxlayacaq və zibilliklər təmizlənəcəyi təqdirdə həmin ərazidən daha bir material hazırlayıb görülmüş işləri təqdim edəcəyik. Əks halda o vaxta qədər gözləyəcəyik ki, Sabunçuya yeni icra başçısı təyin olunsun və elə bu yazıdan Adil Vəliyevin adını çıxardıb həmin başçının adı ilə təkrar çap edəcəyik.

İcra hakimiyyətindən təqdim olunan zibillikləri tapmağa çətinlik çəksələr, redaksiya ilə əlaqə saxlaya və ünvanı dəqiq öyrənə bilərlər. Biz öncədən uğurlarımızı arzulayır və təşəkkürümüzü çatdırırıq.