Şairlərimiz İrandan nə deyir?

sairlerimiz-irandan-ne-deyir-
Oxunma sayı: 778

Dörd aydır İranda həbs olunan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə artıq iki gündür ki, azadlıqdadır. Onlar ayın 6-da Azərbaycana gətirilərək birbaşa evlərinə yola salınıblar. Biz də qəzetimizin əməkdaşı olan Fərid Hüseynin və ailəsinin təəssüratlarını öyrənmək üçün onların yaşadığı Kürdəmir rayonuna yollandıq.

Həyət darvazasında bizi Fərid özü qarşıladı. Üzündəki sevinc və məmnunluq hissi açıq-aydın sezilirdi. Görüşüb həyətə keçdik. Həyətdə Fəridin dost-tanışları və qonşuları toplaşmışdı. Onlardan da “xoşgəldin” payımızı alıb göz aydınlığı verdik. Bir stəkan çay içib Fəridlə söhbətə başladıq.

O, öncə İrana dəvəti və necə saxlanıldığından danışdı: “Bizi İrandan Bəhram Sürgün dəvət eləmişdi. Biz orada müsabiqədə iştirakla bağlı üç gün qaldıq və dördüncü gün bizi tutdular. Sonradan bildik ki, Bəhram İran hökumətinə müxalif bir adamdır. Amma bunlara baxmayaraq, bizim orda İrana müxalif olan heç bir çıxışımız, yaxud hərəkətimiz olmamışdı. Mən Azərbaycanda da heç bir siyasi partiyanın üzvü olmamışam və siyasətlə də heç vaxt maraqlanmıram. Ola bilər tutulmağımızla bağlı ictimaiyyətdə belə bir fikir olsun ki, biz müsabiqədə İran əleyhinə nəsə çıxış edib, yaxud şeir demişik. Mənim elə bir şeirim də yoxdur ki, haradasa deyim, yaxud Cənubi Azərbaycanla bağlı olan başqa bir adamın şeirini də deməmişəm. Özümlə fotoaparatım, diktofonum vardı. Diktofonda isə yalnız anamla bağlı dediyim bir şeir vardı. Deməyim odur ki, Cənubi Azərbaycan məsələsi heç vaxt mənim mövzum olmayıb və bu haqda da danışmamışam”.

Onların tutulması prosesinə gəlincə, Fərid dedi ki, bu qəfil olub: “Bir nəfər bizə yaxınlaşıb dedi ki, mən məmuram və sizdən şübhələnirəm, mənimlə getməlisiniz”. O, sadəcə bunları dedi, tutulma prosesinin təfərrüatını isə yaxın günlərdə keçiriləcək mətbuat konfransında danışacağını bildirdi.

F. Hüseyin 4 aylıq həbs müddətində onlara heç bir təzyiq edilməydiyini vurğuladı: “Müstəntiq şəxsən bizə dedi ki, sizə əlinin ucuyla belə toxunan olmayıb və bundan sonra da olmayacaq. Həqiqətən də orada olduğumuz müddətdə, bura gəldiyimiz günə qədər bizə toxunan olmadı. Səhhətimizlə bağlı nəsə problemimiz olanda qapını döyürdük, özləri gəlib həkimə aparırdılar. Tutulan gündən etibarən rahat bir otaqda saxlanılırdıq. Şəhriyarla 86 gün bir yerdə qaldıq, sonra bizi ayırdılar, 22 gün tək qaldıq. Daha sonra bizi Təbriz həbsxanasına yerləşdirdilər”.

Fərid onlara qarşı deyilən ittihamlara da aydınlıq gətirdi: “Onlar bizi ən birinci halda bununla ittiham edirdilər ki, İran şairləri ilə görüşəndə icazə kağızı almalıydınız. Biz də bunu bilməmişik, çünki dəvət eldən şəxs deməyib ki, siz icazə almalısınız. Sonradan bu iddia yığışdırıldı. Heç orda bizə demirdilər ki, siz casussuz, ya nəsiz. İndi sizdən eşidirəm ki, İran mediasında belə bir kadrlar yayılıb. Biz orada heç bir informasiya ala bilmirdik, televiziya, radio ümumiyyətlə yox idi. İran jurnalistinin Azərbaycanda tutulmasını da bilmirdik, gəlib burda eşitmişəm. Bizə ora getməklə bağlı sadəcə e-mail vasitəsilə dəvət gəlmişdi. Amma 4 aylıq müddət dəyərində olan bir iş görməmişdik ki, bizi orda saxlasınlar”.

“Anladım ki, dünyada ən gözəl yer Vətəndir. Bu səbəbdən Azərbaycan torpağına ayaq basanda birinci gördüyüm iş o oldu ki, əyilib üç dəfə torpağımızı öpdüm. Bunu yalançı vətənpərvərlik kimi demirəm, həqiqətən başa düşdüm ki, dünyanın ən yaxşı yeri elə öz vətənindir. Çünki sənin üçün hər şey vətənlə bağlıdır. Onu deyim ki, bu dörd aylıq vaxt həyatın qədrini bilmək üçün bəlkə də 4 illik universitetdən də üstün idi” deyə, Fərid bildirdi.

Fərid onlara həbsxanada bir il azadlıqdan məhrum edildiklərini göstərən sənəd təqdim ediildiyini dedi: “Ən yaxşı halda biz iki aydan sonra azad ola bilərdik. Çünki ilk dəfə idi ki, tutulmuşduq. İranın belə bir qanunu var– «Əfu məşrud» sistemi. Bu o deməkdir ki, ilk dəfə tutulan adam cəzasının yarısını çəkərsə, azadlığa çıxa bilər. Amma bir şərtlə ki, o, zindanda qaldığı müddətdə nümunəvi davranış göstərməlidir”.

Onlar azad olunmağı barədə ilk xəbəri belə alıblar: “Mən yatmışdım, qəfildən gəldilər ki, siz gedirsiniz. Dedilər ki, artıq İran dövlətinin ali rəhbəri Ayətulla Xamneyi sizi əfv edib, bağışlayıb və siz vətəninizə qayıdırsınız. Beləcə, bizi Pars otelində sənədlə Azərbaycan Konsulluğuna təhvil verdilər. Konsulluqda bizim üçün hər şərait yaradıldı və bildirdilər ki, artıq valideynlərinizə azad olunduğunuzu deyin. Çox gözlənilməz oldu bizim üçün. Bizim heç bir qəhrəmanlığımız olmayıb əslində. Yeganə qəhrəmanlığımız o idi ki, biz günahsız idik. Vətən qarşısında da üzümüz ağdır”.

F. Hüseyin azad olunduğu üçün ilk növbədə ölkə prezidentinə minnətdarlığını bildirdi. Daha sonra bu işdə əziyyəti olan hər kəsə çox sağ ol dedi. Məsələni gündəmdə saxladıqları üçün bütün mətbuat orqanlarına minnətdarlıq etdi.

4 aydır səbirsizliklə oğlunun yolunu gözləyən anası Tahirə Hüseynovanın sevinci özünə belə sığmırdı: “Fərid orada olan müddətdə hər gün, hər saat televiziya və mətbuatı izləmişəm. Hətta, bir gün onlar haqqında televiziyada nəsə yayımlanmayanda elə bilirdim ki, uşaqlar artıq yaddan çıxıb. Bu dörd ay mənim üçün çox kədərli oldu. Bu aylarda yaşadıqlarım 50 ilə bərabər oldu. Fərid məni iki tərəfli yordu, çünki o nişanlı olaraq getdi. Mən bilmədim ki, onun nişanlısını, yaxud Fəridi fikirləşim, iki yol ayrıcında qalmışdım. Onun nişanlısı mənim üçün Fəridin parası deməkdir. Şükür Allahın bu gününə ki, onlar artıq azaddır. Uşaqların azad olmasında çox insanların böyük köməyi olub ki, bəlkə mən bilmədiyim çətin yolları onlar keçiblər. Mən bir ana kimi sızlamışam, amma əlimdən heç nə gəlməyib. Prezidentimiz başda olmaqla hər kəsə minnətdaram”.

Fəridin dostları tənqidçi Əsəd Cahangir və gənc yazar Kəramət Böyükçöl də onun sevincinə şərik olmaq üçün orada idilər. Onlar da öz təəssüratlarını bizimlə paylaşdı. Ə. Cahangir sevincini ifadə edərək dedi ki, bu məsələ sonunda ədalətlə həll olundu: “Hesab edirəm ki, bu dörd ayın Fərid və Şəhriyar üçün müəyyən çətinlikləri olsa da, onların bundan sonrakı yaradıcılığında faydaları olacaq. Mən uşaqları həm xaraktercə, həm də insan kimi yaxşı tanıyıram. Ona görə də İranın qeyri-rəsmi orqanlarının onlara qarşı səsləndirdiyi ittihamlara nə qədər təəccüblənsəm də, inanırdım ki, bütün bunlar şayiə və böhtandan başqa bir şey deyildi. Şükürlər olsun ki, bu məsələ ilə bağlı ən azı özümə verdiyim proqnozlar özünü doğrultdu”.

K. Böyükçöl isə ilk dəfə Fəridgilin həbs olunmasını eşidəndə ciddiyə almayıb: “Şəkillərini internetdə gördüm və özümdən asılı olmayaraq məni ağlamaq tutdu. Amma düşündüm ki, bu həbs Fəridin şair taleyində çox böyük rol oynayacaq. Səmimi deyirəm, Şəhriyar xaraktercə bir az coşqun adamdır, amma Fərid daha təcrübəlidir. Şəhriyar daha çox emosiya və hissləri ilə davrandığından fikirləşdim ki, yəqin orada sərt çıxış eliyib ki, “mən Təbrizi almağa gəlmişəm” (gülür). Yəni ilk olaraq bunu fikirləşdim”.

Fəridin nişanlısı da sevincinin həddi olmadığını dedi. Daha sonra gənclərin azad olunması münasibətilə qurban kəsildi. “Allah Qəbul eləsin” deyib, Kürdəmiri tərk elədik.

Kaspi qəzeti