Səbaildə ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı - Fotolar

sebailde-oten-ilin-yekunlarina-hesr-olunmus-hesabat-yigincagi
Oxunma sayı: 1516

2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və həmin müddətdə görülən işlər barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Səbail RİH başçısı Vüqar Zeynalov, Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, deputat Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının əməkdaşları, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Vüqar Zeynalov bildirib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident İlham Əliyev müasir tarixi şəraitə uyğun olaraq, yaradıcılıqla və uğurla davam etdirərək respublikamızın böyük uğurlara imza atmasına nail olub:

“Dünyada mürəkkəb geosiyasi proseslərin, iqtisadi qeyri-sabitliyin və münaqişələrin davam etdiyi bir dövrdə Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti möhkəm siyasi sabitliyini qoruyub saxlamış, sosial-iqtisadi inkişafını uğurla davam etdirmiş, milli maraqlarını qətiyyətlə təmin edib. Xüsusilə qeyd etmək istərdik ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi altında əldə edilən möhtəşəm Zəfər tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, Azərbaycan xalqının milli ruhunu, özünəinamını və dövlətçiliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirmişdir. Zəfərdən sonra başlanan genişmiqyaslı quruculuq və bərpa prosesi, azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma və memarlıq layihələri ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu aydın şəkildə göstərir. Bu baxımdan, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi böyük strateji və ideoloji əhəmiyyət daşıyır. Eyni zamanda, Qərbi Azərbaycanla bağlı Prezidentin prinsipial və ardıcıl mövqeyi, tarixi ədalətin bərpasına yönəlmiş siyasi xətti xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin Səbail rayonuna göstərdiyiniz xüsusi diqqət və qayğı rayon ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilir. Qarşıdakı dövrdə Prezidentin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, Səbail rayonunda sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi əsas prioritetlərimiz olacaq”.

Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, millət vəkili Nigar Arpadarai və digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2025-ci ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını, eyni zamanda Səbail rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılmasının Prezidentin siyasətinin real nəticəsi olduğunu bildiriblər.