“Şəki Şərab” “Ağdam” ticarət nişanından istifadə hüququ alan ilk şərab zavodu oldu

seki-serab-agdam-ticaret-nisanindan-istifade-huququ-alan-ilk-serab-zavodu-oldu
Oxunma sayı: 2588

“Şəki Şərab” Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) müraciət edərək əfsanəvi “Ağdam” portveyni əmtəə nişanından yerli və beynəlxalq bazarlarda istifadə etmək hüququ alan ilk şərab zavodu olub.

Hələ SSRİ dövründən istehlakçılar tərəfindən sevilən əfsanəvi portveyn “Abrau-Durso” şirkətlər qrupunun nəzarəti altında klassik hazırlanma üsulları saxlanılmaqla, lakin  dadı və ətri daha da zənginləşdirilməklə “Şəki Şərab” zavodunda istehsal olunur. Portveyn Qarabağın Füzuli rayonunda yetişdirilən “Rkatsiteli” üzüm sortundan çəkilmiş şərabların qarışığından hazırlanır. Premial şərab distillyatının əlavə edilməsi isə içkinin dadını daha zənginləşdirir. Qıcqırdılma üçün müxtəlif yaşlı və mənbəli palıd çəlləklərdən istifadə olunur ki, bu da yekun assamblyajın dadında mürəkkəbliyə və fərqliliyə nail olmağa imkan verir.

Qeyd edək ki, “Ağdam” portveyni “Korea Wine Challenge 2023” (Koreya Şərab Yarışı-2023) müsabiqəsində beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilib, Koreyanın paytaxtı Seul şəhərində keçirilən mötəbər peşəkar dequstasiya müsabiqəsində gümüş medala layiq görülüb. O, “Korea Wine Challenge 2023”də mükafat alan yeganə Azərbaycan şərabıdır.

Xatırladaq ki, “Abrau-Durso” ŞQ 2021-ci ilin sonunda “Şəki Şərab” şərab zavodunun özəlləşdirilməsi üzrə müsabiqənin qalibi olub. Ötən dövr ərzində “Abrau-Durso” tərəfindən böyük həcmdə işlər görülüb: istehsal prosesi modernləşdirilib, köpüklənən şərabın istehsalı və süzülməsi üçün avadanlıq alınıb və quraşdırılıb, üzüm bağlarının salınması üçün ümumilikdə 430 hektar torpaq sahəsi alınıb, meynələrin əkilməsi üçün hazırlıq işləri görülüb. 

9 iyun 2023-cü il tarixində “Şəki Şərab” zavodunda köpüklənən şərab istehsalının saatda 4000 butulka istehsal gücü ilə yeni xətti işə salınıb. Hazırda “Şəki Şərab”ın ərazisində “Abrau”, “Abrau International” və “Az Abrau”nun köpüklü və qazsız şərablar kolleksiyası, “Ağdam” portveyni və digər içkilər istehsal olunur.