“Şəklimi vurub “Allah rəhmət eləsin” yazmışdılar...” - Yanan bina sakini

seklimi-vurub-allah-rehmet-elesin-yazmisdilar
Oxunma sayı: 6319

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkən Nigar Hüseynova ifadə verərək yanğın zamanı övladının vəfat etdiyini deyib: "Binanı yandırdılar, övladım öldü".

Eyzəngül Hidayətova yanğın zamanı nəvəsi, qızı və qızının körpə uşağı ilə evdə olduğunu deyib: "Nəvəmin atası ilə anası Rusiyada yaşadığı üçün mənlə qalırdı. Həmin gün qızım da körpə uşağı ilə bizə qonaq gəlmişdi. Mətbəxə keçəndə gördüm aşağıdan tüstü qalxır, aşağı baxdım, xeyli adam yığılmışdı. Qızıma dedim qonşunun evi yanır, qapını açanda dəhlizdən evə tüstü doldu. Qonşu qışqırdı ki, bina yanır qaçın. Qızım körpəsini götürdü, mən də o biri nəvəmin əlindən tutub pilləkənlə düşürdüm. Onu qucağıma götürə bilmirdim. Tüstüdən heç nə götünmürdü, nəvəm yıxıldı, mən də üstünə yıxıldım. Allaha dua etdim ki, heç olmasa nəvəm sağ qalsın. Qəfildən kimsə bizi yerdən qaldırıb aşağı düşürtdü. Kim olduğu görünmürdü, binadan çıxanda gördüm ki, polis imiş".

Vəkil Cavid Rzazadə bildirib ki, yanğın zamanı özünü atan Yaşar Nəcəfzadənin yaşadığı mənzilin pəncərəsi binanın arxa hissəsində olub.

Zərərçəkən isə deyib ki, Y.Nəcəfzadə özünü binanın ön hissəsindəki mənzildən atıb.

Zərərçəkən Qafar Əliyevin hüquqi varisi Lalə Hacıyeva ifadə verib. O deyib ki, atası təxminən 1 ay öncə vəfat edib: "Yanğın vaxtı atam xəstəxanada müalicə olunurdu, bacım isə işdə idi. Evdə heç kim olmayıb. Biz ora çatanda artıq yanırdı, nə də edə bilmədik. Bizə dəyən zərəri də bilmirəm kimdən tələb edim".

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Qurban Əliyev deyib ki, hadisə yerinə ilk onlar çatlblar: "Çatan kimi yanğını söndürməyə başladıq, təxminən 40 dəqiqə sonra bizə dedilər ki, binada yuxarıda adam qalıb, əl edir. Avtokranla qalxdıq, sonra pilləkənlə çıxıb körpə uşaqla bir qadını xilas etdim".

FHN digər əməkdaşı Məmməd İbadov deyib ki, onlar yalnız təxliyyə ilə məşğul olublar: "Çatan kimi blokdan binanın içimə girdik, tüstüdən heç nə görünmürdü. Təxminən 11 ya 12-ci mərtəbəyə kimi qalxdım, 2 azyaşlı uşaq var idi. Onları çıxartdım, birinci mərtəbədə yıxılıb huşumu itirdim. Ayılanda gördüm xəstəxanadayam, zəhərlənmişdim".

FHN rəsmisi, qərargah rəisinin müavini Xudat Nəbiyev deyib ki, yanğın barədə siqnal gələn kimi idarə rəisinin müavini ilə birlikdə hadisə yerinə gedib: "Bizə qonşular deyirdi ki, filan mərtəbədə filan mənzildə adam qalıb. Əməkdaşlarımız gedirdi, qapı bağlı olurdu, sındırıb içəri girirdilər, görürdülər heç kim yoxdu, sən demə işə gedibmiş. Bizim belə işlərə vaxtımız gedirdi. Vətəndaşlar deyir ki, binaya su çatmayıb, bəli çatmayıb, çünki mülki şəxslər maşınlarını 2 sıra yanaşı saxlamışdılar, yanğınsöndürən maşını binaya yaxınlaşa bilmirdi. Bizim belə problemlərimiz var idi. Mənim üstümə şüşə parça düşdü, qoluma 9 tikiş atılıb. Hadisə yerinə 42 və 68 metrlik kranlar gətirilmişdi və onlardan istifadə olundu. Yanğın zamanı 27 avtomobil, 115 yanğınsöndürən əməkdaşı cəlb olunub. Ilk zabit hadisə yerinə çatan kimi 3-cü dərəcəli yanğın olduğunu elan edib və Bakının bütün rayonları cəlb olunub".

FHN əməkdaşı Əsəd Hüseynli deyib ki, Qaradağ rayon idarəsinin əməkdaşı olub: "Çatan kimi 15-ci mərtəbəyə qalxdım, gördüm mənzildə 2 azyaşlı uşaq var, içəri girdim, gördüm pərdənin arxasında yaşlı qadın oturub, otaqda başqa 2 nəfər orta yaşlı qadın var idi. İlkin yardım kimi soyuducudan süd götürüb verdim. Öz hava balonumunu maska ilə birlikdə yaşlı qadına verdim, kömək çağırdım. Əməkdaşlarımız da maskalarını digər adamlara verdilər, onları mənzildən çıxardıq, mən sonra huşumu itirdim, şüşə də əlimi kəsmişdi. Yaşlı qadın təcili yardım maşınında vəfat etmişdi, mən xilas edəndə sağ idi. Binanın ətrafına toplaşan adamlar da, "porkovka" olunan şəxsi maşınlar da bizə maneə olurdu".

Zərərçəkən Anar Şirinov deyib ki, yanğın zamanı bacısı Zülfiyyə Şirinova və onun 2 uşağı 16 yaşlı Eyvazov Davud Hamir oğlu və 20 yaşlı Eyvazova Ülkər Hamir qızı vəfat edib. Ü.Eyvazova BDU-nun Jurnalistika fakültəsinin tələbəsi olub.

Yanğın zamanı ölü kimi bilinən, sonra meyitlərin arasından çıxarılan Gündüz Sadıqov deyib ki, yanğın vaxtı evdə olub: "Bir az gözlədim, dedim, yəqin, FHN gələr, 40 dəqiqə sonra özüm düşməyə başladım. 2-ci mərtəbəyə çatanda polislə rastlaşdım, məni çıxartdılar, xəstəxanaya apardılar. Orada huşumu itirdim. Sonradan gördüm ki, Rusiyadakı Azərbaycan səfirliyinin qarşısında mənim şəklimi vurub "Allah rəhmət eləsin" yazıblar.

Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.

Murad Əhməd