Sexdəki yanğın təhlükəsi aradan qaldırıldı - Video

sexdeki-yangin-tehlukesi-aradan-qaldirildi
Oxunma sayı: 1248

Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 171 ünvanında yerləşən təkər təmiri sexində yanğın təhlükəsizliyi sahəsində nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, sözügedən müəssisədə işlənmiş avtomobil şinlərinin yaxınlıqdakı obyektlərin damı üzərinə yığılaraq yanğın təhlükəsi yaratdığı müəyyən olunub.

Göstərilən məsələ ilə bağlı obyekt sahibi ilə aparılan profilaktik söhbət zamanı təmir sexində yanğın təhlükəsizliyi qaydalarına dair tələblərin kobud şəkildə pozulduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, kiçik səhlənkarlıqdan, yaxud ehtiyatsızlıqdan təkər tullantılarında baş verə biləcək yanğın hadisəsi böyük faciə ilə nəticələnə bilər. Belə ki, ehtimal edilən yanğın genişlənərək müəssisənin yaxınlığında yerləşən fərdi yaşayış evlərinə və digər obyektlərə keçə, eyni zamanda təkər məmulatlarının yanması nəticəsində yaranan kəskin tüstülənmə ekologiyaya böyük ziyan vura bilər.

Görülən tədbirlər nəticəsində sahibkar tərəfindən təkər tullantıları ərazidən daşınaraq, yaranmış yanğın təhlükəsi aradan qaldırılıb.