Səyyad Aranın - “Brak”ı

seyyad-aranin-braki-
Oxunma sayı: 1272


Taara bazarı idarəsi müdirinin günü bu yay qara gəlmişdi. Yolun harasındasa yeşik qurbantaxtaları gətirən vaqonun “təkəri deşilmişdi”. Hamı “yanırdı”: idarə də, sifarişçilər də, qapısında tonlarla pomidoru gözgörəsi tələf olan icarədarlar, kəndlilər də. Camaatın əli göydə idi. Neçəsi qurban demişdi. Bir-iki gün də ötsəydi, məhsul qırmızılanacaqdı ki, onu da yığıb yola çıxsan, gərək, müflis olmağını bəri başdan gözünün altına alasan. Çünki yetişmiş pomidoru mənzil başına aparana qədər xaşılı çıxacaqdı. Beşaylıq olmazın əzab-əziyyət heç olacaqdı.

Müdir idarədən də, evdən də qaçaq düşmüşdü. Uzaq qohumlardan birinin evində girlənir, lazım olanda qarovulçu Nağıdan telefonla gecə saat 12-dən sonra bir-iki para şey soruşurdu: “Gəlməyib? Raykoma, Nazirliyə teleqram vurmayıblar? Ən çox kimlər demaqoqluq edir?”.

Nağının da günü fərli deyildi. Yeşik taxtalarının paylanması, pulların yığılması haqq-hesabını müdiriyyət aralıqda ona tapşırmışdı. Onun da tükünü didirdilər “Qaytar pulumuzu!” yeşik bu saat çörəkdən də, sudan da, hətta puldan da qiymətli idi. Çünki pulun özünü də məhz yeşiklər qazanacaqdı. Min tonlarla pomidor yeşiklərin qucağında uzaq şəhərlərə yollanacaqdı. Uzağı bir həftəyə, on günə yüz minlərə çevrilib tədarükçüləri göyün yeddinci qatına qaldıracaqdı.

Axır ki, srağagün vaqon gəlib çıxdı. Səbri bir qaşıq olanlar tez naryadla olanlara ayrılan taxtaları götürüb evlərinə apardılar. Qohum-qonşunun, dost-tanışı başlarına yığıb yeşikləri ala-yarımçıq, amanabənd quraşdırıb yollandıar pomidor bələdlədikləri kəndlərə. Orada da ev sahiblərinin köməyi ilə qalan sınıq-salxaqları da bərkidib, yeşiklərə doldurub, gecəykən düzəldilər yola.

Nağı bazarın ortasında car çəkib bir dəstə uşaq-muşaqdan ibarət “sezon briqadası” düzəltmişdi. Bir dənəsi 20 qəpikdən haqq verirdi. Günəmuz pul qazanmaq istəyən hər bir adam yolüstü on-on beş manat qatlayıb cibinə qoya bilərdi. Dima, Kolya, Gena, iki-üç nəfər də onlar kimi şirin çaxırın ölüsü olan yerli cavanlar əllərini, barmaqlarını şil-küt edə-edə günortanın həşirinə qalmışdılar. Bir-iki qız uşağı da gözə dəyirdi.

Hava necəydi, onu demirəm. Aran yeri-iyul! Gəl, Tanrı, borcunu apar. Qarabala (əsl adı Soltandır. Sinif jurnalı yaş kağızı ilə yazıldığına görə təkcə müəllimlər adı ilə çağırırdılar. Arada-bərədə onlar da Qarabala deyirdilər.) gözaltı uşaqları süzdü. Günortaya az qalmışdı. Yorulmuşdular. Can dərdi işləyirdilər. Əlindəki yeşiyin axırıncı mismarını da vurub:
- Perekur, -dedi. Çəkicləri tullayıb, yeşik qalaqlarının kölgəsində, toz-torpağın üstündə bardaş qurdular.
- Limonad, yoxsa qarpız?- Qarabala soruşdu.
Kimsə mızıldandı:
- Qarpız yaxşıdır. Limonad tayca da yandırır...
Qarabala köynəyinin döş cibindən bir beşlik çıxartdı:
-Bazara kim gedəcək?
Heç kim dinmədi.
- Püşk ataq?
- Ataaq...- bayaqkı səs yenə zarıdı.
Elə belə danışdığına, daim sızıldadığına görə Zığzığ çağırırdılar.
Püşk, əlbəttə, Qarabalaya aid deyildi. Uşaqlar ona hörmət edir, dediklərini dərhal yerinə yetirirdilər.
Yerdən dörd dənə çöp götürdü, birini sındırdı, ovucunda qarışdırıb barmaqlarının arasında dik tutdu:
- Çəkin!
Gödək çöpü kim çəksə, o gedəcəkdi. Gonbul başını ülgüclə qırxdırmış oğlana düşdü. Dostları o saat dilxorçuluqlarını büruzə verdilər.
- Bu gün qarpız yemədik.
- Yenə hərifliyib lət qarpızı sırıyacaqlar.
- Batdıq!
- Namiq, sən də get...

Namiq yerində qurcuxdu. Qaş-qabağını tökdü. Tərs-tərs onlara baxıb maykasının ətəyi ilə üz-gözünü yellədi. Kölgədə otursalar da elə bil böyürlərində ocaq qalamışdılar, sir-sifətlərinə alov vururdu.
- Həə, Qarabala Namiq getsin?
- Getsin!- “şef” də təsdiqlədi.
- Elə həmişə məni göndərirsiniz...- Namiq deyindi.
- Özüm gedərəm, - Qarabala sağ əlini torpağa dayaq verib “hop” qalxdı.
Uşaqlar da əl-ayağa düşdülər:
- Sən otur bir görək.- Namiqə çımxırdılar:- Ölmə də, tay!
Namiq pulu götürüb tələsik yola düşdü.

...Qız bir az aralıda yavaş-yavaş “taq-tuq” eləyirdi. Başın qaldırıb heç hara baxmırdı. Utanırdı, sıxılırdı, nəydi? Nimdaş donu çox yuyulduğundan bir neçə yerdən süzülmüşdü. Ayağındakı sürütmənin “dilləri” sapla tikilmişdi.
İdarənin həyətinə girib-çıxanlar özünün qaravulçu köşkündə bala-bala çay vurub işləyənlərə göz qoyan Nağıya atmaca atmamış keçmirdilər.
- Salaməleyküm, ay Nağı, işlər necədi?
Nağı ərinik-ərinik cavab verirdi:
- Ay batıb, gecədi.
Salam verən vecsiz adam olanda əlini yelləyirdi:
- Əleykə sovuş.
- Ə, yekə kişisən, Allahın salamına qulp qoyma.
- Qulpsuz düşmənin olsun. Sür! Semafor açıqdı.
- Ha, ha, ha!..

Bir başqası yaxınlaşıb hay-küylə əl tutur onun arıq və cansız əllərini gözləri yaşarınca sıxır, ağır əlləri ilə kürəyinə şappıldadırdı. Nağı ölüm-zülüm dözür, ətrafındakıların diqqətini yığır, sonra özüünə canıyanan görkəm verib, yastı-yastı dillənirdi.
- Sənə deməmişəm idarəyə gələndə yolunu o xarabaya salma?
- Hardan?
- Fermadan.
- Nədir ki?
- Yanından bircə dəqiqə keçməklə ordakıların xasiyyətini tamam-kamal götürmüsən.
Odu eyy, Nağı getdi. Düş dalına, görüm, çatırsanmı? Gülüş, qəhqəhə dünyanı başına götürürdü. Guya həmin adam pərt olurdu? Qətiyyən. O cür cavab alacağını yaxşı bilirdi, amma məzələnirdi, qurdunu öldürürdü. O da ondan ləzzət alırdı.
- Sərin, ə!- Uşaqlar bozardı. Qarpızı onun üstünə qoydu. Pulun qalığını Qarabalanın yeşiklərin birinin mismarından asılmış köynəyinin cibinə atdı.- Kəsin də! Ürəyiniz gedirdi bayaq, - “kəkələndi”.
Kölgə uşaqları bir az toxtatmışdı. Namiq yol gəldiyindən canı odluydu.
Qarabala qarpızı dilimlədi. Elə kəsdi ki, iş bütöv bir dilimin üstündə qaldı. Üzünü zığzığa tutdu:
- Apar ver o qıza.
Uşaqlar girişdilər qarpıza. Marçıltı-murçultu bir-birinə qarışdı.
Zığzığın kirimişcə gəlib yanlarında çömbəlməsinə fikir vermədilər. Hannan-hana başlarını qaldırıb mat-mat onun üzünə baxdılar. Zığzığ əlini uzatmırdı.
- Noolub, ə?!
Qız qarpızı götürmədi.
Canın sağ olsun!
Əh! Əlinin dalıynan itələdi, düşdü tozun içinə.
Neynək!
Nə, “neynək” e? Hayıf onnan. Elə bildim öz içim düşdü yerə.- Zığzığın əməlli-başlı ağzı sulandı.
Uşaqların hərəsi bir tərəfə yıxıldı. Yeşiklər taraqqa-turuqla başlarına uçdu.Toz aləmi bürüdü.
- Ayə, bu tamahnan yaxşı ki, qız olmamısan!
Nağı əlində stəkan köşkün qapısından hədələdi:
- Axşam yeşiklərdən “brak” çıxardanda, deməyin haa. Nağı yenə pulumuzu kəsir. Heç olmasa. əlli yeşik zay oldu? Olar! Hələ bəlkə də çox. Bala, kliyentlər onları təpəmə vurur e! Deyir, ay bunu düzəltdirən, xış-əqrəban belə-belə olsun. Kasıbçılıqdan dədəmə-anama üç manat verib “Yasin” oxutdura bilmirəm, barı qoyun qəbirlərində rahatca yatsınlar. Mənimlə düşmənçiliyiniz var. Vurun o yeşikləri təpəmə- yox eyyy, dilimi də çaşdırırsınız- vurun o çəkicləri başıma, birdəfəlik ölüm, üzüm üzünüzdən qurtarsın.
- And içmə, əşi, inanırıq. Bağışla, bilmədik,- Namiq ucadan dil-ağız elədi. Sonra yavaşca,- yalansa haramın olsun, onsuz da axşam hərəmizdən iki-üç manat kəsəcəksən.
- Getdik!- Qarabala komanda verdi. Hamı qalxdı. Yenidən hər kəs öz işinə başladı.

Dalbadal maşınlar gəlir, hazır yeşikləri götürüb tozlaya-tozlaya gedirdilər. Sürücülərin yanı ilə gələn tədarükçülər Nağının köşkünə girib-çıxır, nə barədəsə mübahisə edir, sifətlərini şappıldadıb, and içirdilər: “Sən öl! Özüm ölüm!” Arabirqırıq-qırıq cümlələr eşidilirdi. “Hamısını zülmnən...” “haqq-hesab ayrı cürdü e...”

Qız yeşiklərin arasından görünmürdü. Düzəldib qurtardıqca dövrələmə yan-yörəsinə yığırdı. Barama qurdu kimi dörd bir yanını hörüb ortada qalmışdı. Cəkici yenə aram-aram taqqıldadırdı. Oğlanlar üçünü düzəldəndə, o, birini həmin qurtarırdı. Elə bil and içmişdi ki, bu gün ağzını açmayacaq. Onun ucbatından uşaqlar da az-az danışır, “cızdan qırağa” çıxmırdılar. Yoxsa indi Namiq bir boğça lətifəni açıb tökmüşdü günün qabağına. Zarafat, lağlağı olmayanda, iş həvəssiz görülür, gərginlik artır. Heç olmasa, Zığzığın bayaqkı sözlərinin bir az ora-burasını bəzəyib onu cırnadanda qədər təkrar edib özündən çıxartmadın- nə ləzzəti?

Axşam düşdükcə günün şaxı sınırdı. İşləmək nisbətən asanlaşırdı. Hərdənbir hardansa əsən yüngül meh lap gül eləyirdi. Namiq də dalbadal, “Oxay, oxay, ürəyim getdi”, -deyirdi. Bir də elə deyəndə sinəsinə xırda talaşa dəydi. Başını qaldırdı. Qarabala acıqlı-acıqlı çəkici silkələdi. Namiq əlləri ilə, başilə “soruşdu”: “Noolub?” Qarabalanın işarəsindən nə anladısa, barmağını dişlədi. “Həəə? Deyirsən birdən qız pis başa düşər? Bildim! Tay demərəm”,- əllərini qaldırdı.
- Nətəərdi işlər?
Nağı indi də köşkün qapısından xırda pulla dolu kisəni silkələdi, uşaqları şirnikdirdi.
- Gəlin, a bəxtəvərlər! Bir torba pul sizi gözləyir.
Köhnə tələsi idi. Duymuşdu ki, bu gün norma dolmur, iş axsayır. Səbəbini anlamırdı. Qızlara görə, xüsusən, böyürlərindəki o sarıbənizin hesabına iş yağ kimi getməliydi, amma tərsinə idi. “Görəsən dalaşmayıblar?” Bəlkə aralarında mübahisə olub qızlara görə... Olar, olar... Bayaqkı taraqqa-turuq nə idi görəsən?... Yox e, qızları sabahdan qovacam”.

Qarabalanın komandası Nağının əsas zərbə qüvvəsi idi. Gün ərzində mindən çox yeşik düzəldirlər. Uşaqların pulunu verəndən sonra yeşiklərin üstünə öz nırxını da qoyarıq canlı, balalarını öldürə-öldürə- “Heç bilirsən nə zülmlə?”- birisini əlli qəpikdən xırıd edirdi. Qohum- simsar, ürəyi yanan deyəndə ki, dünya malından ötrü balalarının canına yalandan and içməyi tərgit, düşər-düşməzi olar- əlüstü cavab verirdi:
- Ölmüşdü Xankişi! Dilimin altına çöp qoyuram.
- O nə deməkdir?
- Bir şeyə yalandan ürəklə and içəndə, heç nə olmur. Əsas odu özün-özünə inanasan ki, ürəkdən and içirsən. Ə, camaat savadsız mollaların ala-bulaşıq duasını stəkanın içinə salıb suyunu qurtaqurtla çəkir başına. Bir də görürsən sabahı dik-dik yeriyir. Heç elə bil yorğan- döşəkdə quzu kimi mələyən o deyilmiş. Bə o nətəər olur? Mənim and içməyim də eləcənə...
Soruşan ağzını ayırıb, gözünü döyüb bir xeyli Nağıya baxır, sonra da suyu szülə-süzülə çıxıb gedərdi işinin dalınca. Əgər gedə-gedə başını bulayıb onun dediklərinə yenə də şəkk eləsəydi, axırıncı payını alırdı.
- Get, get, bala! Sən elə şeyləri qanmazsan!
Bir sözlə, Nağı girməli kol deyildi.

...İş qurtarmışdı. İndi “malı” təhvil götürüb pulları paylamalıydı. Uşaqlar 8-10 dənə- “it aparan olsun”- artıq düzəldirdilər ki, bütöv pul alsınlar: 15, 20, 25... onsuz da ən azı 10 dənəsini Nağı “brak” çıxarıb pulunu verməyəcəkdi və bunu hamı qanun kimi qəbul eləmişdi. Xeyri yox idi. Tutalım 10 manat pul almaq istəyirsənsə, gərək altmışını düzəldəsən.

Zığzığdan başladı. Sayıb on ikisini çıxdaş- “brak”elədi. Qəsdən “iki”ni əl yeri qoydu ki, nəm-nüm eləsə, “on”da day dayansın, “iki”ni çıxıb boynuna minnət qoysun.
Yekə kişisən, o “iki”ni hara soxursan? Bu nə deyir, Qarabala?- Zığzığın boğazının damarları şişdi.
Ağ elədiyini Nağı bilirdi, amma minnət qoymağından qalmırdı. Qarabalanın adını eşidən kimi əlinə girəvə keçdi, ondan xal qazanmaq üçün fürsəti fövtə vermədi:
- Qarabalanın xətrinə ikisini çıxıram, amma iş gərən zibil deyilsən.
Zığzığdan çıxmayan iş! Deyəsən, Nağı onu yaman yandırmışdı. Başını dik tutub, Nağının şax üzünə dedi:
- Qoç igid dayısına oxşar.
Nəyi desən də bunu gözləmirdi Nağı. Gözləri bərəldi:
- Sən öləsən, çəkərəm şilləni, ağzın qızıl qanla dolar.
Zığzığ keçi kimi kənara tullandı.
- Yox ə, hamamlayarsan!
- Sabah əlimə düşməyəcəksən ki?!- Nağı uşağa qoşuldu.
- Heç ayağımı da qoymayacam tay!- “Ay Çiçək”mahnısını fitlə çala-çala qapıya sarı getdi. Əlinin içi kimi bilirdi ki, Qarabala pulu alıb gətirəcək.

O birilərindən də on-on beşini “brak” çıxardıb pullarını verdi. Yenə həmişəki kimi Qarabalanın yeşiklərini saymadı. Əksinə, üzünü Zığzığ gedən tərəfə tutub bağırdı:
- Bax, işləyən beləbelə olar! Elə bil konveyerdən çıxıb. Götür dağın başından burax üstən aşağı, birinin mismarı laxlasa, gəl tüpür mənim üzümə.
Namiq yanındakı oğlanı dürtmələdi:
- Yer qalıb ki?!
Oğlan qəşş elədi. Pıqqaldıyıb ağzını tutdu. Amma bunu elə köntöy tərzdə elədi ki, az qaldı boğulsun. Bilmədi neynəsin, yalandan Namiqi itələdi.
- Toz eləmə də! Öhö! Öhö!
- Nəyə gülürsünüz ə!- Nağı indi də onların üstünə düşdü. Qarabala bildi ki, ilmə Namiqdən keçib. Gördü, Nağı yenə ucundan tutub ucuzluğa gedəcək, aman vermədi. Bıçaq kimi kəsdi:
- Qurtar!
“Pah attonnan! Uşaq olasan bu tədbirdə, bu ötkəmlikdə”. Nağı Qarabaladan açıq-aşkar çəkinirdi. Ağızucu soruşdu:
- Səninki neçə...
- Yüz səksən üç!

Sınaq üçün neçə dəfə saymışdı, həmişə də pərt olmuşdu. Hesabda bir dənə artıq-əskik olmamışdı.
Xırda pul torbasının ağzını çəkib yanındakı yeşiyin üstünə qoydu.
Cibindən bir təklik dəsti çıxartdı. Ləng ağır-ağır, Qarabalanın məxsusi fərqləndiyini bildirmək, şənini bir az da artırmaq üçün bərkdən saymağa başladı. Fəndi keçmədi, Qarabalanın bayaqkı səsi eşidildi.
- Oyun oynama. Qurtar!
Əlini xırda pula uzadanda Qarabala ağsaqqal ədasıyla dilləndi:
- Halal xoşun olsun.
- Ə, Qarabala. Bu nə xəcalət...
- Xudahafiz...
Uşaqlar tərpəndilər. Darvazanın ağzında Zığzığın kəskin fiti eşidildi. Nədənsə Nağının həvəsi yox idi. Cavab vermədi. Onun dinmədiyini görüb Zığzığ da əlini ağzından çəkdi. Təsir əks təsirə bərabərdir. Allah sənə rəhmət eləsin, İsaaq Nyuton!
Qaldı qız. O biri balacalar günorta getmişdilər.:
- Dillən, a bala!
Düz yüz dənədi, əmi. Baxx...
Baxmağa ehtiyac yox idi. Qız yeşikləri üst-üstə on-on yığıb beş bir cərgədə, beş də bir cərgədə toplama düzmüşdü. Bağça uşağı da baxan kimi sayını deyərdi. Nağı dilxor oldu. Bu cür aydınlıq ona sərf eləmirdi.
- Dayan görüm, a bala!
Yeşiklərin bağına fırlandı. Bir şey çıxmadı. Bir-ikisini götürüb qoydu. Nə desin? Lənət sənə, kor şeytan? Öyrəncəli olduğundan vərdişindən əl çəkə bilmirdi. Mütləq beş-onunu “brak” çıxartmalıydı. Təzə bəhanə lazım idi.
Oğlanlara tutduğu “pürçümü” qız yəqin eşitmişdi. Bə indi nə desin? Karıxıb qalmışdı. “İşə dümədim axşam vaxtı”.
Mismarın biri əyri getmişdi. Gözünə dəyən kimi açıldı.
- A bala, a bala, zay eləmisən ki, hamısını!
Qızın azqaldı ürəyi getsin. Rəngi ağappaq ağardı.
- Necə?
- A qızım, başına dönüm, azarını çəkim, vallah bu yeşiklər neçə adamı şikəst edəcək.
Qız əsə-əsə mızıldandı. Elə bildi, Nağı yeşiklərin hamısını “brak” çıxaracaq. Və ona birqəpik də pul verməyəcək.
Niyə, əmi?
- Niyə nədi? Budey, bu yeşiyi götürən bədbəxtin əlini bu yandan deşib o biri yandan çıxacaq. Qan şoruldayıb axıb-axıb Araz olacaq! Bunu kim düzəldib, kim düzəldib,- Nağı iki əlli başına qapaz saldı,- mən bədbəxt oğlu. Qolumdan tutub aparacaqlar hara? Türməyə! Balalarım qalacaq çöllərdə. Sən heç yada düşməyəcəksən.
- Bu saat düzəldim! Təkcə elə odu.- Qız qaçıb çəkici götürdü. Nağı əlindən alıb atdı bir qırağa:
- Hansını düzəldəcəksən? Bunu, bunu, yoxsa?
Bir, iki, üç... beş... səkkiz... on... hə onu “brak”dı!
- Vallah, əmi, cəmi biri...
- Bahhh! Mən bilmirəm nə deyirəm? Al pulunu, tez get, yəqin anan bayaqdan səni gözləyir.
Əl atıb uşaqların bayaq qarpız altına sərdikləri qəzetin islanmış yerindən cırdı, bir “kulok” düzəltdi. Sonra qəpikləri saymağa başladı...
- Bu da son səkkiz.- Sonra nə fikirləşdisə, 20 qəpik də atdı:- On səkkiz iyirmi.- Qızın üzünə baxdı, “Kimin uşağıdı ə, bu?” Sabah gərək Qarabaladan soruşum. Bir 20 qəpiklik də atdı.- Bu da 18 manat 40 köpük! Tay vsyo. İşto-mişto qurtardı. Yeri, yeri. Tez ol

Qız pulu iki ovcunda tutub sinəsinə sıxmışdı. Rəngi bir az özünə gəlmişdi. Amma yenə nəsə demək istəyirdi ki, Nağı aralandı. “Bir az durub-durub gedəcək”.

Köşkə girdi. Elektrik çaydanını cərəyəna qoşdu. “Çay qaynayanacan görək bugünkü qazancımız nə qədərdi?”
Çötkəni qabağına qoydu. Ancaq özünə məlum rəqəmləri üst-üstə gəldi, çıxdı, nəsə düz alınmadı, şaraqqıltıyla “aşıqları” geri qaytardı, təzədən çəkməyə başladı. Barmaqlarının bəzisini yumdu, bəzisini açdı, beynində də şifahi hesabladı, fikrə getdi, gözünü yumdu, başını qaşıdı... Axır ki, dərindən nəfəs alıb:
- Allah bərəkət versin, - dedi.- Bu gün də belə getdi.
Çaydan poqquldayırdı. “Çayımız qaynadı”. Çayniki isti suda yaxalayıb quru çay atdı, elektrik piltəsinin üstündə dəmə qoydu. Saata baxdı. “Gedim darvazanı bağlayım”.
“Bayyy! Bu kimdi ə, belə?”Qarabalagilin işlədiyi yerdən “taqqatuq” gəlirdi. “Kimdə qalıb yəni? Eləşey olmaz. Bir qız idi axıra qalan, onu da yola saldım getdi. Bayyy...”

Əhvalı pozuldu. Bu bəd əlamət heç Nağını açmadı. Səs gələn tərəfə dabrıdı. “Yəni kimsə gözümdən qaçıb pulunu verməmişəm, indi o da yalandan çəkici döyəcləyir ki, mən də varam?”

Səbri çatmadı. Götürüldü. Gəlib çatanda gözlərinə inanmadı. Allahu-əkbər! axıra qalan qız idi! “Bu bayaq getmədi?”
Uşaq Nağını görüb:
- Bax, əmi, axırıncısıdı, qurtarıram. Bax, bu belə,- mismarı vura-vura tez-tez təkrar edirdi,- bu belə, bu da belə, bu da belə...
Qorxurdu ki, yenə çəkici əlindən alıb harasa tullayar, ona görə də üzünə şən, yumşaq ifadə verib deyirdi:
- Bu da belə, bu da, bu da... vəssalam. Bu da səkkizinci!.. Quran haqqı, əmi, heç biri “brak” deyil. İnanmırsan, yoxla!

Qız yeşikləri bir-bir götürüb onun gözünün qabağında o yana-bu yana fırlatdı.
- Baxın. Baxın! Lap istəyirsən, dağın başınnan at yerə...
Nağı ayı kimi bağırdı:
- Allah, Allah, itin olum, küçüyün olum, keç günahımnan.
- Əmi, sən Allah, acığın tutmasın. Bilirsən, dükanda bir yaxşı don görmüşəm, qiyməti 20 manatdı Ona görə təzədn səkkizini də düzəltdim ki, pulum çatsın. Əskik olsa verməzlər axı.
Qızı başdan-ayağa süzdü. “Bayaq necə kor olmuşam, mən itoğlu”. Bir az bundan qabaq Qarabalaya saydığı təklif dəstini çıxartdı:
- Götür, nə qədər istəyirsən, götür.
Qız yaxın gəlmədi:
- Xırda pulları neynədiz? Onnan verin: bir manat altmış qəpik. Onsuz da çörəkxanadan irilədəcəm.
Nağıdan tüstü qalxdı:
- Çörək tutsun məni! Xırda pul butkada qaldı. Götür, nə qədər istəyirsən götür..
- Siz verin.
Nağının içində nəsə yavaş-yavaş üzüyuxarı qalxırdı. Bir anın içində elə bil onu əvvəlcə yanar təndirə, sonra arxa basıb çıxartdılar. Bihal oldu. Bir təhər iki təklik ayırıb qıza verdi. Qız da dərhal iki 20 qəpikliyi onun ovcuna qoymaq istəyirdi ki, Nağını guya ilan çaldı.
- Yeri geeettt!!!
Qız qorxdu, ağlamsındı. Əlini oda uzadırmış kimi irəli-geri çəkilib doluxsundu:
- Qalığı götürün!.. Qalığı götürün.
Ağlına gəlmirdi ki, atıb qaçsın. İstəyirdi ovcuna qoysun, “Birdən yerə düşər itər”.

Nağı toz-torpağın içində - əzabdanmı, ağrıdanmı, Allah xofundanmı- eşim-eşim eşələnirdi. Elektrik piltəsini üstündəki çaynik çatdayıb çilik-çilik olmuşdu. Köşk od almışdı. Çırtaçırt yanırdı. Alov yeşiklərə tərəf gəlirdi.