İşə bax e, sən Allah! Bu boyda insan dəryasının içində, özü də
belə qarmaqarışıq yerdə, təzəcə çatıb toxtamışdılar – ürəkləri qopub
düşdü ayaqlarının altına. Böyük qardaşları Ağaismayıl, iraq olsun,
yerin altından çıxdı, göydən düşdü, nədi? Elə bil onları güdürmüş.
Gözlərinə inanmırmış kimi bir müddət mat-mat baxdı, sonra
yaxınlaşıb əllərini kiçik qardaşlarının başında, çiyinlərində
gəzdirdi, əmin olmaq istəyirdi: onlardımı? Və heyrətlə soruşdu:
- Neylirsiz burda?
Ən kiçikləri Ağababa içini çəkib dilləndi:
- Məələdə bir dənə kişi qalmayıb, qədeş… darıxdıq gəldik. Bizi
arvadlara axrənnik qoymayıblar ki!
Ağaismayılın dodaqları qaçdısa da, özünü ələ alıb üzünü
bozartdı:
- Böyük-böyük danışma, buna bir bax! Dalımja gəlin görüm,
- deyərək hər ikisinin qolundan yapışıb qələbəlikdən çıxartdı.
Məhəllələrinə gedən yolun ayağında barmağını silkələyərək hər
ikisinə təpindi.
1
- Düz evə! Məmə təkdir. Bir də sizi bu aralıqda görsəm, əlimdən
alan olmayacaq aa! Eşitdiniz?
Uşaqlar götürülmüşdülər, amma yarıyolda arxaya boylanaraq
Ağaismayılı görməyəndə səssizcə himləşib təzədən geri
dönmüşdülər. «Evdə nə var e! Millət hamısı küçədədi. Elə bil
bayramdı – camaata bax, aləə! İkinci blokun uşaqları «İkarus»un
üstündə əcəb kef çəkirdilər. Ordan hər yer zor görünür, həm də
üçrəngli, səkkizguşəli bayraq yelləyirdilər. Bayrağa bax e! Yüz
bayrağın içində tanınar, qarışdırmazsan! Allah kömək olmuş
Ağaismayıl da elə deyir, «gedin evə, gedin evə». Məmə neynir e
bizi, turşu qoyacaq?.. Məələdəki yaşıdlarımız gecələr Azadlıq
Meydanında ocağın başında əl-ayaq verirlər, zakonnı söhbətlər
eşidirlər, dace məktəbdə bəzi müəllimləri duvara dirəyirlər. Biz
cayıl-zad döyülük bəyəm?!»
Dördgözlə yan-yörələrinə boylandılar: Ağaismayıl bu
tərəflərdə yoxdu görən? Gözə dəymirdi. Yəqin iş dalınca gedib.
Onların «böyük qərdeşləri elə-belə adam döyül, zor cəbhəçidir. Pes
nə?!»
Adamlar topa-topa XI Qızıl Ordu meydanına axışırdılar,
meqafonla ayrı-ayrı dəstələrə göstəriş verilirdi, ürəkli olmağa,
bərk durmağa səsləyirdilər. «Qorxmayın, atəş açsalar da patronları
xalastoydur». Bir nəfər meqafonsuz-zadsız boğazı cırıla-cırıla
çığırırdı:
- Bərk durun, alə! Öləndə də kişi kimi! Meydannan qaçan «onnandı».
Uşaqlar üçün ən maraqlısı qələbəlik, adamların çoxluğu, yolları
kip tutmuş uzun-uzun avtobuslar, yük maşınları idi. Ürəklərindən
keçirdi ki, o avtobusların üstündə belədən-belə, elədən-elə qaçan
tay-tuşlarının içində olaydılar. Eh! Getmək olmazdı. Ağaismayıl
vaylarını verərdi.
…Əvvəlcə bir şey anlaya bilmədilər. Tanklar stadion tərəfdən
burulub «Gənclik» metrosunu keçərək Noyabr bayramındakı kimi sıra
ilə irəliləyirdilər. Bir «Kamaz», bir dənə də «Kraz» yolu köndələninə
kəsmişdi. Tanklar necə hel vurdularsa, o boyda maşınlar havadaca
bölünüb dağıldılar küçəyə. «Belə nöşün?!»
Uşaqlar tankları daşa basmışdılar. Əllərinə nə keçirdi,
atırdılar: kartof, qəmbər, yumurta, odun parçası – məzələnirdilər.
Tanklardan biri istiqamətini dəyişib onlara sarı yönəldi. Heç kim
qaçmadı, əksinə, əllərində daş-dahara bir az da qabağa yeridilər,
ağıllarına heç nə gəlmədiklərindən, deyəsən, siçan-pişik oynamaq
istəyirdilər. Yalançılar sözü, gündə gördükləri tankları dəə –
Qurd qapısında, Qobuda, Güzdəkdə, bayramlarda. Onları sürənlərə
evlərindən paxlavadan tutmuş qutabacan, siqaretdən pulacan o qədər
daşıyıblar ki! «Druq» döyüllər?
Birdən avtomatlardan dalbadal atəş açıldı. Uşaqlar
donub qaldılar. Yerə dəyib uçan güllələrin gilizləri evlərin
pəncərələrinin şüşələrini çilik-çilik elədi, bəziləri divara,
elektrik dirəklərinə, dəmir məhəccərlərə dəyib «vıyyy», «vıyyy…»
səslənərək işıq batareyasının xırda lampaları kimi yana-yana uçurdu.
Hamı dərhal üzüüstə yerə yatdı. Meyit kimi uzanıb heç
qımıldanmadılar da. Haradasa uzaqlarda da atəş, gurultu,
metal səsləri eşidilirdi. Hər yan uçulurdu, dağılırdı. Yer-
göy lərzəyə gəlmişdi. Uşaqların üzüqoylu torpağa sərilib daha
tərpənmədiklərini gördükdə dübarə atəş açmadılar. Tank yerində
fırlanıb asfaltı oyum-oyum oydu, dönüb sürətlə dəstədən ayrı düşən
qırğı kimi o birilərinin dalınca şığıdı. Handan-hana uşaqlar
ürkək-ürkək başlarını qaldırdılar.
- Ağobba…
- Sss… - Gözüyumlu iki daşın arasında şəhadət barmağını
dodaqlarının üstünə qoyub «dinmə» işarəsi verdi. Atababanı
görmürdü. Ağabala da onun hayanda olduğundan xəbərsizdi, o da gözünü
yumub nəfəsini içinə çəkmişdi.
- Ölməmisən?..
- Hələ yox…
Kəfən kimi ağarmışdılar. Vahimə ilə tankların ardınca baxıb
üz qoydular evlərinə sarı. Baş vermiş hadisənin dəhşəti körpə
ürəklərində indi-indi özünə yer eləyirdi.
Tanklar iki yerə bölünmüşdü: bir hissəsi Tbilisi prospekti ilə
üstdən aşağı şütüyürdü, o biriləri meydanda müxtəlif itiqamətlərə
güllə yağdırırdı.
- Qədeş…
- Hə…
- Alə, svetnoy da patron olur?
- Deyəsən olur, görmürsən?
- Ona görə soruşuram.
Qarşısıalınmaz maraq onları bu dəfə də yollarından elədi:
- Qaqaş, - böyük dilləndi.
- Nədi?.. - kiçik hələ də onu tərk etməyən vahimənin hövlündən
qaranlıqda qardaşının əlini tutub böyrünə qısıldı.
- Gəl dırmaşaq Respublikanskinin hasarının üstünə, ya da
ağaclardan birinin başına. Kimdi bu gecəyarı başını qaldırıb göyə
baxan. Rahatca tamaşa elərik dəə…
- Hə?
- Həri!
- Necə istəyirsən…
Nəfəslərini dərib yerlərini təzəcə bərkitmişdilər ki, izdiham
burulğan kimi buruldu. Sonra hayqırtı, nərilti, çığırtı, nalə…
birdən adamlar çay kimi üzüaşağı selləndilər. Həmin o yekə, uzun
maşınlar oyuncaq kimi havada uçur, tankların tırtılları altında
konserv qutuları kimi yastılanırdı.
Yox ee! Nəsə… oxşamır. Bu nədi? Tank adamların üstündən keçir,
kişilər, qadınlar çığırır. Kino deyil axı!
- Atobba…
- Nədi?
- Bunlar neylir, alə?
- Deyəsən, adamları öldürürlər…
- Nöşün?
- Mən nə bilim…
Kiçik qardaşının səsi kallaşdı.
- İndi məmə əl qatıb özünə.
- Gərək evə gedəydik.
- Sən elədin də!.. Dedin, qalaq, qalaq, baxaq, baxaq…
Atababanın fikrində-zikrində isə bayaqdan elə Ağaimayıl
dolaşırdı. İndi onun tənbehi, danlağı heç eyninə deyildi. «Ata
əvəzi böyük qərdeşimizdi, noolsun döyüb danlayanda – tərbiyə verir
də…»
Ağaismayıl ordaydı – yekə, ağır maşınların kos kimi havaya
atılıb kəlləmayallaq asfalta, səkiyə düşdüyü yerdə; adamların
üstündən tanklar keçdiyi yerdə. Hələ bunlar bir yana! Atababa hələ də
başa düşə bilmirdi ki, dörd nəfər oğlan, bir nəfər qız əl-ələ tutub
tankın qabağında gülə-gülə durduqları halda indi birdən-birə necə
oldular?.. Tam dərk edə bilməsə də, dəhşətli şeylər baş verdiyini
fəhmlə duyurdu və uşaq qəlbilə kiçik qardaşına haqq qazandırırdı:
- Düz deyirsən, nahaq qayıtdıq…
Lap yaxından səslər gəldi:
- Strelyayte besprerıvno povsyudu, dace po tenyam. Ponyali?..
Ən qəribəsi buydu ki, çoxunun ləhcəsi ruslarınkına oxşamırdı,
uzunsaçlı, saqqallı əsgərlərdi. Yeddimərtəbəli söyüşlər
işlədirdilər və arada ağızlarından elə ifadələr çıxırdı ki…
«Vaxsey, ərmənilərdi!»
Körpə qəlbi soğan qabığı kimi soyuldu. Uşağı uçunma apardı.
Titrətməli adamlar kimi dişi dişinə dəydi. Oturduğu budaq sir-sir
silkələndi. Ağababaya isə baş verənlər bütün dəhşəti ilə çatmırdı,
məhəllələrindəki videosalonun – başqa söhbət ola bilməz! – maraqlı
və gərgin «ucas» filmlərini xatırlayırdı. Nisbətən körpə olduğundan
ona o qədər də çatmırdı. «Noolsun ey, bir-birinin qabırğasını sökür,
başını kəsir – kinodu da».
Qəribə ləhcəli adamlar ötüb keçən tankların ardınca hara gəldi
atəş aça-aça, küçələrdən, hasarlardan, ağacların altından keçə-
keçə irəliləyirdilər. Kiçik hənirti, şıqqıltıya belə aramsız güllə
yağdırırdılar.
Ağababanın ürəyi gəlib durmuşdu boğazında. Nəfəsi tıncıxırdı.
Vahimədən titrəməsi elə artmışdı ki, oturduğu budağı elə bil kimsə
aşağıdan silkələyirdi. Şıqqıltını qulağı alan saqqallılardan biri
avtomatın lüləsini ağaca tuşlayıb bir daraq boşaltdı. Güllələr
Ağababanın başının üstündən, böyründən, sağından-solundan,
qulaqlarının dibindən eşşək arısı kimi vızıldayıb keçdi.
- Ay məmə!..
Gözləmədikləri uşaq çığırtısından səksənən əsgərlər bir anlıq
devikdilər, canavar sürüsü kimi arxa-arxaya verib dairə düzəltdilər:
- Kto tam? Ruki verx! Esli oruciya est, brosayte nemedlenno… a to…
Həmin sözü deyən əsgər qaravayına bir neçə güllə də
boşaltdı. Atababanın qulağına əvvəlcə yaxınlıqdakı Respublika
Xəstəxanasının hansı mərtəbəsindəsə sınan şüşələrin cingiltisi
gəldi. Arvad, kişi bağırtısı, Allahı, imamı, peyğəmbəri köməyə
çağıran xəstələrin iniltisi, zarıltısı, harayı bir-birinə qarışdı.
«O nə səsiydi, alə?!»
Bu səs adamların səsindən, bağırtısından çox zəif idi, gücsüz
idi, həm də heç səsə oxşamırdı. Elə bil kiminsə nitqi batdı, nəfəs
aldığı yerdəcə nəsə bir tıxacımı, iri bir tikənimi boğazına
soxdular – göyərib-göyərib səsi batdı… Nəsə ağır bir şey qum kisəsi
kimi yerə düşdü: şarappp… Həm də bütün bunları Atababa qulağından
əvvəl ürəyiynən eşitdi.
- Alə, Ağobba!!!
Qardaşı ağacın altında elə hey torpağı qamarlayıb ovcunda un
kimi ovxalayır, yenidən barmaqları ilə yeri eşirdi. Heç bilmədi
əli budaqdan haçan üzüldü, titrəməsi nə vaxt kəsdi – ayaq üstə, dik o
hündürlükdən qardaşının yanına düşdü, heç dabanı da sızıldamadı.
Düşən kimi də diz çöküb qardaşının başını qucağına aldı:
- Ağobba, alə, nooldu sənə?..
- …Qa… qa…
Qan Ağababanın ağzından qəfil fışqırdı, başı kəsilən quzu kimi
xırıldayıb-xırıldayıb dartındı və birdən də lam düşdü. Qıc olmuş
barmaqların arasından tökülən qum dənələri nazik qan şırnağının
yolunu kəsdi, ovuc içi boyda yerdə qan gölləndi. Atababanın
cikkəsindən eşidənlərin qanı qurudu:
- Ay məməəə!!! Ağaismayıl! Qərdeşimi öldürdülər!
- Rasxodites! – Kimsə qısa və qəti hökm verdi.
- A sviditel?
- Sqin, k çertu!
Daha bir neçə nəfər yaxınlaşdı.
- Batya, çto tam sluçilos? Çto za deti?
Kimsə etinasızcasına, həm də istehza ilə dilləndi:
- Xoteli podceç tanki. Vidimo, molodçiki iz Azfronta.
- Ubiraytes!
- Yest ubiratsya!
«Yest ubiratsya»nı həm əmr, həm də «aradan çıxın» kimi qəbul
edərək əlüstü yoldaşlarına tərəf dönüb him elədi. İşarəni anlayıb
uzaqlaşdılar. İndi artıq nalə, fəğan, gurultu, partıltı, işıq saçan
güllələr aşağılardan – şəhərin mərkəzindən, Salyan qazarması
tərəflərdən gəlirdi.
Heç kimin gözləmədiyi halda Atababa qaçıb arxadan əsgərlərdən
birinin qayışından yapışdı:
- Alə, saldat, kto ubil maeqo brata?
- Ubiraysya, qad! – əsgər çevrilib əvvəlcə avtomatın qundağı, sonra
da təpiyi ilə «cavab verdi!»
- Alə, qad tı e, ya vas spraşivayu, kto ubil maeqo brata?
- Zatkni emu qlotku, - kimsə ilan kimi dişinin arasında fısıldadı
və ətrafına boylandı.
- Çto za şum, kibeni materi! – bayaqki rus zabiti idi.
- Ne otstayot ved?.. – saqqallı cavab verdi.
- Uberi eqo! Smelee, ne razbeqaytes. İnaçe nevestı ne docdutsya vas,
a poluçat tsınkovıye qrobı s kamiyami.
- Kto ubil maeqo brata, qadı soldatı? Ey, russkie…
Bayaq, «A svidetel?» - deyən, ləhcəsindən rusa oxşamayan saqqallı
başçılarına döndü:
- Otoydi, ya zatknu emu qlotku.
- Smotri, net li koqo?
- Da vryad li!
- Nu, sam znaeeş…
Atababanı itələyib götürüldü. Uzunsaçlı ermənicə söyərək –
görünür inanırdı ki, ətrafda «svidetel…» yoxdur, Allah da uzaqdadır
və ona görə də ağzına yiyəlik eləmirdi – söyə-söyə gülləni yağdırdı.
Atababanın körpə sinəsində topa-topa qırmızı güllər açıldı.
Güllələrin zərbindən arxası üstə yıxıldı.
Jınqırı da çıxmadı. Asfaltın üstündə balaca qayıq kimi
ləngərləndi, titrəyib-titrəyib ram oldu. Getdikcə işığı azalan
bəbəelərdə seyrək soyuq şəfəqləri solğun-solğun işarırdı. Ətraf
qırx arşın quyu kimi sükuta və qaranlığa qərq olmuşdu. Küçə lampaları
güllələrlə sındırılıb söndürülmüşdü.
İsti qan soyuq yanvar gecəsində buğlanırdı. Ağacların,
yarpaqların, daşların gözləri önündə möcüzə baş verirdi. Dan yeri
ağardıqca asfalt başdan-başa qırmızı güllərə bələnirdi. Birisi gün
bunları dərib şəhidlərin qəbri üstünə səpəcəkdilər.
Göydən iri-iri damcılar düşdü.
Allah ağlayırdı…
1991