– Jurnalistika nədir?
– “Təcili yardım”. O, qəzanı aradan qaldırmağa tələsir.
– Bəs ədəbiyyat?
– Ədəbiyyat... Qəza törədəndir...
***
“Smaylik”siz gülən və ağlayanlara ithaf olunur bu yazı.
Məndən deməkdir:
1) İstedadlı adamlardan intizam, intizamlı adamlardan istedad gözləməyin!
2) Tənbəllərə hörmət eləyin. Onlar yaltaqlanmağa da ərinirlər.
3) Əli qələm tutmayanlar yumorun düşmənidir. Onların yazmağı talenin acı zarafatıdır (yeri gəlmişkən: mən ölkədə tək-tük qələm adamından biriyəm, çünki hələ də kompüterdə yaza bilmirəm).
4) Hə, bir də, qrafomanlar yaradıcılıq böhranı keçirmirlər;
3-cü dünya ölkələri iqtisadi tənəzzül keçirmədiyi kimi...
***
İki nəhr bir-birinə qarışmır –
Belə su var da!
Həyatla ədəbiyyat bir-birinə qarışıb – Bilə-su-varda!
Elbrus Ərud mənə link göndərdi:
“Bir ədəbiyyat müəllimi ancaq belə intihar edə bilərdi...”
Çoxlu sərlövhəsi var bu yazının.
Cümlələrin sayından artıq!
Elbrus köşə yazıb, mən hekayə oxudum, bir başqası vida nəğməsi dinlədi, amma bu yazının tək bir oxucusu var: müəllifin personajı.
“...Hər ayın 25-də təqaüd köçən kimi əvvəlcə telefonumdakı “Birbank” tətbiqinə mesaj gəlir, heç açıb məlumata baxmamış görürəm pulu çəkdilər. Tez atama zəng edib maraqlanıram. Deyir, narahat olma, mən çəkmişəm, bankomata-zada etibarım yoxdu, kişinin pulu cibində olar...”
Görəsən, bu dünyanı işğal eləmiş virtual dünyanın o dünyaya da əli çatırmı?
Əgər çatırsa, harasa bir mesaj gəlsin ki, yazı ünvana yetişib... Lap elə “Birbank”a...
Hərçənd indi Elbrusun Əməkdar jurnalist təqaüdünü anası çıxarır və hələ də o “çıkkıltı” kəsməyib.
Ata öləndə taxtını anaya verir. Kişinin postu heç vaxt boş qalmır...
***
Ernest Heminqueyin belə bir kəlamı var, deyir ki, insanlar iki qrupa bölünür. Birinci qrupla yaşamaq asandır, amma onlarsız da keçinirsən. İkinci qrupla dolanmaq çətin olsa da, onların yerini heç kəs verə bilməz!
“İntihar eləyən ədəbiyyat müəllimi” ikinci qan qrupudu. Elbrus onunla sağlığında yola getməsə də, indi onsuz yola da gəlmir...
Yazının əvvəlində dedim ki, jurnalistika qəzanı aradan qaldırır, ədəbiyyatsa qəza törədir.
“Bir ədəbiyyat müəllimi ancaq belə intihar edə bilərdi...” yazısında jurnalist (ika) qəza törədib, ədəbiyyat (müəllimi) haya yüyürüb, amma çatmayıb. Qəsdən!..
P.S. Naviqator xəbərdarlıq edir:
– 50 metrdən sonra sağa!
100 metrdən sonra sola!
1000 metrdən sonra dairəvi yola!
Mənzil başına sağ-salamat çatmaq üçün yolu düz gedə bilməzsən.
Ömür yolu da maşın yolu kimidi.
Düz gedəni bircə mənzil gözləyir:
SON...
Qulu Ağsəs

Son xəbərlər
Son Xəbərlər