Bir zamanlar mavi gözlü bir dev vardı. Nazim Hikmət deyirlərdi adına. Türkiyədə solçu inqilabçıların bayraqdarı və ruh qidasıydı. Türkiyəninin solçu ədəbiyyatı və incəsənəti Nazim Hikmətlə nəfəs alırdı. Bir zamanlar doğurdan Türkiyədə azadlığın adı Nazim Hikmətdi... 60-70-ci illərdə Cem Qaraca əfsanəsi doğdu Türkiyədə. Azad insan olmağı öyrədirdi Cem insanlara. O xalqın bağrından qopmuşdu və ən adi xalq məzəsi ilə insan və azad olmağı öyrədirdi hər kəsə. Amma 215 illik həbsdən yaxa qurtarmaq üçün Almaniyaya qaçan Cem geri dönürkən solçular imtina etdilər ondan. Onlara görə əfsanə Almaniyada qalmışdı. Əslində 80-ci illərin solçu gənclərinə Cem Qaraca yetmirdi. Onlar üsyan istəyirdilər. Kükrəyən və hər şeyi yandırıb yaxan bir üsyan...
1963-cü ildə Nazim Hikmət qürbət Moskvada öz ideallarının böyük xəyal qırıqlığı içində ölürkən Malatyada Mahmud Qaya adlı bir fəhlə 6 yaşlı oğluna bir bağlama (saz-cürə) bağışladı. Bağlama uşaqdan böyükdü. Amma uşağın sevincinin həddi-hüdudu yoxdu. Bütün ömrü boyu həmin günü xatırlayacaq, heç zaman unutmayacaqdı.
Uşaq 15 günə çalmağı öyrəndi. 9 yaşında 1 may bayramında işçilər qarşısında səhnə aldı və Ruhi Suyun bir türküsünü oxudu... Sonradan o uşaq bağlamasını heç bir zaman yerə qoymadı və o uşağın üsyan hayqırtıları ölənə qədər susmadı... hətta öldükdən sonra belə hayqırmağa davam elədi.
«Karvan» uğursuzluğu
1999-cu il fevralın 10-u. Türkiyəninin Maqazin Qəzetəçiləri Dərnəyi ilin mükafatlarını paylayır. Əhməd Qaya salona hər kəsdən sonda daxil olur. Mükafatını almaq üçün səhnəyə qalxır və hər kəsə təşəkkürünü bildirib mükafatını aldıqdan sonra, yeni buraxacağı kasetində kürd dilində bir mahnı oxuyacağam deyir. Birdən-birə salon qarışır. Hər tərəfdən həqarət və söyüşlər yağdırılır. Ərcan Saatçı ona çəngəlini fırladır, Sərdar Ortac isə boşqabını.. Sonra üstünə yeriyirlər…
Əhməd Qaya kürdcə bilmirdi. Bir il sonra haqqında danışdığı «Karvan» türküsünü Parisdə yayımladı. Türkü uğur qazanmadı.
Amma işin ilginc tərəfi oydu ki, 99-cu ilin fevral gecəsində Əhməd Qayanı söyənlərin və həqarət edənlərin bəziləri bir neçə ildən sonra kürd dilində mahnı oxumaq üçün sıraya düzüldülər. Bir çox tanınmış türk sənətçisi kürd dilində mahnı oxuyaraq yenidən gündəmə gəldi. Çünki yasaq ortadan qaldırılmışdı və çoxları yeni dəbə ayaq saxlamağa çalışırdılar. Həmin illər Əhməd Qaya artıq həyatda yoxdu. O Parisdə məşhur Pere Loşez məzarlığında uyuyurdu.
O fevral gecəsində kürd dilində mahnı oxumaq istədiyini dilə gətirdiynə görə aldığı təpkilərə görə məmləkəti tərk etməyə və qürbətdə ölməyə məcbur olmuşdu. Bir dəfə əsəbi şəkildə: «Öldüyümdə deyil, yaşarkən anlayın məni», demişdi…
«Loş dodaq»
Əhməd Qaya 1957-ci ildə Malatyada doğuldu. Atası kürddü. Bir tikiş fabrikində yük daşıyan olaraq çalışırdı. Anası türkdü və Ərzurumdandı. Əhməd ailənin beşinci və sonuncu övladıydı. 6 yaşında atasının ona aldığı bağlama ilə qucaqlaşdı və ölənə qədər ayrılmadı.
Əhməd dərslərində elə də çalışqan deyildi. Tək marağını sazına bağlamışdı. Uşaq yaşlarından mahnılar bəstələyirdi. 10 yaşından sonra məktəbdən sonra bir kasset satan dükanda çıqraq olaraq çalışdı. Məhəllədə Əhmədə hər kəs «Loş dodaq» deyirdi. Qara və böyük dodaqlarına görə…
Əhmədin 15 yaşı olduğunda təqaüdə çıxan atası dolanışığı ağırlaşdığı üçün İstanbula köçür. Və Əhmədin İstanbul həyatı sərgərdan başlayır. Məktəbə getməkdən imtina edir. Kasset satır, avtobuslarda konduktorluk edir. Elə həmin il solçularla tanış olur, onların dərnəklərində iştirak edir. Bir il sonra Almaniya yolunu alır. Kölndə il yarım yaşayır. Amma burda da özünü tapa bilmir, alışa bilmir Almaniyaya və geri dönür.
Geri döndüyündə 70-ci illərin bütün gəncliyi kimi uzun saçları və enli balaq trapez şalvarı vardı. Amma cibində bir quruş belə yoxdu. Siqaret çəkir, içki içirdi. Misir çarşısının arxasında bir dostu ilə səyyar alver etməyə başlayır. Yenə də solçuların toplantılarına qatılırdı. Kitab oxumaqdan zəhləsi getsə də o vaxtlar Lenini oxumuşdu. Nazimi isə oxumaqdan doymurdu.
Elə həmin günlərdə Boğaziçi universitetində onun musiqi dünyasının idealı olan Ruhi Su ilə tanış olur. Amma bu görüş Əhmədə heç bir şey verir. Ruhi Su onun oxumaq tərzini bəyənmir. Saz çalmaq tərzinə isə irad tutur: «Bağlama elə çalınmaz», deyir.
Ustada etiraz etmədən ayrılmışdı. Ustad onu anlamamışdı belə. Əhmədin içində bir asi vardı. Hər şeyə və hər kəsə üsyan vardı içində. O özünü axtarırdı, özünü axtarırdı ki, bir şeyləri dəyişsin… İllər sonra 1985-ci ildə ilk konsertində «Bağlama belə də çalınır» deməklə ustadın cavabını vermişdi… Bir daha görüşmədilər ustadla.
Həbsdən həbsə
İlk həbsi 1977-də oldu. Nazim Hikmətin xatirəsinə təşkil olunmuş bir gecədə səhnə aldı. Həmin gecədə mahnılar oxudu, şerlər dedi və çıxış etdi. Bu «cinayətinə» görə Sağmalçılar həbsxanasında beş ay həbs yatdı. Həbsdən çıxar-çıxmaz əsgərliyə aldılar. Əsgərlikdə heç dinc oturmadı. Davamlı qaçdı. Bu durum ailəsini və komandirlərini bezdirdi. Amma gözəl bağlama çalması onu xilas etdi. Komandiri onun bağlama çalmasına valeh olurdu.
Geri dönürkən 1979-cu ildi. 22 yaşı vardı və elə həmin ildə bir solçu tələbə qız Əminə Başayla evləndi. Bir il sonra bir qızı dünyaya gəldi. Elə həmin il 12 eylül çevrilişi baş verdi. Atası vəfat etdi və arvadı qızını da götürüb onu atıb getdi. Əhməd evinə çörək gətirə bilmirdi. Bütün günü sazı ilə əlləşir və solçularla veyillənirdi.
Bir müddət sonra Fərdi Tayfurun ansambılında saz çalmağa başlayır. Kazinoların birində ünlü qabadayı Kürd İdrislə tanış olur. Kürd İdris onu oğluna bağlama çalmağı öyrətmək üçün tutur. Əhməd Kürd İdrisin evində yaşamağa başlar. Amma çox qısa sürə. Bir gün Kürd İdrisin evini polis basır. Evdə sənədsiz silah tapılır və həmin silaha Əhməd Qaya üstlənir. 3 ay daha həbs yatır.
Əhməd Qaya doğulur
Həbsdən çıxdıqdan sonra Hüseyn Dəmirəllə tanış olur. Demək olar ki, eyni taleni yaşamışdılar. Hər ikisi musiqiçiydi, hər ikisi həbsdə olmuş, hər ikisi solçu idi. 1989-cu ildə Sürəyya Camala verdiyi müsahibəsində səhnəyə gəlişin belə anlatmışdı: «1984-də Hüseyn Dəmirəllə manqal başında Əhməd Qaya olmağa qərar verdik. Elə, ya da belə. Hadisə belə baş verdi»
1985-ci ildə ilk kasetini çıxardı. «Ağlama bəbəyim». Albomun xərcinə heç bir şirkət qatlanmadı. Hüseynlə birlikdə konsertlər verərək albomu çıxardılar. Anası yüz min lirə vermişdi. Hüseyn fotoaparatını satmışdı…
Albomu Unqapıya aparıb kasset satıcılarına verdilər. Ancaq heç kimsə kasetləri satışa çıxarmaq istəmədi: «Yox, qardaşım, bu arabesk deyil, türk musiqisi deyil, xalq musiqisi də deyil, əcayib bir şeydir», dedilər. Sonunda birini tapıb albomu satışa çıxardılar…
Albom satışa çıxar-çıxar çıxmaz müsadirə olundu. Xalqı üsyana səsləmək ittihamı ilə Əhməd Qaya haqqında hüquqi araşdırılma başladıldı. Gözlənilmədən Danıştay kassetlərin satışa qaytarılması haqqında qərar verdi. Bu inanılmazıdı. Əhməd Qaya və albomu bəraət almışdı.
Elə həmin il «Acılara tutunmaq» adlı ikinci albomunu buraxdı. Amma artıq «Tac Rlak»la müqavilə bağlamışdı. Hər iki albomu onu tanıtsa da, amma məşhurlaşdırmadı. Maddi vəziyyəti isə heç düzəlmədi. Əhməd Qayanın çoxlu borcları vardı…
1985-gdə ünlü türk şairi Nevzat Çəliyi bir kitabına görə həbs etmişdilər. Edam cəzasına çatdırılması istənilirdi. O dönəmdə Nevzat Çəik tanınmırdı belə, amma şerləri doğurdanda rejimin təməl prinsiplərini darmadağın edirdi. Əhməd Qaya Nevzatın ailəsi ilə görüşür. Onlara Nevzat Çəliyin sözlərinə yazdığı «Şəfəq türküsü»nü dinlədir. 1986-da «Şəfəq türküsü» Türkiyədə bomba kimi partlayır. Hər kəs Əhməd Qayadan və Nevzat Çəlikdən danışırır. Əhməd Qaya və Nevzat Çəik Türkiyədə bir inqilab ulduzuna çevrilirlər.
«Şəfəq türküsü» ilə Əhməd Qaya birdəfəlik və birmənalı olaraq özünü doğurur. O artıq müxalif musiqinin lideri və starıydı.
«Yorğun demokrat»
Sonra daha bir albom çıxardı. «Baş qaldırıram». Yenə prokurorluğa çağırdılar. Jurnalistlər sual verdilər: «Kimə baş qaldırırsan, dövlətəmi?». Cavabı çox qısa və qəti oldu: «Dövlətə baş qaldırmayım da, qıçmı qaldırım?». Bu dəliqanlılıqdı və kütlə onu qəhrəman olaraq qəbul etdi…
O günlərdə Gültən Hayaloğlu ilə rastlaşır. Gültən 12 uylül çevrilişində tələbəykən həbs olunmuşdu. Kürd kökənli idi. Bir müddət sonra evləndilər. Bundan sonra bütün həyatı və düşüncələri Gültənin təsiri altında olacaqdı…
Gültənin bir qardaşı da vardı. Yusuf Hayaloğlu. Türk şerinin yeni doğan günəşi. Bundan sonra uzun və incə bir yola çıxacaqdılar. Amma sonunda Yusuf Qayanın və bacısının millətçilik duyğularına üsyan edib onlardan ayrılacaqdı. Gültənin solçu duyğuları kürd millətçiliynə dayanırdlı. 1987-də Qaya Yusuf Hayaloğlunun sözləinə «Yorğun demokrat»ı bəstələyər. Söyləntiyə görə həmin şeri Hayaloğlu Bülənd Əcəvitə yazmışdı. Əhməd Qayanın tamamilə yeni tərzdə oxuğu bu mahnı yüzlərlə ümidsiz demokratı yenidən doğurdu, onlara yeni nəfəs verdi.
«Zəhir kimi sular içdik,
Bir yanımızdı ölüm, bir yanımızda sevdik.
Bir deyil, bin bir kərə,
Sirat köprüsündən keçdik».
«Yorğun demokrat» bir ümid yolu oldu. Nevzat Çəliyi «Şəfəq türküsü» məşhur etdiyi kimi, Yusuf Hayaloğlunu da«Yorğun demokrat» Qayanın bəstəsində məşhur etdi. «Yorğun demokrat» bəstəsi ilə Əhməd Qaya Şərq və Qərb musiqisinin yeni sintezini yaratdı.
Əhməd Qayanının musiqisinin özəlliyi
Əhməd Qaya heç bir zaman bir pop ulduzu olmağı düşünmədi. Onun yaradıcılığı ilkindən sonuna qədər bir ideoloji savaşdı. O insanlığın ədalət savaşını aparırdı. Eynən Nazim Hikmət kimi. Onun hər bir bəstəsi bir insan taleyinin faciəsini anladırdı. Onun hər bir bəstəsi bir romandı. Üç-dörd dəqiqəlik bir musiqiyə sığışan böyük bir roman. O, təpədən dırnağa bir üsyandı. O, kütlələri mübarizəyə səsləyirdi. O, savaş istəyirdi və savaşırdı… O, inqilab şarkıçısıydı… inqilab bəstəkarıydı… və inqilab şairiydi.
Əhməd Qaya son damla qanına qədər romantik bir inqilabçıydı. Onun heç bir mahnısı dinləyicələrinə rahatlıq, dinclik vermirdi. Qayanı dinlərkən ancaq romantik bir inqilabçı ola bilirsən. O, səni qəhraman olmağa çağırar. Bir qadın sevgisi uğruna deyil, böyük ideallar naminə.
Qayanın yaratdığı musiqi janrına bir çox adlar verdilər. Amma sonunda «özgün» musiqi (özünə xas) musiqi dedilər. Çünki o, hər kəsin içindəki «qəhrəmanı» dümsükləyirdi…
Əhməd Qaya və PKK
Əhməd Qayanı hər kəs hələ sağkən və öldükdən sonra PKK ilə əlaqələndirdilər. Onun PKK militanları üçün yazdığını önə sürdülər. 1999-cu ildə Abdullah Öcalan həbs edildikdən sonra verdiyi bir ifadəsində Əhməd Qaya haqqında belə söyləmişdi: «O meymun elə zənn edir ki, kürd xalqına və bizim ideallarımıza xidmət edir. Amma onun şarkıları bizi əlaqədar etməz». Öcalan bu ifadəsi ilə Qayanı kiçiltməyə və təhqir etməyə çalışmışdı. Bu sırf qısqanclıq məsələsi idi. Çünki bilirdi ki, onun militanları arasında Əhməd Qayaya tapınanlar çoxdu.
Əhməd Qayanın PKK-ya sevgisi Gültənlə evləndikdən başlamışdı. Gültən PKK-çı olmasa da, PKK-ya tələbəlik illərindən rəğbət bəsləyirdi. Əhməd Qaya isə evləndikdən sonra tam olaraq arvadının ideoloji təsiri altına düşmüşdü. İdoloji sənətçi olsa da, teoretik olmayan Qayanı teoretik Gültən idarə edirdi. Buna görə də Əhməd Qayanın son yaradıcılıq dönəmində PKK-ya olan simpatiyasını hiss etdirirdi. Bu da onu Doğu Perincəkdən, həmçinin dostu və qaynı Yusuf Hayaloğlundan uzaqlaşdırmışdı. Yusuf Hayaloğlu ölənə qədər bacısını belə bağışlamadı. Ona görə bacısı Əhməd Qayanı məhv etmişdi.
Amma nə olursa olsun Əhməd Qaya bir türk inqilabçısıydı. O 15-ci əsrdə yaşayan Qazi Bədrəddindən üzü bəri gələn zəncirin bir halqasıydı. O türk müsəlman sosializminin nümayəndəsi idi və elə olmaqda davam edir. Bu gün onun musiqisi türkə də, kürdə də eyni şey verir: savaşmaq, ədalətsizliyə qarşı, mənəviyyatçızlığa qarşı savaşmaq…
Amma biriləri onun və sıradan olan yüzlərlə insanın savaşını satırsa, ya da yeni ədalətsizliyə qapı açmaq üçün istifadə edirsə, orda Əhməd Qaya yenidən ona qarşı olacaq. PKK ilə də belədir. Onlar Əhməd Qayadan yararlanmağı belə istəmirlər. Çünki qorxurlar. Qorxurlar ki, Əhməd Qaya onların diktaturalarını başlarına yıxar…
«Tam 30 il ac yaşadım»
90-cı illərin sonlarında bir dəfə belə söyləmişdi: «Mənim heç bir zaman «Mersedes»im olmadı. Amma indi «Mersedes»dən bahalı CİP-də gəzirəm. Biz insanların yoxsulluğunu müdafiə etmədik. Bizlər hər zaman insanların zəngin olmaları üçün mübarizə apardıq. Yəni mən CİP-ə, ya da «Mersedes» minsəm, bunlar önəmli şeylərmidir? Mən tarixi missiyamı yerinə yetirərəmmi? Önəmli olan budur. Tam 30 il ac yaşadım bu ölkədə. Bütün yeməkxanaların qarşısında durub lahmacunların necə çıxdığına baxdım. Artıq bu saatdan sonra mən o lahmacunu yeyərəm, mənə kimsə əngəl ola bilməz».
Bir çoxlarından fərqli olaraq Əhməd Qaya heçbir zaman özünə xəyanət eləmədi. Hətta CİP-də gəzirkən belə. Hətta PKK-ya simpatiya duyarkən belə, o idellarna xəyanət etmədi. Xəyalları ilə yaşadı.
Heç zaman böyüməyən böyük uşaq
Əhməd Qaya heç bir zaman böyüməyən uşaq kimi idi. Onun musiqisi də elədir. O bütün ömrü boyu xəyalların qovdu və onlara çata bilmədi. Eləcə öldü. Amma xəyallarını yaşadaraq…
O, 2000-si ildə Parisdə yeni albomunu yazarkən infarktdan öldü. Cənazə mərasimi Paris Kürd İnstitutunda keçirildi. Öldükdən sonra əfsanəyə çevrildi…
Azər Qaramanlı, xüsusi olaraq “Qafqazinfo” üçün