“Sonuncu Fateh”

sonuncu-fateh-
Oxunma sayı: 3500

Əgər maraqlı epizodlarla zəngin bu tarixi romanınmötivləri əsasında Azərbaycan kinemotoqrafçıları teleserial çəksələr, öz möhtəşəm məzmunu ilə dünyanın bir çox ölkəsində maraqla izlənən “Möhtəşəm yüz il” tele-eposundan geri qalmaz!

Bu ilin mart ayında dünyasını dəyişmiş görkəmli ədəbiyyatşünas, Akademik Bəkir Nəbiyevin ön söz yazdığı “Sonuncu fateh” trilogiyası (“Nurlar” nəşriyyatı,2012) çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı-dramaturq Hüseynbala Mirələmovun qələmə aldığı ilk irihəcmli tarixi romanıdır. Qeyd edək ki, akademik Bəkir Nəbiyevin ön sözündən sonra müəllif bu əsər üzərində daha 2 il işləmişdir.

Əsər Makedoniyalı İsgəndər, Çingiz Xan, Əmir Teymur, Şah İsmayıl Xətai, Qanuni Sultan Suleyman kimi dünya şöhrətli hökmdarlarla bir sırada dayanan, Orta Şərqin ən böyük fatehlərindən biri, türk cahangiri Nadir şah Əfşarın keşməkeşli ömür yoluna, hərbi – siyasi fəaliyyətinə həsr olunub. Əsərin məzmunu ilə tanış olduqda aydın olur ki, müəllif bu tarixi romanı araya-ərsəyə gətirmək üçün Nadir şah haqqında istər şərqli, istər qərbli tarixçilərin yazdığı qiymətli tədqiqat əsərlərinə və bir çox sənədli qaynaqlara müraciət edib. Dünya ədəbiyyarında tarixi şəxsiyyətlərə, xüsusilə, fatehlərə həsr olumuş əsərlər çoxdur. “Sonuncu fateh” trilogiyasında diqqəti cəlb edən xüsusiyyətlərdən biri odur ki, Nadir şahın 59 illik qeyri-adi, təzadlı ömrü, zəfərlə başa vurduğu döyüş səhnələri və faciəvi ölmü zaman və məkan müstəvisində müəllif tərəfindən böyük ustalıqla, həm də bədii - fəlsəfi ümümiləşdirmələr aparılaraq epopeya kimi qələmə alınmışdır. “Sevgi ilə nifrət arasında”, “Hərəmxanada qətl”,“Nadir şahın ölüm xəbəri” və başqa hissələr, xüsusilə də, Nadirə sadiq ola özbək qızı Zöhrə xatunun ölüm səhnəsi cox maraqlı və yaddaqalan ştrixlərlə təsvir olunub.

Trilogiyanın ən maraqlı hissələrindən biri də möhtəşəm “Muğan qurultayi”dır. (Üçüncü kitab, Birinci hissə) Bu hissəni oxuyanda, tarixin hələ o dənəmində - Avropa ölkələrində demokratik ənənələrin mövcud olmadığı vaxtda Nadirin xalq nümayəndələri tərəfindən seçki yolu ilə hakimiyyətə gəlişinin şahidi olursan.

Əlbəttə, yazıçının qayəsi romanda gerçəkdən öz dövrünün nadir şəxsiyəti kimi ad-san qazanmış baş qəhrəmanının həyatını, qurduğu qüdrətdi imperiya barədə, eləcə də onu mətin sərkərdə kimi qələbədən – qələbəyə aparan döyüş salnaməsini bütün təfərrüatı ilə oxuculara təqdim etmək deyil. Çünki bu böyük türk sərkərdəsinin ömür yolu təzadlarla zəngin, çox qalmaqallı və mürəkkəbdir, eyni zamanda qələbələrinin isə sayı o qədər çoxdur ki, buna bir neçə cildlik roman belə kifayət etməz. Necə ki, Şah İsmayıl Xətaiyə həsr olunmuş romanları (Əlisa Nicatın «Qızılbaşlar», Fərman Kərimzadənin «Xudafərin körpüsü», Əzizə Cəfərzadənin «Bakı-1501» və s. tarixi romanlar) Azərbaycan oxucuları maraqla qarşılasa da belə bir böyük tarixi şəxsiyyətin daha dolğun obrazını yaratmaq, onun yaşadığı dövrün psixolji məqamlarını təsvir etmək üçün yazıçılarımızın həmin mövzuya yenə dönə-dönə müraciət etməyinə ehtiyac duyulur... Ümumiyyətlə, böyük sərkərdələrin, şahların həyatına işıq salan tarixi əsərlər (istər bədii dildə qələmə alınsın, istər publisistik) bütün dövrlərdə oxucular tərəfindən maraqla qarşılanır.

Şərqli səlnaməçilər haqlı olaraq Nadir şah Əfşarı Böyük İsgəndərlə müqayisə edirlər. Habelə avropalı araşdırmaçılar Nadir şahla öz dövrünün gənc müasiri Böyük Fridrixdə, eləcə də özündən sonra Avropada meydana çıxan Napoleon Bonapartda oxşar cəhətlər olduğunu vurğulayırlar. Ən maraqlısı Əmir Teymurla Nadir şah arasında paralelik aparan tarixçi və şərqşünas alımlərin fikiləridir. Hətta özünə “qılınc oğlu” deyən Nadir şahın Əmir Teymurla qohumluq əlaqələri olduğunu söyəyirlər.

Əsərin məzmunundan o da aydın olur ki, hələ sağlığında Nadir şah barəsində Avropada dövrü qəzetlər maraqlı məqalələr dərc edirmiş.

Təəssüf ki, müstəqilliyimizin bərpasınadək ölkəmizdə Nadir şah haqqında Azərbaycan türkcəsində kitablara təsadüf olunmurdu. Məhəmməd Qüddusi adlı müəllifin fars dilində Xorasanda 1960-cı ildə nəşr olunmuş «Nadir şah» kitabı dilimizə tərcümə olunaraq 1999-cu ildə «Gənclik» nəşriyyatında işıq üzü görən yeganə kitablardan idi.

Səfəvilər dövlətinin süqutunu araşdıran İngilis tarixçisi və şərqşünası, Kembric universitetinin professoru Lourens Lokkartın 1938- ci ildə nəşr olunmuş «Nadir şah» kitabı təkcə Qərbi Avropanın deyil, dünya tarixinin salnaməsində ən dəyərli mənbədir. Rus dilinə tərcümə olunan adı çəkilən bu kitab Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmişdir. (Bakı, «Qanun» nəşriyyatı, 2004-cü il). Kitabda habelə Vyana, Raris, Londan, Sankt- Peterburq, İstanbul və başqa dövlət arxivlərində Nadir Əfşarın ömür yoluna işıq tutan maraqlı materialların mövcud olduğu bildirilir. AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitunun nəşr etdirdiyi «Nadir şah Əfşarın məktublaşması» (Bakı, «Nurlan», 2007-ci il) kitabçası görkəmli sərkərdənin müxtəlif dövlət rəhbərləri ilə yazışmalarından bəhs edir.

“Sonuncu fateh” trilogiyasının müəllifi ilə söhbət edərkən bu qaynaqlara istinad etdərək əsər üzərində ən azı 5-6 il işlədiyini bildirdi. Və minnətdarlıq hissiylə qeyd etdi ki, Nadir şah haqqında son illərdə qələmə alınmış çox dolğun, irihəcmlı tədqiqat əsərlərindən biri də Mehman Süleymanovun “Nadir şah” kitabıdır.

Nadir şah Əfşar haqqında sənədli mənbələrdə yazılır: «Asiya şahlarının heç biri bu böyüklükdə fəthlərə nail olmayıblar, Hindistandan gətirdikləri ilə İranın qədim cah-cəlal və şöhrətini bərpa edib, İran əhalisinin başını ucaltdı. Buxaranın alınması, öz mərdanəliyi və səxavətilə Hindistan və Buxara şahlarınına tac bağışlaması, İran xalqlarının əzəmət və şöhrətini artırdı. Öz qüdrətinin bünövrəsini möhkəmləndirməyi ölkənin sahəsini genişləndirmək və ya şahlığın qüvvətləndirilməsində deyil, qııncının şöhrətində və güclü, ağıllı tədbirdə görürdü».

İngiltərənin və Rusiyanın narahatçılığına səbəb olan və bu üzdən bir çox arzuları yarımçıq qalsa da, ilk dəfə Xəzər dənizində, Kəngər (Fars) körfəzində donanma yaratmaq ideyasının və Dünyada Müsəlman Dövlətlərinin Birliyinini qurmaq istəyinin Nadir şaha məxsus olmasından “Sonuncu fateh” trilogiyasının “Böyük birliyə gedən yol”, “İlk donanma”. “Nəcəfdə yeni məzhəbi məclis”, “Sülh naminə güzəşt” və başqa hissələrində bəhs olunur. Amma faciəli ölümü başqa arzuları kimi bu ideyanın həyata keçirilməsinə mane oldu. Bu gün də yer üzündə Nadir şahın 250 il il öncə təməlin qoyduğu ideyanın – islam birliyinin əməli şəkildə gerçəkləşməsinə ən çox ehtiyac duyulur.
Trilogiyanın “Qara bulud” və “Pyotrla görüş” hissələri bugünümüzlə səsləşən bir çox mətləblərdən soraq verir. Müəllif oxucuya bu gün də Qarabağın başı üstündən əskik olmayan QARA BULUDların ilkin mənbəyini açıb-göstərir. El arasında Dəli Petro kimi ad çıxarmış Böyük Pyotrun ermənilikdən hansı məqsədlər üçün istifadə etməyi və bu qəbildən olan tövsiyələrini gələcək rus hakimlərinə miras qoyması həm bədii, həm də tarixi ştrixlərlə açıqlanır.

Fitri hökmüdarlıq qabiliyyətinə malik olan Nadir şah kimi tarixi şəxsiyyətlərin həyatı həmişə bir neçə parlaq və həlledici məqamlarla diqqəti cəlb edir. Bu həyatın, zamanın əzəli və əbədi bir qanundur. Nadir şahın da taleyinə yazılan, onun hərbi yürüşlərində, şöhrət və qüdrət pillələrində bir neçə belə həlledici məqam var ki, müəllif məhz həmin o parlaq məqamlırı - ilk baxışdan adi görünən, əslində isə tarixi şəxsiyyətin həyatında və taleyində önəmli rol oynayan böyük ANLARI romanda əks etdirə bilib.
Çünki tarixçilərin dili ilə desək, qəhrəmanın təkcə adi çobanlıqdan böyük şahlıq taxtına qalxması dahiyanə nailiyyət idi. H. Mirələmovun yaratdığı Nadir şah obrazı Qoca Şərqin tarixində öz qılıncıyla möhtəşəm imperiya quran vətənpərvər bir şəxsiyyətin (əsərin məziunundan belə aydın olur ki, hətta Nadir şahın özünün də ömrünün qürub çağında xatırladığı), məhz həmin tariixi hadisələrin – böyük ANLPARIN fövqündə gözlərimizin qabağında bütün əzəməti ilə dayanır.

Əsərdə xronoloji ardıcıllığın gözlənilməməsi onun məzmununa qətiyyən xələl gətirmir, eyni zamanda müasirlərinin Nadir şah haqqında salnamələrdə qələmə aldığı fikirlərdən, eləcə də xalq arasından dildən-dilə gəzən rəvayətlərdən yerli-yerində istifadə olunması onun oxunaqlığını daha da artırır. Öz oğluna ədalətli və səxavətli olmağı öyüd verən Nadir şah onun (Pzaqulu xanın) israfçılıq etdiyinivə xüsusi qvardiyə yaratdığını bildikdə deyir: “Bu xalq əzəldən iki saray tanınmağa adət etməyib. Biz də buna əməl etməliyik. Tac başa yaraşıq versə də, ağıl vermir. Başın tacı ağıldır. Belə görürəm ki, sən bu cah-calala, bu hökümətə, taxt-taca layiq deyilsən...” (səh. 567)
Təbii ki, əsərin müəllifi öz qəhrəmanını səhvsiz və nöqsansız- ideal şəxsiyyət kimi təsvir etmir. Bütün şahlar kimi Nadİr Əfşar da nöqsanlardan xali deyildi.
Kitaba yazılmış ön sözdə qeyd olunduğu kimi tarix kitablarında Nadirə güllə atılmasında oğlu vəliəhd Rzaqulu xanın əli, tapşırığı olduğunu göstərənlər də var, onun bu işdən xəbərsiz olduğunu təsdiq edənlər də. Əlbəttə, insanı dünya işığına həsrət qoymaq, özəlliklə də oğlunun gözlərini çıxartdırmaq heç nə ilə müqayisəyə gəlməyən ağır bir cinayətdir. Cəzalanandan sonra Rzaqulunun atasına dediyi yeganə cümlə mənbələrdə yazılanlara görə bu olub ki, «Sən tək mənim gözümü çıxartmadın, bütün səltənəti kor qoydun».

Akademik Bəkir Nəbiyevin fikrincə Attilladan üzü bəri ən görkəmli türk sərkərdələrinə həsr edilmiş elmi və bədii əsərlərin son illərdə bir sıra maraqlı nümunələrinin meydana gəlməsi xalqın özünün mənəvi istəklərindən doğduğu üçün məqbul, maraqlı və arzuedilən bir əlamətdir. Hüseynbala Mirələmovun «Sonuncu fateh» romanı da bu mənəvi tələbatdan doğan qiymətli əsərlərdən biridir.
Müəllifin belə tarixi mövzuya müraciət etməsi müasir dövr üçün çox aktualdır. Bu gün erməni işğalçılarının tapdağı altında qalan torpaqlarımızı azad etmək üçün güclü vətənpərvəlik tərbiyəsinə ehtiyac duyulur. Qarabağ mövzusunda bir-birindən təsirli əsərlər yaradan Hüseynbala Mirələmov öz ənənəsinə sadiq qalaraq «Sonuncu fateh» romanı ilə xalqımızın qürur qaynağı olan qəhrəmanlıq səlnaməmizi önə çəkərək Nadir şah kimi oğullar yetirən türk-müsəlman millətinin övladalarını vətənpərvərliyə səsləyir.

Nurəddin ƏDİLOĞLU
Yazıçı - jurnalist.