“Sonunu düşünən qəhrəman olmaz”

sonunu-dusunen-qehreman-olmaz
Oxunma sayı: 691



Bu gün “Azadlıq”ın baş redaktoru Qənimət Zahidin 50 yaşı tamam olur. Artıq ikinci yubileyidir ki, Q.Zahid onu yaxınlarından uzaqda qeyd etməli olur. 45 yaşını məhbəsdə keçirən yazara bu yubileyini də ailəsindən, üstəlik Vətənindən uzaqlarda qarşılamaq nəsib oldu. Xeyli müddətdir ailəsi ilə birlikdə əsasən Fransada yaşayan baş redaktorumuz “Azərbaycan saatı”ndakı gərgin işləri ilə əlaqədar ad gününü Ankarada keçirməli olacaq. Dünən onunla əlaqə saxlayıb həm təbriklərimizi çatdırdıq, həm geridə qoyduğu yarım əsrlik ömür yoluna və bundan sonrakı planlarına qısaca nəzər salmağa çalışdıq.

- Qənimət bəy, nədənsə son ad günlərinizi, yubileylərinizi ailənizdən, yaxınlarınızdan uzaqda qeyd etməli olursunuz...

- Bundan əvvəlki yubileyimdə həbsxanada idim. Indi də Türkiyədəyəm. Keçən il də ad günümdə ölkədən kənarda idim. Hələ bilmirəm bundan sonra daha nə qədər kənarda olacam.
Inşaallah gələn il Bakıda qeyd edərəm.

- Ad gününüzlə bağlı xüsusi planınız var? Hər halda 50 yaş kifayət qədər əlamətdar tarixdir.

- Açığı, “Azərbaycan saatı” ilə bağlı işlərim çox gərgindir. Işlər həddən artıq çoxdur. Ona görə ad günümü, yubiley olsa belə, ruh yüksəkliyi ilə qarşılaya bilməyəcəm.

- Qənimət bəy, 50 il ömrünüzdən necə gəlib keçdi?

- Heç inanmağım gəlmir ki, 50 yaşımı haqlamışam. Hərdən də fikirləşirəm ki, artıq qocalıram. Amma ötən illərim çox zəngin olub. Bu, tək mənimlə bağlı məsələ deyil. Ölkədə o qədər maraqlı, dramatik hadisələr baş verib ki, istər-istəməz bu hadisələrin mərkəzində olan biri kimi onları həyatımda yaşamışam. Ətrafımda baş verənlərlə birgə mən də formalaşmışam. Bəlkə də bu illər ərzində daha çox işlər görmək olardı. Keçdiyim ömür yoluna ətrafımdakı insanların qiymət verməsi daha maraqlı olar. 86-87-ci illərdən bəri mənimlə bir yerdə olanlar daha yaxşı deyə bilərlər ki, bu, necə bir ömür olub. Yaxşıdırmı, pisdirmi, məzmunca zəngindir, yoxsa darıxdırıcıdır? Hər halda mənə elə gəlir pis deyil.

- Bəziləri üçün 50 yaş dönüş nöqtəsi olur. Ya başlatdığı işi, apardığı mücadiləni daha əzmlə davam etdirməyə qərar verir, ya da əksinə. Siz hansına üstünlük verəcəksiniz?

- Mən 50 yaşa nə yolayrıcı kimi baxıram, nə də dönüş nöqtəsi kimi. Fəaliyyətimi nə ləngitmək, nə də dəyişdirmək fikrim var. Əksinə, hesab edirəm ki, daha çox işləmək lazımdır. Bu da bir məsuliyyətdir də. Baxırsan ki, arxada 50 il var, amma hələ görülməmiş xeyli işlər var. Ona görə bir az tələsmək lazımdır. Qarşıda hələ yüz illik planlarım var. Gərək onların hamısını ömrümə sığışdıra bilim.

- Yəqin bu yola başlayanda ağlınıza gəlməzdi ki, 50 yaşınızının tamamında siz hələ də mübarizə meydanında olacaqsınız...

- Mübarizəyə bir ideya, bir amalla başlamışdıq. Nəticəni sadəcə təsəvvür etmişdik. Amma vaxtını proqnozlaşdırmamışdıq. Bizim xəyalımızdakı Azərbaycan demokratik, insan haqlarına, insanların seçiminə hörmət qoyulan, mütərəqqi dəyərlərin hakim olduğu bir Azərbaycandır. Təəssüf ki, bu ideyalarımız hələ gerçəkləşməyib. Amma bu o demək deyil ki, rəhbər tutduğumuz ideyalar yanlış olub. Şəxsən mənim proqnozlarımda müddət olmayıb. Sonunu düşünən qəhrəman olmaz deyiblər. Biz də sonu düşünmədən bu yola çıxmışıq. Düzdür, mən düşünmürəm ki, bizim nəsil hansısa böyük bir qəhrəmanlıq edib. Amma mənim daxil olduğum nəsil Azərbaycanda çox böyük fədakarlıqlar hesabına mütərəqqi, demokratik düşüncə mərkəzini qoruyub saxlaya bilib. Sevinirəm ki, mən də həmin adamlardan biriyəm.

- Qənimət bəy, Azərbaycana nə vaxt birdəfəlik qayıdacaqsınız?

- Mənim Azərbaycana gəlməklə bağlı hansısa problemim yoxdur. Sadəcə proqramla bağlı, proqramın texniki təminatı ilə bağlı ayrı-ayrı ölkələrə getməli oluram. Ailəm Fransada olduğuna görə vaxt tapanda da ora gedirəm. Azərbaycana məni bağlayan çox şeylər, çox insanlar var. Amma hələ ki ölkədən kənarda olmağa məcburam.