Srağagün prezident Ayaz Mütəllibovun təyyarəsi Bakıya endi. Tarixin və taleyin ironiyasının ifadəsinə bir bax: düz 20 il bundan öncə prezident Ayaz Mütəllibovun təyyarəsi məhz bu meydançadan Bakını tərk etmişdi. Öz məğlubiyyəti ilə heç cür barışmayan prezidentin xilasına yol açan bu meydan artıq xilas edilmiş keçmiş prezidenti mehribanlıqla qəbul etdi.
Bəli, 20 il bundan öncə Mütəllibov öz məğlubiyyəti ilə barışmamışdı. Ən azı 14 may əks-çevriliş həmləsi bu fikrə dəlalət edə bilərdi. Sanki eşafotda boynu vurulmuş I Karlın “Unutma!” vida duası bakılıların qulağında bir sırğa kimi asılmışdı. Bakılılar unutmadı...
Bakılıların, şirvanlıların, rusdillilərin və cəmi kosmopolitlərin siyasi liderliyinə iddialı olan məşhur Stilyaqa revanşizmi siyasi platformaya çevirərək böyük Qayıdış barəsində tez-tez düşüncələrə dalmağı meylli görünərdi. Muxtar əyalətin təntənəsini heç bir vəchlə həzm edə bilməyən bakılı və rusdilli zümrəsi isə yalnız hakimiyyətin nəzakətli vücudunu bərpası arzusundan çıxış edib, Stilyaqanın ara-sıra sıçrayışlarından bərk yapışıb öz həyatını, gələcəyini, balalarının gələcəyini zühuru şübhə yaradan Əzabkeşin mehrabına qurban gətirdi.
Azərbaycanın ən istedadlı riyaziyyatçısı, akademik Mirabbas Qasımovu MTN-in zirzəmisindən yarıcan xilas edə bildilər, professor Sabutay Hacıyev zindanda həyatını itirdi, Hacı Seyfəl öldü, Rasim Ağayev güclə qurtuldu...
Minlərlə sadə azərbaycanlı qanını və canını mücərrəd siyasi cəfakeş uğrunda qurban gətirdi, canından, mülkündən, ölkədən məhrum edildi. Yalnız ona görə ki, Stilyaqa Ustada qarşı müqavimət cəhdində bulunmaq eşqinə düşmüşdü. Ağıllı azərbaycanlılar Alyoxinlə və ya Kasparovla şahmat taxtası arxasında mənasız rəqabətin faydasız oyun olduğunu bilib Stilyaqanın Ustada qarşı ironik gedişlərinə sarkazmla cavab verirdi.
Əlbəttə, hər kəs bu dünyaya Heydər Əliyev kimi gəlməz, tarixi fenomen faciəvi şəkildə təkrar edilmirsə, deməli, parodiyanın qiyafəsinə bürünür. Niyə Stilyaqa Ustad kimi qayıda bilmədi? Bu suala cavab axtaran hər kəs tarixin fəlsəfəsi haqqında düşünsün, tarix geriyə oxunanda inama çevrilir. Niyə? Niyə yunanlar farsları məğlub etdi və ya amerikalılar ingilisləri üstələdi? Niyə Konstantin xristianlığı qəbul etdi, Məhəmməd isə İslamı? Niyə? Çünki tarixin hökmünü ustad verər!
Mütəllibov öncədən məğlub edilmədən məğlub olmuşdu, çünki zəifləri sevməyən taleyin, məğlublara nifrət edən tarixin hökmü idi. Tarix ona yalnız əzabkeş küncünü ayırmışdı, bu da onun qismət payı idi, bəlkə də o tariximizin Stüartı - tənhalıqda sürgündə ölümü qəbul edən əzxasın yerinə iddialı ola bilərdi, çünki ispanlara qarşı fırtına qoparan Yelizavetanın qələbələr salnaməsini kiçik müsəlman ölkəsinə sığmayan keçmiş Politbüro üzvü artıq yazmışdı. Mütəllibova yalnız epitafiya qismət ola bilərdi, ancaq o, öz qismətindən imtina etdi. Seçimdir!
Hər bir şəxs həyatda seçimə malik olsa da, fəqət tarixi şəxsin seçimə haqqı çatmır, onun yerinə tarix seçim edir. Mütəllibovu isə tarix Azərbaycanın ilk prezidenti təyin etmişdi. O, başıaşağı şəkildə Bakı və bakılılarla görüşərkən bu yerdən də imtina etdi.
Zaman gələcək və gələcək nəsillər bizdən soruşacaq: “Ayaz Mütəllibov kim idi?” Mən düşünmədən, dərhal “Keçmişdə bir yerli sənaye naziri olub” cavabını verəcəyəm. Müasirlər Mütəllibovun Kommunist Partiyasının birinci katibi kimi çalışdığını da xatırlada bilər. Ola bilər, ancaq yalnız Tarixlə Sarsıntılar arasında yerləşən kiçik zaman kəsiyində. O, sadəcə kiçik zaman kəsiyidir, vəssalam!
Ötən yayda, oğlunun hüzr mərasimində mənimlə vidalaşan Mütəllibov könülsüz arzusunu söylədi: “Özünü qoru!” Gözlərinin içinə baxıb içimdən gələn sualı ona vermək istədim: “Siz 20 il bundan qabaq bu sözləri Mirabbas Qasımova niyə demədiniz?”
Eynulla Fətullayev, xüsusi olaraq “Qafqazinfo” üçün