“Sumqayıt Hospital”da üçəm qardaşlar doğuldu - Foto

sumqayit-hospitalda-ucem-qardaslar-doguldu
Oxunma sayı: 709

“Sumqayıt Hospital”da hestasiya həftəsi 27-28 olan, doğum çəkiləri 1120 qram, 1180 qram və 920 qram təşkil edən üçəm körpələr (oğlan) dünyaya gəlib.

“Qafqazinfo”nun məlumatına görə, hospitalın baş həkimi, yenidoğulmuşların Reanimasiya şöbəsinin müdiri, neonatoloq Dünya Hüseynova bildirib ki, bu hamiləlik uzun illər sonsuzluq səbəbilə müxtəlif mərkəzlərdə müalicə alan ailə üçün yeganə ümid olub.

Onun sözlərinə görə, ananın yaş faktoru da nəzərə alındıqda, erkən doğum riski əvvəlcədən yüksək qiymətləndirilib.

Dünya Hüseynova qeyd edib ki, hamiləliyin davam etdirilməsi üçün müşahidə və müalicələr aparılsa da, erkən doğum qaçılmaz olub. Ailə isə körpələrinə bir şans veriləcəyinə inanaraq “Sumqayıt Hospital”a müraciət edib.

Bildirilib ki, doğuş cərrah mama-ginekoloq Aytən Yunuslu tərəfindən həyata keçirilib. Körpələr doğulduqları andan etibarən “Sumqayıt Hospital”ın yenidoğulmuşların Reanimasiya şöbəsində müalicəyə cəlb olunub.

Həkim-neonatoloq Dünya Hüseynova vurğulayıb ki, çox aşağıçəkili və dərin yarımçıq doğulan körpələrin yaşadılması üçün həm peşəkar komanda, həm də müasir maddi-texniki baza xüsusi əhəmiyyət daşıyır: “Belə körpələrin hər bir saatı, hər bir günü xüsusi nəzarət tələb edir. Sevindirici haldır ki, komandamızın birgə əməyi, düzgün tibbi yanaşma və “Sumqayıt Hospital”ın imkanları sayəsində körpələr kritik dövrü geridə qoyublar”.

Baş həkim Dünya Hüseynovanın sözlərinə görə, hazırda üçəm körpələrin vəziyyəti qənaətbəxşdir və onlar ailələrinə təhvil verilməyə hazırlanırlar. O qeyd edib ki, yüksəkriskli yenidoğulmuşların müalicəsi, bəslənməsi və sağlam inkişafının təmin olunması “Sumqayıt Hospital”ın əsas prioritet istiqamətlərindən biridir.

Şöbə müdiri onu da xatırladıb ki, bundan əvvəl də mərkəzdə olduqca aşağıçəkili və az hestasiya həftəli körpələrin uğurlu müalicəsi həyata keçirilib. Belə ki, cərrah mama-ginekoloq Aziyə Hacıyeva tərəfindən qəbul edilən 23 həftə 5 günlük, 540 qram çəkili körpə də “Sumqayıt Hospital”da aparılan müalicədən sonra evə yola salınıb.

Bu cür nəticələr “Sumqayıt Hospital”da formalaşdırılan peşəkar tibbi mühitin, düzgün təşkil olunmuş neonatal xidmətin və yüksəkriskli yenidoğulmuşlara göstərilən xüsusi diqqətin göstəricisidir.