Sumqayıt məktəblərində insidentlər baş verib.
“Qafqazinfo” Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisələrdən biri 33 nömrəli, digəri isə 11 nömrəli məktəbdə qeydə alınıb.
Belə ki, birinci məktəbdə sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.
İkinci məktəbdə isə 2014-cü il təvəllüdlü K.M.-in dərs zamanı sinif yoldaşı ilə dalaşarkən yıxılıb başından travma aldığı qeyd olunub.
***
Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, fevralın 5-i saat 12:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) mərkəzin Uşaq Xəstəxanasına hospitalizasiya olunub: “Dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.
***
DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov “Qafqazinfo”ya bildirib ki, Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
“Faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır”, - o qeyd edib.
***
Abşeron-Xızı Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə nəzarətə götürülüb, araşdırma aparılır: “Ötən gün Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında yaranmış mübahisə zamanı biri digərinə xəsarət yetirib. Hadisə dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Xəsarət alan şagirdə yerində ilkin tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Məktəbli təcili tibbi yardım xidməti vasitəsilə tibb müəssisəsinə aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
Qeyd edirik ki, idarə, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Aparılan araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.
Son xəbərlər
Son Xəbərlər