Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü - Yenilənib

surucusu-xanhuseyn-kazimlinin-masinina-yaxinlasan-azyasli-qizi-doydu
Oxunma sayı: 8204

Sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyulun 29-da axşam saatlarında Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, 99 AA 388 dövlət nömrə nişanlı, “Range Rover” markalı maşında əyləşən sabiq deputat ona salfet satmaq istəyən azyaşlıyla mübahisə edib. Daha sonra sərnişinin göstərişiylə hadisəyə maşını idarə edən sürücü müdaxilə edib və azyaşlını döyüb. 

Şahidlərdən biri azyaşlıya qarşı yol verilmiş zorakılıqla bağlı Nərimanov rayonu 18-ci polis bölməsinə ərizə ilə müraciət edib. 

“Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətiylə əlaqə saxlayıb. Hadisə təsdiqlənib və nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlı qız 99 AA 388 dövlət nömrə nişanlı “Range Rover” markalı, Elvin Mahmudov Aydın oğlunun idarə etdiyi maşına piyada qismində yaxınlaşıb: “Əvvəlcə maşında sərnişin qismində olan şəxs azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək azyaşlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Məsələylə bağlı Nərimanov rayonu 18-ci polis bölməsində təhqiqat aparılır”. 

Xatırladaq ki, bir neçə il əvvəl Milli Məclisin deputatı Rasim Musabəyov da "Azneft" meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşağın piştaxtasını götürməyə nail olması ilə gündəmə gəlmişdi. Buna görə o sosial şəbəkə istifadəçilərinin sərt qınağıyla üzləşmişdi.

Qeyd edək ki, X. Kazımlı Biləsuvar rayonundan millət vəkili seçilmişdi. O, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı olub. Oğlu Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir. 

***

Məsələylə bağlı Azərbaycan Sosial Rifah Partiyasının sədri, Xanhüseyn Kazımlının qızı Əsli Kazımova “Qafqazinfo” ilə əlaqə saxlayıb. O, yayılan məlumatın yanlış olduğunu bildirib: “Ola bilsin ki, belə bir hadisə baş verib. Amma bu hadisənin Xanhüseyn Kazımlı ilə heç bir əlaqəsi yoxdur. Bizim o adlı sürücümüz yoxdur. Yazıda qeyd edilən 99 AA 388 dövlət nömrə nişanlı maşın da bizə aid deyil”.

Günel Türksoy