“Qafqazinfo” Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova ilə müsahibəni təqdim edir:
-Teatr cəmiyyətin eyiblərinə güzgü tutur, deyirdilər bir zaman. Bu deyim indi də öz aktuallığını saxlaya bilib?
-Əlbəttə. Teatr hər zaman cəmiyyətə onun əsl sifətini göstərir. Tamaşalara baxan zaman hər kəs az da olsa, özünü görür.
-Tamaşaçının özünü səhnədə görmə instikti bəs onda niyə hər zaman qəhrəman obrazı ilə təcəssüm edir?
-Hiç kimsə özündə çatışmayan cəhətləri, səhvləri görmür. Amma özünü qəhrəman görmək istəyi olsa da, hər kəs ürəyində bilir, o kimdi. Sizin inandırıram ki, onlar özlərini gerçək olaraq görürlər.
-Deməli, tamaşaçı içində gördüyü, məsələn, Şeyx Nəsrullahı gizlədir, amma Hamleti nümayiş etdirmək istəyir...
-Yəqin ki, belədir…
- Amerika aktyoru Lourens Barret aktyoru qardan heykəllər düzəldən insanlara bənzədir. Bir tamaşanın və obrazın ifadə etdiyinin təsiri cəmiyyətdə hansısa izlər buraxır, yoxsa gün işığı dəyən kimi əriyib gedir?
-Ən azından təsir altında qalır. Sonra əlbəttə ki, əriyib gedir. Amma aktyor oyununa görə, əbədi də yaddaşlarda qala bilər. Yəni məsələ təkcə özünü görüb-görməməklə deyil. Həm də tamaşa bir sənət kimi yaddaşlarda həkk oluna bilər.
-Teatra daha çox incəsənəti özünə mənəvi qida hesab edənlər gəlir. Hesab etsək ki, tamaşalarda bütün kateqoriya insanlar ola bilər. Onda necə bilirsiz, adamlar bir qədər də olsa, baxıcı və falçıların qapılarından yığışar, işdə müdirin qarşısında əyilməz, yaxud, ən yaxşı vətənpərvərə çevirilə bilərlərmi?
-Bizim teatr haqqında bir jurnalist belə bir fikir söyləmişdi: “Sizin tamaşalara baxan hər kəs əlinə silah götürüb, torpqalarımızı azad etməyə gedər”. Yəni teatrın təsir qüvvəsi çox böyük ola bilər. Yetər ki, tamaşana və oyandığın obraza inansınlar. Bizim teatr daha çox vətənpərvərlik mövzusuna müaraciət edir. Buna görədir ki, teatrımıza “Döyüşkən teatr” deyirlər.
-Hesab edirsiniz ki, bu gün vətənpərvərlik mövzsunda mükəmməl əsərlər yaranır?
-Bəli, yaranır. Bu mövzu hər zaman aktual olub.
-Hansı əsərlərdi sizin mükəmməl saydığınız nümunələr?
-Teatrımızda belə bir tamaşa hazırlanmışdı- “Türk sancağı”. Abdulla Qurbaninin “Vətənə igidlər gərəkdir” əsəri də dəyərlidir.
-Sovet dövründə Şota Rustavelli adına Gürcüstan Dram Teatrı Böyük Britaniyada Şeksprin əsərini ingiliscə elə mükəmməl oynamışdı ki, bir əyalət teatrı kimi onlara yuxarıdan aşağı baxan ingilis jurnalist bu teatr kollektivindən üzr istəməyə məcbur olmuşdu. Azərbaycanda belə səviyyəyə çata biləcək teatr kollektivi niyə yoxdu?
-Siz bunu niyə belə əminliklə deyirsiniz? Siz hansı teatrın hansı tamaşasına baxmısınız?
Bizim teatr “Qızıl maska” festivalında iştirak etdi bu yaxınlarda. “Əli və Nino” əsəri ilə çox böyük səs-küyə səbəb oldu, müsbət rəylər qazandı.
- Şekspri öz doğma dilində səsləndirə biləcək kollektiv var, deyirsiz?
-Mədəniyyət dil tanımır. Əsas dil deyil, rolun daxili aləmini açmaq, tamaşanı düzgün yozub hazırlamaqdı. Dilimi bilməsələr belə, aktyorun daxili aləmini hiss edib onu anlayarlar.
-Pantomim teatrı xarici ölkələrdə uğurla çıxış edib. Başqa teatrlar ölkədən kənarda təqdim etdikləri tamaşalarla obrazın daxili aləmini əcnəbi tamaşaçılara açıb göstərə bilibmi?
-Bəli. Çox teatrlarımızın uğurlu çıxışları olub.
-Təki belə olsun. Məncə, Azərbaycan incəsənətinin uğurlarına hər kəs sevinər...
-İnşəallah, daha gözəl, daha uğurlu çıxışlarımız olacaq. Mən ümumi Azərbaycan teatrını nəzərdə tuturam.
Bizim son uğurumuz “Əli və Nino” tamaşası olub. Yenicə Bursa festivalından qayıtmışıq. Teatrımızın kollektivi mayın 23-də Ukraynaya yola düşür. Bundan əvvəl isə Moskvada uğurla çıxış etmişik... Yəni bacardığımız qədər çalışırıq.
-Azərbaycanın böyük teatr ənənələri olub. Bu ənənələrdə təkcə paytaxt deyil, əyalət teatrları da maraqlı tamaşalarla çıxış edib. Həmin uğurları bu gün bərpa etmək mümkündürmü?
-Bəli, əlbəttə. Bu teatrlar bu gün də uğurla çıxış edir. Ölkədaxili teatr festivallarımız olur. Bütün teatrlar bu festivalda öz yaradıclığını nümayiş etdirir.
-Əyalət teatrlarının ən uğurlu hansı tamaşasını xatırlayırsız?
-Biz onlarla qarşılaşmamışıq. O üzdən deyə bilmərəm. Biz sonuncu dəfə Lənkəranda olduq. Onda da bir gün ərzində festivalda öz tamaşamızı oynayıb, qayıtdıq.
- Bakı Bələdiyyə Teatrının əsas tamaşaçı kontingenti kimlərdir?
-Hər kəs. Əsasən əsgərlər.
-Bu gün aktirsa olmaq bəxtəvərlikdir, yoxsa əzablara qatlaşmaq?
-Hər iksi...
-Harda bəxtəvərlik olur, harda əzab?
-Tamaşanın sonunda tamaşaçı alqışı, çiçəklər və xoş sözlər bəxtəvərlikdi...
Əzabsız, zəhmətsiz də ki, iş olmur. Onda onun ləzzəti olmaz.
Söhbətləşdi: Rəsul Mirhəşimli