Tanınmış avtobloqer öz avtomobili ilə Avropa səyahətində!

taninmis-avtobloqer-oz-avtomobili-ile-avropa-seyahetinde
Oxunma sayı: 5759

Ölkəmizin məşhur avtomobil fotoqrafı və bloqeri Əflatun Əfəndiyev öz “Geely Coolray” modeli ilə Avropa turuna çıxıb.

 Əflatun səyahətlə bağlı təəssüratlarını “Qafqazinfo” ilə bölüşüb:

“Fotoqraf kimi bir çox sahədə çalışmaq imkanım olur, amma mən daim avtomobillərlə çalışmağa üstünlük verirəm. Bunun əsas səbəbi avtomobillərə olan xüsusi sevgimdir. Mənim üçün heç bir avtomobil A nöqtəsindən B nöqtəsinə çatmaq üçün vasitə yox, məhz yol yoldaşı və dostdur. Uzun müddət idi ki, Avropa turuna çıxmaq istəyirdim. Yeni avtomobilə sahib olmuşkən bu arzumu reallaşdırmaq qərarına gəldim.

Bu səyahətdə getmək istədiyim yerlər çox idi, amma ən əsas hədəfim İsveçrədə yerləşən “Furka pass” adlı nöqtəyə çatmaq idi. Sözsüz ki Avropada bir çox maraqlı muzey var. Əksər turistlər üçün də həmin muzeylər ciddi marağa səbəb olur. Mənim üçün isə eyni əhəmiyyəti məhz “Furka pass” daşıyırdı. Məhz bu nöqtədə və onun ətrafındaki qıvrımlı, dağətəyi yollarda öz avtomobilimi idarə etmək istəyirdim. Hər hansı bir avtomobili yox, məhz öz avtomobilimi. Nəhayət o gün gəlib çatdıqda mən bunu da bacardım deyə bildim. Həmişə sosial mediada gördüyüm həmin nöqtəyə sonda öz avtomobilim ilə gedə bilmişdim. Bu yollardan başqa isə bütün avtomobil muzeylərini gəzmək istəyirdim.

Səyahətimi də elə planlamışdım ki, hər yolun sonunda hansısa bir avtomobil muzeyi olsun. İlk olaraq “Pagani”, sonra isə “Ferrari”, “Porsche”, “BMW” muzeylərini gəzdim. Həqiqətən də hər biri digərindən möhtəşəm idi. Növbəti hədəfim Almaniyada yerləşən məhşur avtomobil treki “Nürburgring” olacaq. Bura avtomobil həvəskarları üçün ən mühüm yerlərdən biri sayılır. Sonda isə bu səyahətimin gerçəkləşməsi üçün mənə dəstək olan Geely Azərbaycana öz təşəkkürümü bildirirəm!”

Əflatun Avropa turunda öz şəxsi avtomobili ilə 10 min km-dən çox yol qət edib. Türkiyə, Yunanıstan, Gürcüstan, İtaliya, Fransa, İsveçrə, Almaniya, Avstriya, Macarıstan və daha bir neçə Avropa ölkəsini gəzib. Hətta bir oturuşa 1200 km-dən çox da yol qət etdiyi zamanın da olduğunu söyləyib.

Əflatun Əfəndiyev səyahətdən görüntüləri öz sosial media hesablarında paylaşıb.