“Tanışlıq üçün yazan qızlara cavab vermirəm” - Fotolar+Video

tanisliq-ucun-yazan-qizlara-cavab-vermirem
Oxunma sayı: 6597

Yüngül atletika Azərbaycanda ən az maraq göstərilən idman növlərindəndir. Bu növdə ölkəmizin hansısa uğur qazanacağı da gözlənilməz idi. Lakin Nazim Babayev 2019-cu ilin mart ayında sürpriz şəkildə Avropa çempionu olmaqla tarix yazdı. Şotlandiyanın Qlazqo şəhərində keçirilən turnirdə idmançımız 17,29 metr məsafəyə tullanaraq qızıl medalı əldə etdi. Məhz bu uğuru onu həm ölkəmizə tanıtdı, həm də Tokio-2022-ci il Olimpiya oyunlarında medal ümidlərimizdən birinə çevirdi. 

“Qafqazinfo”ya danışan 22 yaşlı atlet təsadüf nəticəsində gəldiyi atletikadakı uğurlarından danışıb. O, heç kəsin gözləmədiyi halda qitə birinciliyinin qalibi olmasından söz açıb:

- Azərbaycanda başqa idman növləri daha məşhurdur. Niyə məhz yüngül atletika?

- 2003-cü ildən atletika ilə məşğul olmağa başlamışam. Mən də, valideynlərim də istəyirdik ki, daha məşhur idman növündə gücümü sınayım. Elə futbola marağım çox idi. Futbol fikri ilə stadiona getmişdim. Atletika isə heç fikrimdə yox idi. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna getdim. Lakin çox cılız olduğum üçün məşqçi məsləhət gördü ki, bir müddət atletika ilə məşğul olum. Fiziki vəziyyət düzələndən sonra futbola qayıdım. Amma mən qayıtmadım (gülür). 

- Şotlandiyanın Qlazqo şəhərində üçtəkanla tullanmada Avropa çempionu oldunuz.  Buna əvvəlcədən inanırdınız?

- Uşaq olarkən yeniyətmələr arasında demək olar ki, bütün mümkün titulları qazanmışdım, dünya çempionu olmaqdan başqa. Nəticələrim çox yaxşı idi. Böyüklər arasında çempion olmaq isə başqa mərhələdir. Çünki burada təcrübə daha çox rol oynayır. Hazır ola bilərsən, amma uğursuz olarsan. Böyüklərlə yarışda səhvlər bağışlanmır. Qlazqo karyeramın ən mühüm yarışı idi. Ora medal qazanmağa getmişdim. Çempion olmaq çətindir, amma nəticə əldə etmək istəyirdim. Çempionat başlayandan özümü yaxşı hiss edirdim. Psixoloji olaraq tam hazır idim. Bundan əvvəl böyüklər arasındakı turnirlərin iştirakçısı olmuşdum və bu, mənə təcrübə qazandırmışdı. Özümü tam hazır hiss edirdim ki, qalib gələcəm, Avropa çempionu olacam, tarix yazacam. Həmin hisslər əvəzsizdir. 

- Rio-2016 Olimpiya Oyunlarında 25-ci olmuşdunuz...

- Orada 17 yaşlı bir gənc idim. Yəni məndən nəticə gözləmək doğru olmazdı.  Dünya arenalarında öz sözünü demiş idmançılarla yarışırdım. Mən isə çox gənc idim və gənclərin turnirlərində özümü göstəririrdim. Gənclərdən böyüklərə keçid dövrü çətindir. Statistika da göstərir ki, gənclərdə uğur qazananlar bəzən böyüklər arasında heç nə əldə edə bilmirlər. Yadımdadır ki, mənimlə gənclərdə yarışan 20 nəfərdən yalnız 2-3 nəfəri böyük idmanda qalıb. Onu da deyim ki, Olimpiya Oyunlarından qabaq zədələnmişdim. Həkimlər müalicə edə bilmirdilər. Çünki uzun bir zaman lazım idi. Ən azı 3-4 ay müddət tələb edilirdi. Oyunlardan bir həftə qabaq sağaldım. Türkiyədə həkimlər mənə kömək etdilər, amma tam sağalmadım. Uğursuzluğumun ən böyük səbəbi budur. Ən azından final mərhələsində yarışardım. 

- Qlazqoda sizin Avropa çempionu olandan sonra məşhurlaşdınız, artıq hər kəs sizi tanımağa başladı. Bunu hiss etdiniz?

- Əlbəttə. Bir növ mənim uğurum atletikaya da təkan oldu. Həm də insanların sevgisini, dəstəyini hiss etdim. Hansı növdə olmağından asılı olmayaraq, əgər bayrağı yüksəldirsənsə, hər kəs sənə dəstək olur, hər kəs sevgisini göstərir. Bu ölkəyə idmançılar lazımdır. 

- İlk sizi kim təbrik etdi?

- İnanın ki, yarışdan sonra telefonu açanda telefon işləmirdi. O qədər mesaj var idi ki... İlk məşqçilərim təbrik etdi, sonra federasiya prezidenti Çingiz Hüseynzadə mənə zəng vurdu. Bəlkə onlar da gözləmirdilər ki, mən Avropa çempionu olacam. Gümüş, bürüncə inam var idi, amma çempion olmaq başqa idi. Sonra müğənnilər, idmançılar təbriklərini çatdırdılar. 

- Aleksis Kapellonu milliyə gətiriləndə hər kəs deyirdi ki, Nazim Babayevin qarşısını almaq üçün onu dəvət ediblər. Siz necə düşünürsüz o, sizə rəqabətdə kömək etdi, yoxsa qarşını almağa çalışdı?

- Aleksis Kapello İslam Oyunlarından öncə milliyə gətirildi. Bir idmançı kimi legionerin gəlməsi mənə xoş təsir etmədi. Demək olar ki, nəticələrimiz eyni idi. Onsuz da Kapello mənim dünya arenalarında rəqibimdir. Desəm ki, ölkə daxilində rəqib lazım deyil, bu, düzgün olmaz. Rəqibə hər zaman ehtiyac var. Lakin istənilən halda xoş təsir bağışlamadı. Üstəlik, yarışlara hazırlaşırdıq, psixoloji olaraq gərgin idik. Neqativ qarşıladım. Yarışlarda da sübut elədim ki, mən ondan güclüyəm. Federasiyaya da, hər kəsə də göstərdim ki, yerli idmançılarımız var, legionerlərə ehtiyac yoxdur. Bir tərəfdən baxanda karyeramda inkişafıma rəqib kimi yaxşı təsir etdi. Lakin ona Azərbaycan vətəndaşlığı verilməsi mənə təsir etdi. Başqa növlərdə gətirsələr, bunu qəbul etmək olardı. Çünki elə növlər var ki, orada inkişaf yoxdur. İndi bunun önəmi yoxdur. Onsuz da beynəlxalq arenalarda rəqibik və buna alışmışam. 

- Çempion olmağınız atletikaya marağı artırdı? İndi valideynlər uşaqlarını daha çox gətirirlərmi?

- Mən artıq gənclərdə Avropa çempionu olanda görürdüm ki, valideynlərdə, uşaqlarda maraq yaranır. Lakin atletika digər növlərə baxanda bir az çətindir. Çünki güləşdə, cüdoda bir zal məşq üçün bəs edir. Atletika üçün şərait önəm daşıyır. Bunu da yaratmaq üçün böyük maddi vəsait lazımdır. Bizim qışda məşq etdiyimiz yer dünya standartlarına cavab vermir. Orada məşq etmək çox çətindir. Balaca uşaqlar ora gələndə problem yaşayırlar. Mən öyrəşsəm də, onlar üçün asan olmur. Valdieyn uşağını gətirəndə istəyər ki, məşq edilən yer isti olsun, təmiz olsun. Federasiya əlindən gələni edir. Dəfələrlə müraciət edilib ki, şəraitimiz düzəldilsin. Atletika ilə məşğul olmaq üçün şərait ortadır. Mən Antalyada təlim-məşq toplanışında oluram. Orada şərait mükəmməldir. Biz də çalışırıq ki, qış vaxtı Antalyaya təlim-məşq toplanışına gedək. 

- Ramil Quliyevin Türkiyə adından çıxış etməsi azarkeşlərdə təəssüf hissi yaradır. Çünki o da sizin kimi ölkəmiz üçün tarix yaza bilərdi. Onunla münasibətləriniz necədir, yarışlarda qarşılaşıb söhbət edirsiniz? Elə bu yaxınlarda birlikdə şəkil paylaşmışdınız...

- Ramillə münasibətlərimiz çox yaxşıdır. Hər zaman ünsiyyət qururuq. Sevinirəm ki, o belə uğurlar qazanır. Türkiyəyə getdi, 5-6 il orada məşq etdikdən sonra çempion oldu. Bilirəm ki, Ramilin burdan getməsi üçün səbəbləri olub. Mən dəqiq məlumatlı olmasam da, uğurlarına sevinirəm. Səbəbləri isə ancaq özü daha yaxşı bilir. 

- Siz də şəraitdən şikayətləndiniz. Heç düşünmüsüz ki, mən də gedib başqa ölkədə daha yaxşı şəraitdə məşq edib uğur qazanım?

- Yox, heç zaman düşünməmişəm. Çünki mənim özümə çox pis gələr ki, Azərbaycanın bayrağı qala-qala başqa ölkə bayrağını qaldırım. Heç zaman fikrimdə belə şey olmayıb, bundan sonra da olmayacaq. Nəyimiz var onunla hazırlaşırıq. Federasiya potensialı gördükcə, daha yaxşı nəticələrə inandıqca dəstək olacaq. 

- Qarşıda Tokio-2020 Olimpiya Oyunları var...

- Öncə vaxtından əvvəl lisenziya qazanmalıyam. Qarşıdakı yarışlarda bunu əldə etmək üçün əlimdən gələni edəcəm. Düzdür, reytinq cədvəlinə görə onsuz da mənə lisenziya verəcəklər. Yayda yaxşı formada olsam da, lisenziya qazana bilmədim. 4 illiyin ən mötəbər yarışında medal qazanmaq çətindir. Çünki orada ABŞ-lı, kubalı idmançılar var. Onlarla mübarizə aparmaq ağır olacaq. 

- İdmançıların intellektual səviyyəsi adətən aşağı olur. Çox nadir hallarda idmançılar fikirlərini sizin kimi yaxşı ifadə edə bilirlər. 

- İnsanın bir şeydə dünyagörüşü zəif, digərində yaxşı ola bilər. Biz bütün həyatımızı idmana qurban veririk. Məşqə gedəndə bütün fikrimiz məşqdə olmasa, onun bizə xeyri olmur. O qədər kiçik detallar üzərində işləyirsən, düşünürsən və vaxt qalmır. 9-10-cu sinifdən öz yolunu müəyyən etməyə çalışırsan. Kimlərsə dərsə gedir, universitetə hazırlaşır. Biz isə zallara gedib məşq edirik. Dünyagörüşü çox olan idmançılarımız da var. 

- Siz də dərslərinizi yaxşı oxumamısız?

- Məktəbdə yaxşı oxumuşam. Ən çox riyaziyyat, fizika, ədəbiyyat, tarix fənnləri olub. 9-cu sinfə qədər demək olar ki, çox dərslərdən 5 alırdım. Kimyadan heç xoşum gəlmir. Lakin 9-cu sinifdən sonra bəzi şeylərdən geri qalmağa başladıq. Çünki vaxt olmurdu, zallara gedirdim. Lakin lazım olan şeyləri oxuyurdum. Məsələn, tarixi öyrənirdim. Çünki hamı öz ölkəsinin tarixini bilməlidir. Filmlərə daha çox baxıram. 

- Bəzən qınaq olur ki, dünyagörüşünün az olmasının nəticəsində idmançılar ailələrini sosial şəbəkələrdən, mediadan gizlədirlər...

- Mən buna qarşı deyiləm. Ailə gözəl şeydir və mən istəyərdim ki, həyat yoldaşım olandan sonra müsahibə verim, həyat yoldaşım danışsın, mənim haqqımda fikirlərini söyləsin. 

- Əksəriyyət bunu mentalitetlə əlaqələndirir...

- Ümumiyyətlə, adət-ənənə gözəl şeydir. Lakin bu, ailəmlə müsahibə verməyəcəyim anlamına gəlmir. İstəyərəm ki, nə vaxtsa belə bir müsahibəm də olsun. 

- Avropa çempionu olandan sonra qızlar sizə sosial şəbəkələrdə yazmağa başladılar?

- Əlbəttə. Sosial şəbəkələrdə mesajlar yazırdılar. Amma mən onlara fikir vermirəm. Təkcə mən yox, fikrimcə, bir çox idmançı fikir vermir. Onlara cavab yazmıram. Dəstək olan insanlara təşəkkürlərimi çatdırıram. Amma sırf tanışlıq üçün yazan qızların mesajlarına baxmıram. 

- Heç sosial şəbəkədə xanımlarla tanış olmusuz?

- Yox. Tanış olduğum xanım olub, amma münasibətimiz uzun çəkməyib. Lakin bu sosial şəbəkə vasitəsilə olmayıb. Dediyim kimi, sırf tanışlıq üçün yazanların mesajlarına cavab vermirəm. 

- Futbola marağınızın olduğunu dediniz. Azərbaycan çempionatına baxırsız?

- Çox az-az baxıram. “Qarabağ”ın Avropa Liqasındakı matçlarını davamlı izləyirəm. Özüm “Neftçi” azarkeşiyəm, lakin “Qarabağ” da ölkəmizi təmsil etdiyi üçün dəstəkləyirəm. Ağdam klubu pis təsir bağışlamır. Xarici klublardan “Barselona” fanatıyam. Demək olar ki, bütün oyunlarını izləyirəm. 

- Əgər futbolçu olsaz hansı səviyyədə oynaya bilərdiniz?

- Düşünürəm ki, o qədər də yaxşı futbolçu olmazdım (gülür).

- Ailədən sizdən başqa idmançı varmı?

- Yox. Evin tək övladıyam. Atam, anamın da idmanla heç bir əlaqəsi olmayıb.  Lakin onlar hər zaman mənə dəstək olurlar. İstəklərimə qarşı çıxmayıblar, yetişməyimdə köməkləri olub. 

Elsevər Məmmədov

Fotolar-Video: Pərvin Zeynal