Tanrıyla birgə yaratdığımız tablo - “Əsəd və Kübra”

tanriyla-birge-yaratdigimiz-tablo
Oxunma sayı: 5075

Bəlkə də yeni janr yaratmaq cəhdləri, sürreallığa qaçış sənətkarların Tanrını yamsılamamaq cəhdləridir. Axı dramaturgiya da Tanrıya xasdır. İnsan törəyəndə, doğanda belə özünü yaradıcı hiss etmir, hərçənd onun ən böyük bioloji yaradıcılığı budur.

İnsan yalnız incəsənət yarada biləndə özündə yaradıcılıq hiss edir.

Bəlkə də Fridrix Nitsşeyə “Tanrı ölüb” ifadəsini səsləndirməyə cəsarət verən bu ifadənin almanca səslənişidir: “Gott is tot”

Sənətin ən sadə detallarından olan qafiyə, oxşarlıq, tay tutma, təşbeh və s. elə bir enerjiyə məxsusdur ki, onu yaradan insanı həm mələyə, həm də şeytana çevirə bilir.

İçindən bircə uğurlu sənət detalı çıxan kimi insan müəllifə çevrilir, hansı ki, valideyn olanda özünü bunca qüdrətli hiss etmir.

Bəli, sənətdə baş verənlər, adətən həyatdakıların təkrarı, davamı, ən mürəkkəb halda potensialıdır. Həyatda baş vermiş hadisələrdən qaynaqlanan milyonlarla əsər var. Yəni Tanrıdan yüzlərlə əsər oğurlamışıq. Süni cəsarətə gəlib şişkin bir sual verək: Bəs, Tanrının müəlliflərdən “oğurladığı” neçə əsər var?

Həmin əsərlərdən biri Tanrının 32 ilə “qələmə aldığı” və bir neçə gün əvvəl “işıq üzü görən” “Əsəd və Kübra” novellasıdır.

Yəqin ki, çoxunuzun hadisədən xəbəri var, olmayanlar üçün də lakonik yazım:

1992-ci ilin fevralında Çingiz Mustafayev “qaldır üzünü” deyəndə, donmuş uşağın üzünü qaldıran zabit Əsəd Fərəcov həmin gün ətrafındakılara deyir ki, böyüklərin meyitlərini apara bilmirik, heç olmasa, uşaqların meyitlərindən bir neçəsini götürək. Bunu deyib meyitlərin arasında onu narahat edən ana-bala meyitlərinə yaxınlaşır. Körpənin meyitini güclə anasının donmuş qolları arasından çıxarıb helikopterə götürür. Ağdamda ona xəbər verirlər ki, meyitlər yuyulanda uşaqlardan biri oyanıb. Bəlli olur ki, anasının meyitinin qolları arasından güclə qopardığı həmin körpə, əslində yaşayırmış.

Bu amansız ssenarini Xocalı soyqırımından 58 il əvvəl İkinci Dünya müharibəsi zamanı Ənvər Məmmədxanlı yazmayıbmı? Buz heykəl! Körpəsinin üşüdüyünü düşünən, bu üzdən paltarını ona sarıya-sarıya meşədə soyuqdan ölən ana və ölsə də, qucağında sıxıb yaşatdığı körpə...

Tanrım, çox dramatikdir, ancaq plagiatdır!

Düzdür, bu ssenari çox zəngindir, çünki məhz həmin çöldə həmin gün Əsəd kübra oldu, Kübra əsəd oldu. Biri böyüklük etdi, o birisi şaxtaya sinə gərdi.

Körpənin sağ olduğunu bilən hər kəs onu xilas etməyə cəhd edərdi, Əsəd Fərəcov isə Kübranı ölmüş bilirdi. O, balaca bir meyitin qar üstündə qalmasına dözə bilmədi və özü ilə helikopterə mindirdi. 

Əsəd Fərəcov həmin vaxtlar o qədər hadisələrə şahidlik edir ki, həmin dəhşətlərdən uzaqlaşıb xilas etdiyi qızın taleyi ilə isti-isti maraqlana bilmir. Həmin zaman o bu sualı verə bilmir:

- Bəs o uşaq? O hanı?

“1889-cu ildə Fridrix Nitsşe İtaliya səfərində ikən Turində qaldığı hoteldən çölə çıxır və yolda bir arabaçanın atını amansızca qamçıladığını görür. Nə baş verirsə, həmin an baş verir. Davamında alim döyülən atın başını qucaqlayıb hönkürməyə başlayır. İş o yerə çatır ki, Nitsşeni atdan məcbur ayırırlar, ancaq o, hönkürtüsünü kəsmir. Və bu sarsıntı Nitsşeni psixi dispanserə qədər çəkib aparır. Beləliklə, Fridrix Nitsşenin həyatı həmin hadisədən sonra məhv olur”.

Bu əhvalatı dünyaşöhrətli rejissor Bella Tar tədbirlərin birində danışırmış. Tar nitqini bitirən kimi hamı onu alqışlayır. Tarın və alqışlar kəsiləndən sonra tədbirdən zəif bir hənirti eşidilir. İştirakçılar arasında yer alan yeganə uşaq asta səslə soruşur:

- Bəs o at?

Bu sualdan sonra da Bella Tarı ağlamaq tutur. Bəli, axı Nitsşe o ata görə dəli oldu. Biz isə nitqimizi Nitsşedə bitiririk.

Bəs o at?

Beləliklə, həmin zərifanə sualdan sonra Bellə Tarın sonuncu və ən mükəmməl filmlərindən olan “Turin atı” ərsəyə gəlir.

“Əsəd və Kübra” novellasının tamamlanması üçün də həmin sual verilməli idi:

Xilas edən var, xilas hekayəti var, Çingizin kadrları var...

Bəs o uşaq? O hanı?

Bir müddət sonra bizim hələ də iki yaşında sandığımız həmin qız tapılır: Kübra – 34 yaş.

Beləliklə, Kübra xilaskarı ilə görüşdürülür. Tablo tamamlanır.

Tanrım, bax biz əl-ələ verəndə tablolar pozitiv olur. Hə, bağışla, üç-dörd cümlə yazan kimi yenə özümü yaradıcı kimi hiss elədim, müəllif kimi danışdım. Adam kimi yazıram, sən bizim əlimizdən tutanda tablolar pozitiv olur.

İstəsən, bizim yazılarımızı yox, dualarımızı daha əfzəl dinlə, kitablarımızı yox, dua edərkən açıq kitab kimi saxladığımız əllərimizi əfzəl gör. Ancaq əlini uzat! 

Əlimizdən tut. 

Müharibə olmasın!

Lazım olsa, belə tabloları yağlı boya ilə çəkərik.

Sərdar Amin, 

Xüsusi olaraq “Qafqazinfo” üçün