Tbilisi prospektində qətl törədilib

tbilisi-prospektinde-qetl-toredilib
Oxunma sayı: 4926

Bu gün saat 14 radələrində Yasamal rayonu ərazisində qətl törədilib.

“Qafqazinfo” rayon prokurorluğuna istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə məlumat daxil olub.

Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində  bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

***

DİN hadisə barədə məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, bu gün saat 14:30 radələrində Yasamal rayonu Tbilisi prospektində 1992-ci il təvəllüdlü Fərzalılı Pünhan Tofiq oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Şahlar Ağayev polis əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.