“Təcridxanada 4 dəqiqə ölü vəziyyətində qaldım” - Polkovnik

tecridxanada-4-deqiqe-olu-veziyyetinde-qaldim
Oxunma sayı: 659

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

 M.Əsgərovun vəkili Əlimərdan Sadıqov vəsatət verərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz olunmasını istəyib: “Mirəziz Əsgərov ağır xəstəlikdən əziyyət çəkir. Onun xəstə olması ilə bağlı MTN-nin hospitalından arayış verilib. Bu il fevralın 14-də Mirəziz Əsgərovun səhhəti qəfil pisləşdi. Onu əvvəlcə Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürdülər. Orada müalicə etmək mümkün olmadığı üçün şəhər xəstəxanasına apardılar. Fevralın 20-dək Mərkəzi Kiliniki Xəstəxanada müalicə olundu”.

Vəsatət təmin olunmayıb.

Dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, tibbi ekspertlərin rəyinə görə Mirəziz Əsgərovun həyatı üçün təhlükə yoxdur: “Buna görə də həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yoxdur”. 

V.Quliyev işdə dövlət sirri olan məlumatlar olduğu üçün prosesin bəzi hissələrinin qapalı keçirilməsini istəyib.
Polkovnik M.Əzizov istintaqın qərəzli aparıldığını deyib: “Mənə qarşı qərəzli mövqeydə olmalarını başa düşə bilmirəm. İstintaqımı aparan şəxslər çox nüfuzlu müstəntiqlər və prokurorlar olublar, həqiqəti də məndən yaxşı bilirlər. Bilirlər ki, bu işdə mənim günahım yoxdur”. 

Mirəziz Əsgərov qeyd edib ki, səhhəti yaxşı deyil: “İstintaq təcridxanasında 4 dəqiqə ölü vəziyyətində qaldım. Xəstəliyim dəyişkən hal yaradır. Həkimlərdə məsləhət görüblər ki, daim açıq havada olmalıyam, əks halda vəziyyətim yaxşı olmayacaq. Prosesin də qapalı keçirilməsinə ehtiyac yoxdur. Daha bu işdə məxfilik qalmayıb, prokurorluq bütün məlumatları yayıb. Qəzetlər, saytlar hər şeyi yazıblar. İndi qapalı iclas keçirməklə hansı məxfilik qorunacaq?”.

Məhkəmə kollegiyası prosesin qismən qapalı keçirilməsinə qərar verib. Hakim bildirib ki, yalnız təqsirləndirilən şəxsin xidməti fəaliyyəti ilə bağlı araşdırma aparılan zaman proses qapalı keçiriləcək.
Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses aprelin 14-də davam etdiriləcək.
Məhkəmə baxış iclası aprelin 14-nə təyin edilib.        

İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.  

Murad Əhməd