“Bu günə qədər Kibertəhlükəsizlik Mərkəzində 380-dən çox yüksəkixtisaslı mütəxəssis yetişdirilib və ümumilikdə 7 mindən çox şəxs burada təlim proqramlarına cəlb olunub”.
“Qafqazinfo” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə yerli təhsil müəssisələri ilə əməkdaşlıq edilir: “Həm özəl, həm dövlət sektoru ilə güclü əməkdaşlıq var və məzunların 86%-i bu gün işlə təmin olunub. Bununla yanaşı, mərkəzdə yerli məhsulların hazırlanması istiqamətində də tədbirlər görülür və bu günə qədər artıq 5 yerli məhsul hazırlanaraq bazara təqdim edilib. Bu gündən sonra da biz bu modeli inkişaf etdirəcəyik. Ölkənin bütün təhsil müəssisələrində kibertəhlükəsizliklə bağlı tədbirlər həyata keçiriləcək və onu da qeyd etmək istəyirəm ki, artıq bu mərkəzə xarici ölkələr tərəfindən də ciddi maraq var. Qazaxıstan və bir çox ölkələrlə bu modelin xaricə ixrac edilməsi istiqamətində işlər aparılır”.
Ş.Əliyev vurğulayıb ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına əsasən, Azərbaycan kibertəhlükəsizlik sahəsində son illərdə reytinqdə 40 pillə irəliləyərək dünya orta göstəricisindən yuxarı mövqe tutub və bir sıra qabaqcıl ölkələri geridə qoyub: “Milli strategiyanın qəbul olunması, kadr potensialının gücləndirilməsi və dövlət qurumlarında struktur islahatları bu sürətli inkişafı təmin edən əsas amillər kimi göstərilib. Yerli kibertəhlükəsizlik məhsullarına beynəlxalq maraq artıb. Xüsusilə “Cypho” məhsuluna Türkiyə və bir sıra Avropa ölkələrindən ciddi maraq var və bu istiqamətdə danışıqlar davam edir. Bundan əlavə, Mərkəzi Asiya və Afrika ölkələrindən də mərkəzin fəaliyyət modelinə maraq müşahidə olunur”.
***
“Kibertəhlükəsizlik Mərkəzinin altıncı dalğası çərçivəsində 60 fundamental istiqamət üzrə 40 nəfər ixtisasartırma və fərdi təlim proqramlarını uğurla başa vuraraq əmək bazarına təqdim olunur”.
Bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev deyib.
O qeyd edib ki, mərkəzin fəaliyyəti 2023-cü ili əhatə edən kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin inkişafı üzrə milli strategiyaya əsaslanır və son üç il ərzində əsas fokus insan kapitalının formalaşdırılması olub: “Bu müddət ərzində əsas hədəflərimizdən biri təxminən 480–500 nəfərə yaxın kibertəhlükəsizlik mütəxəssisinin əmək bazarına çıxarılması idi və bu məqsədə nail olmuşuq”.

İRİA rəsmisi qeyd edib ki, fəaliyyət yalnız kadr hazırlığı ilə məhdudlaşmayıb, eyni zamanda ölkədə dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bu çərçivədə mütəxəssislərin yeni nəsil texnologiyalardan düzgün istifadə etməsi və yerli, milli kibertəhlükəsizlik məhsullarının yaradılması əsas prioritetlərdən olub.
Ş.Hacıyahyayev əlavə edib ki, mərkəz tərəfindən 200-ə yaxın qərarverici rəhbər şəxs üçün xüsusi maarifləndirici və analitik proqramlar həyata keçirilib. Bu proqramlar rəhbər şəxslərin texnologiyalara düzgün yanaşması və effektiv investisiya qərarları verməsi məqsədi daşıyıb.
Məhsul inkişafına da xüsusi diqqət yetirildiyini deyən Şahmar Hacıyev bildirib ki, artıq 5 yerli kibertəhlükəsizlik məhsulu hazırlanıb və onlardan 3-ü bazarda real nəticələr göstərir: “Bu gün fəxrlə deyə bilərəm ki, məzunlarımızın təxminən 86 faizi artıq əmək bazarında uğurla fəaliyyət göstərir. Biz bu üç ili son deyil, başlanğıc kimi qiymətləndiririk. Növbəti illərdə yeni strategiyaların hazırlanması və tətbiqi istiqamətində həm yerli, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək”.
Gülnar Əliyeva