Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun “Qafqazinfo”ya müsahibəsi
- Dünyada metro ən bahalı nəqliyyat vasitəsi hesab olunur. Amma bizdə yox. Bizdə isə hər zaman metrodan narazılıq edilir. Sizin bunlara reaksiyanız necədir?
- Tozlu divara palçıq yapışmayan kimi o deyilən sözlər də eləcə boşa gedir. Ya da bir az biədəb çıxsa da ”it hürər, karvan keçər”. Bunların hamısı gülməlidir. O sözü deyən adamlar Azərbaycana xaricdən baxmayıblar. 1998 -99-cu illərdə Bakı metropolitenində orta aylıq əməkhaqqı 47 dollar idi, indi 600 dollar. Bu zarafat deyil, demək ki, təxminən on iki dəfə artıb. Eyni dərəcədə də bütün camaatın yaşayış səviyyəsi normallaşdırılır. İlk başlanğıcda çalışıb işləməlisən, iş tapdığın yerdə daş kimi düşməlisən və gözləməlisən ki, nə vaxtsa sənə qiymət veriləcək. Mən də iki universitet bitirmişdim, on səkkiz ildir işləyirdim, amma fəhləydim.
Dövlətin, prezidentin bu gün atdığı humanist addımlardan biri də metropolitenin iyirmi qəpik olmasıdır. MDB dövlətlərinə baxın, Moskva uzaqda deyil, elə oranın özündə metronun qiyməti bir dollardır.
- Qiymətlərin yenidən qaldırılması nəzərdə tutulurmu?
- Yox, o mənlik deyil, onun üçün Tarif Şurası var. Mənim tək vəzifəm odur ki, hər rübdə mən ancaq hər bir sərnişinin gediş haqqının hansı qiymətə başa gəlməyini Tarif Şurasına verim.
- Hansı qiymətə başa gəlir?
- İndi bizdə iki gediş qiyməti var. Biri dövlət verdiyi dotasiya ilə hesablanır, digəri real qiymət. 1989-cu ildən bu günə qədər artıq iyirmi üç ildir ki, mənim texnikam təmirə getmir. Buna baxmayaraq biz işlədirik. Əgər əsaslı təmirə getsə ən azı qiymətin 60% i gediş haqqının üzərinə qoyulmalıdır. Bu reallıqdan baxanda 67 qəpik. Amma adi vaxtda 49.2 qəpik.
- Bəs nəyin sayəsində bu qiymət ucuz qala bilir?
- Dövlət dotasiya verir. Metroda hər sərnişin 49.2 qəpiyə keçir. O isə bizə verir 20 qəpik. 15 qəpik də dövlətin verdiyi. Biz yenə 15 qəpik zərərdə qalırıq.
- Bu halda sözügedən zərər haradan qarşılanır?
- Heç bir yerdən. Əsaslı təmirə getmir.
- Bəs o qəzalı vəziyyət təhlükəli deyilmi?
- Yox, əgər qəzalı vəziyyət varsa biz tez başının üstünü alırıq. Mən bircə şeyi deyim ki, vaxtilə anbarlar ehtiyat hissələri ilə dolu olardı, amma indi ehtiyat hissələri ancaq bir ay öncədən sifariş verilə bilir. Artıq ehtiyat saxlamaq imkanımız yoxdur.
- Sərnişin təbii ki, bunu bilmir...
- Sərnişin bilmir, heç bilməyinə ehtiyac da yoxdur. Sərnişin bircə şeyi bilir, 20 qəpiyini verib girməlidir metroya, metro onu rahat aparmalıdır mənzilbaşına.
- Hal-hazırda da sərnişinlər qatarlarda kondisionerlərin quraşdırılmamasından şikayət edir...
- Biz Allah qoysa gələn ilin sonuna üçüncü xəttimizi istifadəyə verəndə üç yeni qatar heyəti alınacaq ki, onlar paslanmayan dəmirdən, kondisionerli qatarlar olacaq. Bir az da ötürücülük qabiliyyəti yaxşı olacaq. Dövlət, hərtərəfli sivil qaydada irəliləyirsə biz də o qaydada irəliləyirik. Üçüncü xətt eyni zamanda prezidentin tapşırığıyla yeddi vaqonlu stansiyalar, altı metrlik tunellərdir. Bunlar uzaqgörənlikdir. Biz prezidentin dediyi kimi bu günü-səhəri yox, gələcəyi düşünürük. 2065-ci ildə əhalinin artım sayı və s.
Bu gün beş vaqonlu qatarlar tutaq ki, 28 Mayda darısqallıq edir, amma biz ora heç cür yeddi vaqon yerləşdirə bilmərik. Gələcək xəttləri isə yeddi vaqonlu edirik ki, əhali kefi istəyən şəkildə gedib-gələ bilsin.
- Metroda insanların gur olduğu vaxtda eskalatorun işləyən biri dayandırılır və insanlar cəmi bir eskalatora yüklənir...
- O elə deyil. Eskalatora qrafik verilir, məsələn Elmlər Akademiyasında saat ona qədər ikisi işləyir yuxarı, ondan sonra sərnişin azalır və buna ehtiyac qalmır. Bir də ikiyə on beş dəqiqə işləmiş ikisi aşağı işləyir. Bunların hamısı çox təcrübələrdən keçirilib və qrafikləşdirilib. Tutaq ki, bu gün Sahildə iki eskalatoru birdən işlədib camaatı iki dəqiqəyə qaldırdım yuxarı, sonra boş qaldı. Bu kimə sərf edər, heç kimə. Vaxtilə olmuşdu. Metro işləyirdi 6-nın yarısında. Bir həftə ərzində analiz elədim. Yarım saata orta hesabla səksən bir sərnişin keçdi. 81 sərnişin bir ədəd Xətai eskalatorunun birinin verdiyi pul deyil. Düşünün, elə 650 min manat bir ayda elektrik enerjisinə pul verilir. Bunların hamısı puldur. “Eurovison “a görə üç gün fasiləsiz çalışacağıq, ayın 22-27 arası. Bu müddətdə beş sərnişin olacaq ya olmayacaq, saat 12-yədək aydın məsələdir, 12- də başlayacaq, hamı orda olacaq, saat 3-dək heç kəs olmayacaq, 3-dən sonra beş-on adam ya metroya gələcək ya gəlməyəcək. Heç nəyini demirəm, təkcə altmış nəfər maşinistim, on səkkiz heyətim işləyəcək. Təkcə bunlara verilən pul az qalır “Eurovision”un pulunu çıxarsın. Buna baxmayaraq, metro olaraq işləməliyik.
- Tağı müəllim bütün bunlar çox yaxşı, çox gözəl. Amma bu gün ölkədə bu imkan sahiblərinin çoxunda sizdə olan millət sevgisini görmək olmur.
- Mən inanmıram ki, azərbaycanlı qanı damarından axan hər hansı bir zəngin, yaxud da ki, yüksək intellektual səviyyəyə malik hər hansı bir məmur bu gün Azərbaycan haqqında başqa cür düşünsün. Deviz birdir. Heydər Əliyev necə düşünürdüsə, onun strateji xəttini davam elətdirən İlham Əliyev necə düşünürsə biz o cür düşünməliyik. Onun ətrafında möhkəm birləşməliyik. Heç kəs vəzifədə əbədi deyil, əbədi olan bir tək Allahdır. Ancaq bunların hamısını nəzərə alaraq bircə şeyi düşünməlisən, millət naminə, xalq naminə, prezidentin ətrafında birləşmək naminə hər bir məmur deyilən sözü eşitməlidir. Mən prezident ətrafında hamını eyni dərəcədə, eyni mövqedə, eyni yüksək səviyyədə görürəm. Əgər o kadrları prezident seçib qoyubsa mən o kadrlarla işləməliyəm, o kadrlar mənimlə işləməlidir. Bu prezidentə xidmətdir, prezidentə xidmət dövlətə xidmətdir, dövlətə xidmət xalqa xidmətdir. Ola bilər kasıbımız da var, hardasa zəif məxluqumuz da amma bunların hamısının bir bədbəxt xəstəliyi var - tənbəllik. Hər kəs azca işləsə, hər kəs azca cəhd eləsə yüksək səviyyədə dolana bilər. Götürün kəndlərimizi-nə əkilib-biçilir? Xalq misalı kimi əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Bütün rayonlarımızın hamısı boşdur, hamı Bakıya axıb gəlir. Bakıda da ya taksi sürücüsü olmalıdır, yaxud da fəhlə. Ona görə də prezidentin bu gün yaratdığı şəraitin mahiyyəti odur ki, bütün regionlarda olan yaxşı işlərə məhz camaatı cəlb eləsin. Mən and içirəm ki, hər hansı bir rayonda kimsə əlini torpağa vurursa o dolanır, vurmursa aydın məsələdir, gözləyir ki, Allah yetirsin.
Söhbətləşdi: Nigar İsfəndiyarqızı