Türkiyə XİN-dən Netanyahu və Kohenə cavab

turkiye-xin-den-netanyahu-ve-kohene-cavab
Oxunma sayı: 2331

Türkiyə Xarici İşlər Nazirliyi İsrail Baş naziri Benyamin Netanyahu və xarici işlər naziri Eli Kohenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi sözlərə cavab verib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə XİN bununla bağlı bəyanat yayıb.

“Fələstin xalqına qarşı törətdikləri zülm və qətliamlarla tarixin qaranlıq səhifələrinə daxil olan İsrail rəsmilərinin qanundan danışmağa haqqı yoxdur.

Artıq bəşəriyyətin vicdanında legitimliyini itirmiş İsrail hakimiyyəti bütün dünyanın gözü qarşısında xəstəxanaları bombalayaraq, qadın və uşaqları qətlə yetirməklə törətdikləri cinayətləri ört-basdır edə və diqqəti yayındıra bilməyəcək.

Dünya ictimai rəyində dərin hiddət doğurmuş insanlığa qarşı cinayətlərin təhrikçiləri və icraçıları gec-tez mühakimə olunacaqlar.

Türkiyə Qəzzada törədilən qırğına qarşı çıxmağa və Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcək”, - deyə Türkiyə XİN-dən bildirilib.

Qeyd edək ki, son günlər İsrail rəsmiləri Ərdoğanın İsraillə bağlı çıxışlarını tənqid ediblər.