Türkiyədə polis Boğaziçi Universitetinə girdi - 159 nəfər saxlanıldı

turkiyede-polis-bogazici-universitetine-girdi
Oxunma sayı: 2790

İstanbulda Boğaziçi Universitetində tələbələr arasında davam edən etirazlar zamanı 159 nəfər polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, polis qüvvələrinin Cənubi Kampusundakı aksiyalara müdaxiləsindən sonra 51 tələbə, universitet xaricində aksiyalarda isə 108 nəfər nəzarətə alınıb. Saxlanılan tələbələr Polis Şöbəsinə aparılarkən, bir çox millət vəkili və vəkil dəstək üçün polis bölməsinə gedib. Dünyanın aparıcı sosioloqlarından biri olan filosof Slavoy Jijek sosial şəbəkə üzərindən tələbələrə dəstəyini ifadə edib.

Daha sonra İstanbul bələdiyyəsi saxlanılanlar barədə açıqlama verib: “Boğaziçi Universiteti Cənubi Kampusunun qarşısında təşkil edilən nümayişlərdə bütün xəbərdarlıqlara baxmayaraq aksiyanı bitirməyən 108 nəfər şübhəli və rektorluq binasını mühasirəyə alaraq içəridə olanların binanı tərk etməsinə mane olan və bütün xəbərdarlıqlara rəğmən hərəkətlərindən əl çəkməyən 51 nəfər, ümumilikdə 159 nəfər Respublika Baş Prokurorluğunun təlimatı ilə polis tərəfindən nəzarətə alınıb”.

Qeyd edək ki, AKP-li Melih Bulunun Boğaziçi Universitetinin rektoru vəzifəsinə təyin edilməsindən sonra tələbələr arasında başlayan etiraz aksiyaları bir aydır ki, davam edir.

Ötən həftənin cümə günü isə Boğaziçi Universitetində tələbələr tərəfindən təşkil olunan bir sərgidə üzərində Kəbənin əks olunduğu rəsm nümayiş etdirildikdən sonra iki tələbə nəzarətə alınmışdı.

Həbs olunanların Boğaziçi Universitetinin tələbələri olduğu açıqlanıb.

“Xalqın bir hissəsi tərəfindən qəbul edilmiş dini dəyərləri açıq şəkildə alçaltmaq” ittihamı ilə saxlanılan 3 nəfərdən biri tam sərbəst, ikisi isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdı.