Bildiyimiz kimi “Aptamil “ uşaq qidaları Azərbaycan bazarında da geniş yayılıb . Buna görə də “Qafqazinfo” müvafiq qurumların bu məsələyə ilə bağlı mövqeyini öyrənib.
Qurumların mövqeyini təqdim etməzdən əvvəl bildirək ki, “medicaz” xəbər saytı da “Aptamil” lə bağlı araşdırma hazırlayıb. Həmin araşdırmada qeyd olunub ki, marketlərin əksəriyyəti bu firma ilə işləmir. Ancaq “Neftçilər” metrosu yaxınlığındakı bir neçə aptekdə “Milupa Aptamil Südlü Taxıl Qarışığı”na rast gəlinir. Qiyməti 15 manat 50 qəpik olan bu uşaq qidasının son istifadə müddəti 2015-ci ilin dekabr ayına qədər göstərilib. Bu isə o deməkdir ki, onun tərkibində GMO yoxdur. Çünki GMO tərkibli “Milupa Aptamil Südlü Taxıl Qarışığı” 2013-cu ilin oktyabr ayından 28.03.2015-ci ilə qədər olan dövrə aid qidaları əhatə edir.
Ancaq təəssüflüsü budur ki, bu tarixi əhatə edən “Aptamil” uşaq qidasına digər aptekdə rast gəlinib: “Satıcı xanıma bu qidaların tərkibində GMO olduğunu və uşaqlar üçün təhlükəli olduğu haqda xəbərlər yayıldığını dedikdə, bunlardan xəbərsiz olduğunu dedi: “Biz illərdir ”Aptimal» uşaq qidası satmışıq. Alıcıları da çoxdur. Hələ ki heç bir alıcı məhsulu geri qaytarmayıb və şikayət etməyib. Hər halda, ciddi nəsə olsa Səhiyyə Nazirliyi bu məhsulların yığışdırılmasına dair göstəriş verər”..
Aptekdə uşaq üçün qida alan bir neçə valideyn isə əvvəllər “Aptamil Südlü Taxıl Qarışığı”ndan istifadə etdiyini deyib :“Əvvəllər alırdım. Amma fevralda da bu uşaq qidasının təhlükəli olması barədə xəbər çıxmışdı. Kimisi dedi şayiədi. Amma hər ehtimala qarşı artıq bu qidanı övladıma vermirəm”.
Standartlaşma, Metrelogiya və Patent Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı məsələ ilə bağlı “Qafqazinfo” ya açıqlamasında bildirib ki, artıq “Aptamil” uşaq qidaları ilə bağlı Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən araşdırmalara başlanılıb: “Məhsulun bir nümənəsi bazardan götürülərək laboratoriyaya təqdim olunub. Həmin laboratoriya Komitənin Təcrübə Sınaq Mərkəzinin nəzdində fəaliyyət göstərir. Məhsulun GMO tərkibli olub-olmadığını araşdıracaq. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istənilən uşaq qidasının tərkibində GMO ola biləcəyini qeyd edir: “Biz mütəmadi olaraq bu barədə açıqlamlarla çıxış edirik. Əgər məhsulun tərkibində soye maddəsi varsa, deməli o GMO tərkiblidir. Soye 98 faiz GMO-ya uğramış bir bitkidir. Soye unu, südü varsa, o artıq GMO-dur. Bəzi uşaq qidalarının üstündə bu yazılmış olsa da, bəzilərində gizlədilir. Azərbaycanda labaratoriyalar var. Təəssüf ki, bu günə kimi onların birinin də işi göz qabağında deyil. GMO ilə bağlı ölkə prezidentinin 17 fevral 2013- cu il tarixli ayrıca sərəncamı da var. Bu “Aptamil” qidası ilə bağlı da onu deyə bilərəm ki, Türkiyədə istehsal olunan məhsullarının tərkibində GMO ola bilər, Azərbaycana göndərilənlərin isə tərkibində olmaya bilər. Hətta bizə göndəriləndə lap çox ola bilər, orda az ola bilər. Bunu labaratoriya araşdırmasının nəticəsində müəyyən etmək mümkündür”.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli isə Nazirliyin bu məsələyə cavabdeh olmadığını bildirir: “Səhiyyə Nazirliyi məhsulun saxlanma qaydalarına və gigiyenik normalara cavab verib-verməməsinə nəzarət edir. Məhsulun tərkibində GMO olduğunu sübut etmək Komitənin işidir. Nazirlik eyni zamanda həmin uşaq qidasının satışdan çıxarılmasını həyata keçirə bilməz. Bu onun səlahiyyətinə aid deyil”.
Xatırladaq ki, 2014-cü ilin fevral ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrdən “Aptamil PDF” adlı uşaq yeməklərinin satışının təcili dayandırmağı tələb etmişdi. Belə ki, şirkətin istehsal etdiyi uşaq qidalarının 294421 və 294433 nömrəli partiyalarının tərkibində çoxlu miqdarda yod və duz aşkarlanmışdı. Bu isə uşaqlar sürətli şəkildə zəifləmə, sinir sistemi pozğunluğu və mədə problemləri yarada bilər. ÜST də bu səbəbdən “Aptamil PDF”i istehsal edən şirkətlə birlikdə həmin məhsulu dünya ölkələrindən toplamaq barədə qərar çıxarmışdı.
Günel