“Utanmışam deməyə ki, ay gözəl qız, məndə QİÇS var” - Video

utanmisam-demeye-ki-ay-gozel-qiz-mende-qics-var
Oxunma sayı: 8766

“Elə olur ki, bəzən qadınlar özləri mənə yaxınlaşıb münasibət təklif ediblər. Utanmışam deməyə ki, ay gözəl qız, məndə QİÇS var. Özümü elə aparmışam ki, guya, bəyənmirəm. Onlar da düşünüb ki, bu nə eşşək adamdır?! Qadın yaxınlaşır, bu da saymazlıq edir. Daha bilmirlər ki, xəstəyəm, fikirləşirəm o da bədbəxt olacaq”. 

Müsahibim artıq 6 ildir ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromundan (QİÇS) əziyyət çəkir. O, əvvəllər narkotik aludəçisi olduğu üçün buna Rusiyada həbsdə olarkən yoluxduğunu düşünür. İl yarımdır Bakıda yaşayır və müalicəsini burada davam etdirir. “Qafqazinfo” olaraq onunla elə müalicə aldığı Respublika QİÇS-lə Mübarizə Mərkəzində görüşürük.

Çəkilişə başlamazdan əvvəl yəqin ki, heç vaxt unutmayacağım və hazırladığım əksər suallara cavab aldığım, onun həyatını qısa və dəqiq əks etdirən bir hal yaşanır.

Formatımız belədir ki, adətən müxbir videolarda görünmür. Bu dəfə isə müsahibimin də üzü görünməməli idi. Mənim harada oturacağımı, kadrın necə qurulmalı olduğunu müzakirə edirdik. Bizi dinləyən Anar (ad şərtidir) müzakirəyə qoşulur:

- Narahat olma, yanımda otursan, xəstəlik keçməyəcək. 

- Yox, yox, siz səhv başa düşdünüz.

- Bilirəm, onsuz həmişə bizi görəndə qorxub uzaq qaçırlar.

Bu dialoqdan sonra müzakirəsiz keçib müsahibimin yanında əyləşirəm və söhbətə başlayırıq:

- Virusa yoluxduğunuzu öyrənəndə nə hisslər keçirdiz?

- Həbsdə qan analizimin nəticəsində çıxmışdı. Dedilər ki, belə bir virusa yoluxmuşam. Mənim üçün təccüblü olmadı. Aydın məsələdir, gec-tez olmalı idi. 29 ilin narkomanıyam. Onsuz da, bütün bədbəxtliklər narkotiklə başladı. Çıxış yolu var, ancaq hər adamın başı üçün deyil. Günahkar özüm oldum.

- Ailənizlə münasibətiniz var?

- Valideynlərim rəhmətə gedib. Nə qohumlar, nə də bacılarım mənimlə əlaqə saxlayır. Bacım məşhur bir şirkətdə direktordur, altında 50 minlik maşın var, ancaq qardaşı 130 manat pensiya ilə dolanır. Uzun müddətdir ki, uşaqlarını qucağıma ala bilmirəm, ümumiyyətlə görmürəm. Onları da qınamıram. Valideynlərimin vaxtsız ölümündə məni günahlandırırlar. Haqlıdırlar. 

İmkanlı ailədə doğulmuşam. Moskva Dövlət Universitetini bitirmişəm. Ali savadlıyam. 23 illik həbs həyatım var ki, bunun özü də böyük məktəbdir. Dünyanı gəzmişəm. Özümü ağıllı adam sayıram. İstəsəz siyasətdən, incəsənətdən, astrologiyadan, meta-fizikadan, lap elə idmandan danışaq. Ancaq hazırda mənim bir mənfim var və ona görə artıq heç kimə lazım deyiləm. 

- Övladınız var?

- 3 dəfə rəsmi formada evli olmuşam, birinci yoldaşım Azərbaycan gözəlidir. Ancaq övladım yoxdur. Bu, mənim ürəyimdə qalmış bir yaradır. 

Hazırda immunitetim 745-dir. Sağlam adamda bu rəqəm 1200 olur. Həkimlərin sözünə görə, münasibətim olsa, qadın yoluxmaya bilər, uşağım da sağlam doğular. Soruşuram ki, 100%-dir? Deyirlər ki, yox, 99%. Bu, kazino deyil axı, insan həyatı ilə oynaya bilmərəm. 

- Cəmiyyətin sizə münasibəti necədir?

- Cəmiyyətdə bizə yararsız kimi baxır, adam qismində görmürlər. Bizi görəndə üzümüzə gülsələr də, ürəklərində düşünürlər ki, bunlar tez ölsəydi, tez yansaydılar, canları rahatlayardı. Onları qınamıram. Əvvəl mən də virus daşıyan şəxsləri görəndə biruzə verməməyə çalışsam da, ürəyimdə o adamdan iyrənirdim, çalışırdım ki, uzaq durum. İndi bizdən uzaq gəzənlərə necə bir söz deyə bilərəm?

- Hazırda nə işlə məşğul olursuz?

- Artıq il yarımdır ki, Bakıdayam və narkotikdən uzaq dururam, müailəcəmi davam etdirirəm. Onların hamısını kənara qoymuşam. Vaxtilə xərclədiyim pulların sayı-hesabı yoxdur. Oğurluq eləmişəm. Ehtiyacım olmayıb, bunu hobbi kimi etmişəm. 

İndi görürəm ki, cavan oğlan-qız uşaqları yol kənarında iynə vurur. Necə o vaxt mənə deyirdilər, indi də mən onlara söz deyirəm, təsir etmir. Mənim kimi bu qulaqdan alıb, o birindən buraxırlar. Həmin vaxt başa düşürsən ki, bu insan sənə düz deyir. Ancaq əməl edə bilmirsən. Fikirləşirsən ki, 5 günlük dünyadır.

  

Bizim 3-5 gün ömrümüz qalsa da, yenə bir işə yaraya bilərik, nəyəsə faydamız dəyə bilər. Bizi bu qədər hər yerdən kənarlaşdırmasınlar. 

Anarın palata yoldaşı isə çox tez, 15 yaşından QİÇS-ə yoluxub və müntəzəm olaraq müalicəsini davam etdirir. Əslən Mingəçevirdən olan Vüsal (ad şərtidir) yaşadıqları evdə körpə üçün risk olduğundan Bakıya köçüb, burada işləyərək qazancından ailəsinə kömək edir:

“Rusiyada həbsdəydim, virusa yoluxduğumu o zaman öyrəndim. Mingəçevirdə yaşayırdım, evimizdə qardaşımın balaca uşağı olduğu üçün narahat oldum, Bakıya gəldim. Hazırda avtoyumada işləyirəm, maşın yuyub pul qazanıram. Qazancımın yarısını evə göndərirəm, yarısı ilə də özüm dolanıram. Ailədə bilirlər, mənə münasibət yaxşıdır, özüm onlarla qalmaq istəmədim. 

Xəstəliyin ən pis tərəfi odur ki, ailəli ola bilmirsən. İstəmirəm, kimləsə evlənəm, uşağım, yoldaşım bədbəxt olsun”. 

- Özünüzü necə hiss edirsiz? Hər hansı narahatlığınız və ya ağrınız olur?

- Heç nə hiss etmirəm, vəziyyətimdə hər hansı bir dəyişiklik yoxdur. Həkimlər deyir əsas narkotikdən uzaq olun, mən də istifadəçisi deyiləm. İmmunitetimi aşağı salmadıqca, hər şey qaydasındadır.

Vaxtlı-vaxtında dərmanımı içirəm, həkimlərdən və bizə yaradılmış şəraitdən razıyam.

Sadəcə cəmiyyətdə, başqaları biləndə çətin olur, qorxurlar bizdən. Özüm də qorxuram, onları qınamaq olmaz.

Həmsöhbətlərimi çox yormamaq üçün onlarla sağollaşıb qaldıqları stasionar şöbənin müdiri Arzu Məmmədova ilə söhbətə davam edirik. Onun sözlərinə görə, şöbədə 20 çarpayı olsa da, adətən xəstə sayı 15-16 nəfər arasında dəyişir. Həm yeni, həm də mütəmadi olaraq müalicəsini davam etdirən xəstələr olur. Xəstələrə sistem vurulur, dərmanlar verilir. 

Daha sonra mərkəzlə yaxından tanış olmaq üçün qəbul, ümumi şöbələr, göstərilən xidmətlər və analizlərin hansı formada aparılması ilə maraqlanırıq. Mərkəzin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərlinin sözlərinə görə, burada iki qəbul şöbəsi var. Biri müalicə-profilaktika məsələləri üzrə gələn qanların müayinələrinin qəbul şöbəsi, digəri isə sıravi vətəndaşların müayinədən keçmək üçün müraciət etdiyi şöbə. Bu zaman vətəndaş şəxsiyyətini təqdim etmədən anonim yolla müayinə oluna və cavabları şifahi formada ala bilər. Əsasən həmin şəxslərlə anonim kabinetdə söhbət aparılır və müalicə alması tövsiyə olunur. Arzu xanımın sözlərinə görə, anonim kabinetdə oturan həkim pozitiv və gülərüz olmalıdır ki, müraciət edənlər onunla danışmaqdan çəkinməsin. 

Odur ki, biz də elə anonim kabinetə, həkim Elmira Rəfibəylinin yanına yollanırıq. Elmira xanımın sözlərinə görə, adətən onun yanına gələn şəxslər bir qədər narahat və panikada olurlar:

“Elə ötən gün bir oğlan gəlib ki, 2 saat əvvəl cinsi əlaqədə olub, tez müayinə olunmalıdır. Sakitləşdirməyə çalışıram, olmur. Müraciət edən şəxslərə qoruyucu vasitələrdən istifadə etməyi məsləhət görürük, inanırsız, çoxu bilmir.

Adətən kişi və ya qadın cinsi əlaqədə olur, daha sonra onlara məlumat çatır ki, qarşı tərəf İtirilmiş İmmun Çatışmazlığı Virusu (İİV) daşıyıcısıdır. Bu zaman anonim müayinə üçün bizə müraciət edir.

Anonim müayinə adından göründüyü kimi gizlidir, ödənişsizdir. Analiz zamanı 90% doğruluğu olan nəticə həmin gün, 100%-lik laborator cavab isə növbəti gün müəyyən olunur.

QİÇS daşıyıcısı olan bir şəxslə əlaqədə olmaq o deyil ki, mütləq şəkildə xəstəliyə yoluxursan. İnsan 48 saat ərzində post-kontakt müalicə olunaraq xəstəliyə yoluxmaqdan qurtula bilər”.

Elmira xanımla da sağollaşıb bu dəfə laboratoriyaya yollanırıq. Mərkəzin həkim-laborantı Səbinə İbrahimovanın sözlərinə görə, laboratoriya ən müasir tibbi avadanlıqlarla təmin olunub: “Gün ərzində 500-ə yaxın qan müayinə olunur. Nəticə müsbət çıxan qanların arxivdə saxlanılması üçün -80 dərəcəlik soyuducular var. Biz həmin qanları ömür boyu dondurub saxlayırıq”.

Son olaraq Arzu xanım bizə ümumi məlumat verir ki, cari ilin ilk ayına olan statistikaya əsasən, ölkəmizdə İİV-lə yaşayan insanların sayı 6163 nəfər olub ki, onlardan 4980 nəfəri müalicəyə cəlb olunub. 2019-cu ildə 630 yeni yoluxma halı aşkar olunub. Onlardan da 77%-i kişi, 23%-i isə qadındır. Uşaqlar arasında isə İİV-ə yoluxma halı müşahidə olunmayıb: 

“Orqanizmlər müxtəlif olduğu üçün immun vəziyyətindən asılı olaraq insanların yoluxma ehtimalları da fərqli olur. İİV virusu daşıyan bir şəxslə cinsi əlaqədə olmaq o demək deyil ki, mütləq virus yoluxacaq. 

Hazırda respublikada donor qanı 100% müayinə olunur, bu səbəbdən də hələ ki, qanköçürmə zamanı virusun yoluxma halı müşahidə olunmayıb.

Müayinə üçün gələn bütün vətəndaşlarda istər-istəməz qorxu olur. Onlarla söhbət aparılır. Əgər virus aşkar olunarsa, biz ona birbaşa demirik. Saatlarla söhbət aparılır. Müayinədən sonra virus aşkar olunarsa, o dəqiqə müalicə tətbiq olunur.

Tez-tez ticarət mərkəzlərində, məktəblərdə, müxtəlif qurumlarda tədbir və konfranslar keçirilir. Nə qədər ali savadlı olsa da, QİÇS xəstəliyindən ümumiyyətlə məlumatsız olan çox insan var”.

Günel Hacı

Fotolar - Video: Nuran Məmmədov