Ayaq altda Azərbaycanın xəritəsi, üstündə işğal olunmuş bölgələrin, əsir və itkin düşənlərin, şəhid olanların adı yazılmış kağız, onun da üstündə Laçından gətirdiyim balaca bir daş – möhür əvəzi... Göz yaşımla üzümə məsh çəkib üzü Şuşaya dayanıram.
İqamə
Allah böyükdür
vətən bölünməzdir
şəhadət verirəm ki vətən şəriksizdir
şəhadət verirəm ki vətən anadır
şəhadət verirəm k, vətən üçün ölənlər
bu yurdun ən layiqli övladlarıdır
qarabağa tələsin
nicat tapmağa tələsin
qurtuluşa tələsin
cihad başlandı
vətən bölünməzdir
vətəndən başqa vətən yoxdur
Həmd
böyük və rəhim olan Allahın adı ilə
ey bəndələr bilin və agah olun ki
bizi satdılar
qardaşlarımızı öldürdülər
bacılarımızı əsir apardılar
yurdumuzu yağmaladılar
o kəslər ki bizi yiyəsiz bildilər
o kəslər ki başımızın üstündə tanrını görmədilər
bir Allah şahiddir ki qisas qiyamətə qalmaz
qiyamətə qalan qisasın cəzası ağır olacaq
ikitərəfli olacaq
böyük və rəhim olan Allahın adı ilə
ey bəndələr bilin və agah olun
torpağı basılan kişi tanrı qarşısında üzüqaradır
şəhid olanların tanrı dərgahında yeri ucadadır
şəhid olmaqdan qorxmayın
vətənini sevən Allahını sevər
Allah böyükdür
vətən bölünməzdir
Rüku
həmd olsun vəttənə
həmd olsun vətənə
cəmi şəhidlərin
pak və müqəddəs ruhuna
salamlar olsun
Qiyam
Allah bizi bağışlasın
Səcdə əvəzi
vətən anadır, şəriksizdir
vətən qarşısında baş əyirəm
vətən bölünməzdir
İkinci rükət
(Qünut)
Ovcumun içinə baxıb gözlərimi yumuram: kəndimiz... evimiz... həyətimiz... babamın qəbri... evində diri-diri yandırılan Səfər əmi... qaçıb kəndin meşələrində gizlənən dəli Cəlal...əsirlikdə inləyən Səltənət... özünü qayadan atan Qəmzə arvad... Yazıq yurdum... Yetim məmləkətim...
Allah bağışlasın bizi
Allah keçsin günahımızdan
Allah böyükdür, bağışlayandır
vətən bölünməzdir
Təşəhhüd
şəhadət verirəm ki
vətəndən ayrı vətən yoxdur
vətən şəriksizdir
şəhadət verirəm ki
şəhidlər vətənin ən layiqli övladlarıdır
onların pak və müqəddəs ruhunasalamlar olsun
Salam
salam olsun ədalət savaşında həlak olanların
müqəddəs ruhuna
salam olsun Allahını və vətənini sevən hər kəsə
salam olsun bütün məzlumların yumruq kimi birləşəcəkləri günə
Allah böyükdür
vətən bölünməzdir
Dua
Atamın sozalan gözlərindən məni hifz elə, İlahi. Əsirlikdə inləyənlərin, qəriblikdə torpağa tapşırılanların ahından hifz elə... Bizə nicat ver, İlahi, nicat ver...
Şərif Ağayar
Bu gün Laçının işğal günüdür.
Son xəbərlər
Son Xəbərlər