Vasif Talıbovdan qadınlara kitab hədiyyəsi

vasif-talibovdan-qadinlara-kitab-hediyyesi-
Oxunma sayı: 708

2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan olunub. Dekabrın 5-də “Duzdağ” otelində “Milli dəyərlər ili”nə həsr olunmuş tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Hər bir xalqın milli dəyərləri onun özünütəsdiq imkanı və milli pasportudur. Dövlətlər rəsmi atributları – bayrağı, himni, gerbi və sərhədləri ilə tanındığı kimi, bu dövlətlərin ərazisindəki millət və ya xalqlar da özlərinin milli dəyərləri – folkloru, incəsənəti, mədəniyyəti, adət-ənənələri, milli geyim və mətbəxləri ilə tanınırlar. Azərbaycan xalqının milli dəyərləri uzun əsrlər boyu xalqımızın yaşadığı tarixi ərazidə formalaşmış çox mühüm tarixi nailiyyət və milli sərvətdir. Bizim malik olduğumuz milli dəyərlərimizin kökündə, ilk növbədə, Vətənə qırılmaz tellərlə bağlılıq, yüksək milli-mədəni irs və adət-ənənələr dayanır. Azərbaycan xalqı daim öz milli dəyərlərinə sadiq olmuşdur. Hətta tarixi proseslərin müəyyən dövrlərində, milli dövlətçiliyimizin mövcud olmadığı dövrlərdə belə, xalqımız milli dəyərlərini unutmamış, öz növbəsində, milli dəyərlərimiz də xalqımızın bütövlüyünü qoruyub saxlamışdır”.

“Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur”, – deyən Ali Məclisin sədri bildirib ki, H. Əliyev milli dəyərlərin mücərrəd sovet dəyərləri ilə əvəz olunması üçün səylər göstərildiyi ötən əsrin 70-ci illərində, əslində, bu prosesin əksinə gedərək Azərbaycan xalqına məxsus dəyərlərin bərpası və yaşaması istiqamətində taleyüklü tədbirlər görüb, xalqımızın milli dəyərlərini özünə qaytarıb. Təsadüfi deyildir ki, ən böyük milli dəyər olan Azərbaycan dili məhz həmin dövrlərdə geniş şəkildə işlənmiş, ali və orta məktəblər üçün Azərbaycan dili dərslikləri çap edilib. Bundan başqa, Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili statusu almışdı. Bu dövrdə yeni yaşayış məntəqələrinə və obyektlərə milli qəhrəmanlarımızın adları verilir, tarixi yer adları bərpa olunur, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi filmlər çəkilirdi. Azərbaycan ədəbiyyatında, musiqisində, təsviri sənətində xalqın milli ruhunu, adət-ənənələrini təbliğ və tərənnüm edən çoxsaylı yaradıcılıq nümunələri meydana çıxırdı.

Ali Məclisin sədri milli dəyərlərimizin öyrədilməsi, yaşadılması və təbliğində əməyi olanlara təşəkkürünü bildirərək deyib: “Biz həyata keçirilən tədbirləri milli dəyərlərin öyrədilməsi və yaşadılması istiqamətində görülən işlərin yekunu yox, başlanğıcı hesab edirik. Bu sahədə görülən işlərlə kifayətlənmək olmaz. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mühüm vəzifəsi olmalıdır. Biz öz tarixi dəyərlərimizə sahib çıxmasaq, ona başqaları sahib çıxacaqdır. Xalqımızın gələcəyini düşünürüksə, bu gələcəyi möhkəm təməllər – milli dəyərlər üzərində qurmalıyıq. Tarix sübut etmişdir ki, uğurlu gələcəyin yolu milli dəyərlərin yaşadılmasından, gənclərin təhsilindən və vətənpərvər tərbiyədən keçir. Bu mənada gənclərlə aparılan işlərdə milli dəyərlərə üstünlük vermək, vətənpərvərlik və azərbaycançılıq prinsiplərini gücləndirmək lazımdır. Müasir dövrdə həyatımıza daxil olan yad təsirlərdən qorunmaq üçün gənclərimizdə milli özünümüdafiə vərdişləri formalaşdırılmalı, milli dəyərlərə sahiblik hissi gündən-günə möhkəmləndirilməlidir.

Ali Məclisin sədri tədbirdə iştirak edən qadınlara “Naxçıvan mətbəxi” kitabını hədiyyə edib, xalq yaradıcılığının davamçıları ilə xatirə şəkli çəkdirib. /Azərtac/