VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başladı

vi-yukselis-musabiqesinin-qeydiyyat-merhelesi-basladi
Oxunma sayı: 751

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis olunan VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. İdarəetmə sahəsində peşəkar və perspektivli kadrların aşkar olunması, onların fərdi və liderlik bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqə artıq altıncı mövsümündə iştirakçıları yeni imkanlarla bir araya gətirir.

“Qafqazinfo” xəbər verir ki, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev altıncı müsabiqə üçün keçirilmiş mətbuat konfransında açıqlama verib.

O, VI mövsümün başlanğıcı münasibətilə ötən beş ilin nəticələrinə nəzər salaraq “Yüksəliş” müsabiqəsinin formalaşdırdığı institusional dəyər və davamlı inkişaf dinamikası barədə məlumat verib. Bildirilib ki, müsabiqə bu müddət ərzində iştirakçı sayının artımı ilə yanaşı, həm də keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli irəliləyiş əldə edib, müxtəlif sahələri təmsil edən minlərlə namizəd üçün obyektiv qiymətləndirmə və inkişaf mühiti yaradıb.

Qeyd edək ki, VI mövsüm çərçivəsində qeydiyyat 16 aprel 2026-cı ilədək davam edəcək. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir.

Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə malik Azərbaycan vətəndaşları müsabiqəyə qoşula bilərlər. “Yüksəliş” müsabiqəsi qeydiyyat, ümumi biliklər imtahanı, analitik təhlil, idarəetmə bacarıqları, yarımfinal və final olmaqla, 6 mərhələdən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər “yukselish.az” rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Ötən illərdə baş tutan müsabiqələr üçün qeydiyyatdan keçmiş şəxslər isə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər.

İndiyədək keçirilmiş “Yüksəliş” müsabiqələri geniş ictimai maraqla qarşılanıb və hər mövsüm artan iştirakçı sayı ilə diqqət çəkib. Birinci müsabiqədə 11,760 nəfər qeydiyyatdan keçmiş və yekunda 27 qalib müəyyənləşdirilmişdir. İkinci müsabiqədə 12,299 nəfər iştirak etmiş, 22 nəfər qalib adını qazanmışdır. Üçüncü mövsümdə 13,474 namizəd qeydiyyatdan keçmiş və 22 nəfər qalib seçilmişdir.

Dördüncü “Yüksəliş” müsabiqəsində 15,877 nəfər qeydiyyat mərhələsini uğurla tamamlamış, 25 nəfər qalib olmuşdur. Beşinci mövsümdə isə 16,553 nəfər qeydiyyatdan keçmiş və 20 nəfər müsabiqənin qalibi elan edilmişdir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.