Daxili İşlər Nazirliyi növbəti dəfə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara müraciət edib.
“Qafqazinfo”nun məlumatına görə, müraciətdə kiberdələduzluq hallarına qarşı diqqətli olmaq, naməlum nömrələrdən gələn zəng və mesajlara ehtiyatla yanaşmaq tövsiyə olunur.
Bildirilib ki, ani diqqətsizlik maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə bilər.
Qeyd olunur ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir: “Bank kartına dair məlumatlar, o cümlədən PIN-kod və digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmayaq ki, heç bir bank və ya maliyyə təşkilatının nümayəndəsi bu məlumatları zəng və ya mesaj vasitəsilə tələb etmir.
Eyni zamanda “WhatsApp” tətbiqi üzərindən daxil olan zənglərə xüsusi diqqət yetirilməlidir. Özünü bank əməkdaşı kimi təqdim edərək “WhatsApp” vasitəsilə kart məlumatlarını tələb edən şəxslərə inanmayın, saxtadır.
Həmçinin sosial şəbəkələrdə göndərilən naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər. Bu səbəbdən “texniki dəstək” adı ilə edilən zənglər zamanı hər hansı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığı mütləq şəkildə dəqiqləşdirilməlidir”.
DİN risklə üzləşdiyiniz halda dərhal polisə və xidmət göstərən banka məlumat verilməsini tövsiyə edir.
Son xəbərlər
Son Xəbərlər