Xaricdəki səfirliklərimiz mikroskop altında...

xaricdeki-sefirliklerimiz-mikroskop-altinda
Oxunma sayı: 6265

Ermənipərəst jurnalistin “araşdırmaları” Azərbaycanda kimləri və niyə məmnun edir?

Qarşınıza çıxmamış olmaz - vaxtaşırı ayrı-ayrı saytlarda Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə bağlı mənbəyi bilinməyən yazılara rast gəlinir. Ola bilsin, çoxu belə yazıları ciddiyə almır, çünki əksər hallarda sifarişin qoxusu uzaqdan da hiss edilir. Amma konkret olaraq İsveçdəki səfirliyimizlə bağlı müxtəlif tarixlərdə və hətta illərdə çıxan yazılara göz gəzdirsək çox maraqlı mənzərə yaranır – hər yeni “araşdırma” ötən illər çıxan “araşdırmanın” bir qədər redaktə olunmuş variantına bənzəyir. Sanki, kimlərsə özlərini əziyyətə salmadan eyni mətni fərqli başlıq və bəzi kosmetik düzəlişlərlə təkrar-təkrar mətbuata ötürürlər. Görəsən, niyə?

Aydın olan odur ki, kim(lər)sə ciddi-cəhdlə səfirliyin fəaliyyətini gözdən salmaq üçün var gücü ilə çalışır. Sadəcə, bunu çox bəsit şəkildə edir. Açıq-aşkar hiss olunur ki, sifariş verənlər də, onu icra edənlər də ciddi arqumentlər sarıdan korluq çəkirlər. Elə olmasa, İsveçdəki səfirliyin lövhəsindəki hansısa orfoqrafik səhv haqda 2022-ci ildə sahibi və müəllifləri anonim, məqsəd və məramları isə aydın olan bir feyk-saytda verilmiş “donos” 2 il sonra yenidən bəzi saytlara ötürülməzdi. Yaxud 2 il əvvəlki “araşdırmada” yazılan və guya jurnalistlərlə baş vermiş insident  gün nöqtəsinə, vergülünə toxunulmadan təkrar tirajlanmazdı.

Sual yarana bilər ki, bəs, bu qədər qeyri-ciddi və naşı “araşdırmaları” niyə ciddiyə alırıq, nədən buna vaxt ayırırıq? Bax, məsələnin diqqət çəkən məqamı da elə bundadır:  iki ildir təkrar-təkrar gündəmə gətirilən “orfoqrafik səhv” və və həmin insident mövzusu bir nəfərlə - isveçli jurnalist Rasmus Kanbakla bağlıdır.

Bakıda Rasmus Kanbakın pərəstişkarı kimdir?

Rasmus erməni lobbisinin himayəsi altında fəaliyyət göstərən, Azərbaycana qarşı saysız-hesabsız qarayaxmalara imza atan isveçli jurnalistdir. Və Bakıdakı anonimlərdən fərqli olaraq, o, Azərbaycanın İsveçdəki səfirliyinə düşmən gözü ilə baxdığını gizlətmir. Vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmiş bu şəxs İsveçdə ölkəmizə qarşı kampaniyanın önündə gedən Blankspot.se saytının əsas mirzələrindəndir. Bircə faktı qeyd edək ki, bu saytda bir neçə il ərzində Azərbaycana qarşı yayılmış təxribat xarakterli 40-dan çox məqalənin əksəriyyətinin müəllifi məhz bizim “qəhrəmandır”.

Azərbaycan mətbuatına Rasmus haqda çox şey məlumdur – 2017-ci ildə Ermənistanın İsveçdəki səfiri tərəfindən əməkdaşlığa cəlb olunması, erməni əsilli İsveç vətəndaşı, iş adamı Gevorq Nalbandyandan maliyyə alması, işğal altında olan Azərbaycan ərazilərinə 3 dəfə qanunsuz səfər etməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını “əsaslandıran” kitab yazması və s. və i.

Faktlar çoxdur, amma R.Kanbakın kim olduğu anlamaq üçün elə sadaladıqlarımız da kifayətdir. Təbii ki, bu şəxsin hədəfləri arasında Azərbaycanın İsveçdəki səfirliyi öndə gedir. Çünki erməni şəbəkəsinin yalan və iftiralarına qarşı aktiv informasiya mübarizəsinin aparılması səfirliyin birbaşa borcudur və ədalət naminə qeyd edək ki, İsveçdəki səfirlik bu işin öhdəsindən kifayət qədər uğurla gəlir. İsveç mətbuatı ilə yanaşı, sosial platformalarda da R.Kanbakın ifşası o qədər effektli alınıb ki, Azərbaycana qarşı “xüsusi simpatiyası” ilə tanınan “Sərhədsiz reportyorlar” təşkilatı da onun köməyinə gəlməli olub. Təşkilat Azərbaycan səfirinin isveçli jurnalisti ifşasını “jurnalistin təqib olunması” kimi qələmə verib və bildirib ki, “jurnalist Rasmus Kanbek Azərbaycan hakimiyyətinin tərəfdarlarının təqib obyektinə çevrilib”.

İndi isə əvvəldə verdiyimiz suala qayıdaq – səfirliyə qarşı təşkil olunan bu sifarişli yazıları niyə bu qədər ciddiyə alırıq? Çünki Azərbaycan mətbuatında səfirlik və şəxsən səfirə qarşı gözdənsalma kampaniyasını sifariş edənlərin “arqumentləri” Azərbaycana qarşı xaricdə qurulmuş şəbəkənin iddialarının təkrarıdır. Orfoqrafik səhv kimi “ciddi ittiham”ı ilk olaraq sosial şəbəkə profilində Rasmus Kanbek paylaşıb. Səfirin Kanbeklə bağlı ifşaedici tvitlərinin “jurnalistlərlə insident”  kimi qələmə verilməsi isə “Sərhədsiz reportyorlar”ın gülünc ittihamlarının təkrarıdır.

Razılaşın ki, bu, çox qəribə və düşündürücü məqamdır - nə vaxtdan anti-Azərbaycan şəbəkəsinin ifşası “diplomata yaraşmayan” davranış oldu? Azərbaycana qarşı münasibətini gizlətməyən Rasmus kimi mirzələrin, “Sərhədsiz reportyorlar” kimi təşkilatların məqsəd və məramını anlayırıq. Təəccüblü olanı Azərbaycanda kimlərinsə bu “arqumentləri” tirajlaması və səfirliyə qarşı istifadə etməsidir.

Ola bilsin, səfirliyi gözdən salmaq üçün gizli profillərdə, haradan idarə olunduğu bilinməyən (əslində, çox yaxşı bilinən) feyk-saytlarda “ifşaedici” yazılar sifariş verənlər Azərbaycana qarşı düşmən şəbəkənin apardığı informasiya müharibəsinin iştirakçısına çevrildiyinin fərqində deyillər. Amma biz fərqindəyik.