Xəstələrə əzab verənlərə 1 aylıq güzəşt

xestelere-ezab-verenlere-1-ayliq-guzest
Oxunma sayı: 3526

“New Life” reabilitasiya mərkəzinin xəstələrə əzab verməkdə təqsirli bilinən dəstə üzvlərinin şikayətlərinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.

İlqar Murquzovun sədrlik etdiyi hakimlər heyəti müttəhimlərdən yalnız 3-nə münasibətdə hökmü dəyişib.

Famil Rzayev, Elvüsal Hüseynov və Orucəli Əliheydərova qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham cəlbetmə müddəti keçdiyinə görə ləğv edilib. Qərara əsasən, onların azadlıqdan məhrumetmə müddəti 1 ay azaldılıb. Digər təqsirləndirilənlər-Qənbər Həsənov və Sərxan Əliyev barəsindəki hökm qüvvədə qalıb.

Bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Rzayev 8 il, Elvüsal Hüseynov və Orucəli Əliheydərov və 7 il, Qənbər Həsənov 6 il 6 ay, Sərxan Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Dəymiş ziyana görə O.Əliheydərovun şəxsi avtomobili, E.Hüseynovun yaşadığı evin ona düşən hissəsi müsadirə olunub.

Xatırladaq ki, “New Life” Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub.

Mərkəzin rəhbəri O.Əliheydərov, digər əməkdaşları-E. Hüseynov, F. Rzayev, S.Əliyev və Q. Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

İddia olunur ki, işgəncə nəticəsində pasiyentlərdən biri - Hüseyn Məmmədov ölüb.

Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.

Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. E.Hüseynov, O.Əliheydərov və F. Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.

Sail Ağasəlim