Xəzərsahili qanunsuz obyektlər söküləcək?

xezersahili-qanunsuz-obyektler-sokulecek
Oxunma sayı: 497

“Xəzər dənizinin sahilboyu ərazilərində 3227 qanunsuz tikili var. Bununla bağlı təxminən 60 km ərazidə monitorinq keçirilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı mətbuat konfransında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib.

O qeyd edib ki, Fərman imzalanmamışdan əvvəl dövlət tərəfindən monitorinqlər təşkil olunmuşdu, işçi qrup yaradılmışdı və bu işçi qrupda bütün dövlət orqanları, həmin ərazidə fəaliyyət göstərən dövlət orqanları, istər sahəvi orqanlar, istər hüquq-mühafizə orqanları, istər tənzimləyici orqanların nümayəndələrindən ibarət bir monitorinq qrupu yaradılmışdı və monitorinq aparıldı: “Səkkiz-on ay ərzində monitorinq aparıldı və yekun hesabat hazırlandı. Respublikanın rayonlarında Bakı da daxil olmaqla - 18 rayon üzrə təhlillər aparılıb və ərazilər müəyyən olunub. Burada sərhədlər, hansı ərazilər, hansı rayonların əhatəsinə düşür və mövcud vəziyyət necədir - hamısı müəyyənləşdirilib.  

Ən ağrılı məsələlərdən biri təbii ki, ekoloji məsələlərlə yanaşı, özbaşına tikililərlə bağlıdır. Burada torpaq qanunvericiliyinin pozulması halları, tikinti qanunvericiliyinin pozulması halları, ekoloji qanunvericiliyin pozulması halları var. Bütövlükdə 3200-dən çox əsassız tikilidən söhbət gedir.

Digər bir aspekt isə sahilboyu zolağımızın çirklənməsi məsələsidir. Bir vətəndaş kimi bununla bağlı heç bizə tədqiqat, monitorinq aparmağa ehtiyac yoxdur. Biz sıravi vətəndaş kimi özümüz də bu sahillərdə oluruq: çirkab suların təmizlənmədən axarlara və dənizə buraxılmasını müşahidə edirik. Mətbuat nümayəndələri özləri çox vaxt məsələləri işıqlandırırlar. Su təmizləyici qurğuların tam işlək vəziyyətdə olmaması işıqlandırılır”.

İlqar Həbiyev bildirib ki, hazırkı qanunvericiliyə görə, qanunsuz tikili varsa, o təbii ki, sökülür: “Amma söhbət bu ərazidən gedirsə və bu ərazidə tikilinin statusu, hüquqi statusu nədirsə, ona uyğun yanaşma olmalıdır. Birinci biz gözləməliyik ki, müvafiq normativ hüquqi aktlar təsdiq olunsun. Həmin ərazilər bu günə qədər vahid ərazi deyildi. Ayrı-ayrı ərazilər idi, amma Xəzər sahilboyu deyilən bir ərazi statusu yox idi. Bizim bu ərazi ilə bağlı əsaslanmamız təsdiq olunacaq, qanunvericiliyə müvafiq dəyişikliklər olunacaq. Orada hansı rejim olmalıdır, o müəyyən olunacaq. Tikililər özəlləşdirilə bilər, bilməz, xüsusi mülkiyyət ola bilər, ola bilməz. Təbii ki, dövlət o sahəni dövlət mülkiyyəti kimi görür, indi buna gedişatda da baxacağıq. Amma buna qədər qanuniləşmiş müəyyən obyektlər var, qanuniləşmiş mülkiyyət formaları var. Onlara qanunvericilik, Azərbaycan hüquqi dövləti qanunvericiliyi hansı formatda yanaşırsa, biz də o formatda yanaşacağıq. Amma deyildiyi kimi, tamamilə yararsız, əndazəsiz və heç bir ictimai əhəmiyyət kəsb eləməyən, əhaliyə xidmət göstərməyə layiq olmayan tikililər təbii ki, tənzimlənməlidir. Burada indi biz bunu birmənalı deyə bilmərik ki, o söküləcək, ya yox”.

Gülnar Əliyeva