Yas mərasimində döşəmə çökdü - 1 ölü, 33 yaralı - Yenilənib

yas-merasiminde-doseme-cokdu
Oxunma sayı: 11558

Bu gün Bərdə rayonunda bir nəfərin ölümü, xeyli insanın xəsarət alması ilə nəticələnən hadisə baş verib.

“Qafqazinfo” TƏBİB-ə istinadən xəbər verir ki, rayonun Yeni Daşkənd kəndində baş verən insidentlə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

Qeyd edək ki, hadisə yas mərasimi keçirilən evin döşəməsinin çökməsi nəticəsində baş verib.

***

Bərdə RİH başçısının Yeni Daşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Cahangirovun saytımıza bildirdiyinə görə, hadisənin baş verdiyi ev yeni inşa olunub.

Döşəmənin çökməsi yasda eyni otaqda olan 50-yə yaxın insanın ağırlığına dözməməsidir: “Ev yeni inşa olunub. Sadəcə otaqda 50-yə yaxın şəxs olduğuna görə döşəmə ağırlığa dözməyib. Hadisə nəticəsində kənd sakini, 65 yaşlı Sarıtel Məmmədova vəfat edib”.

***

TƏBİB-dən bildirilib ki, hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib. 

1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

***

TƏBİB-in yaydığı məlumata görə, hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib. 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb.

Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Gülnar Əliyeva